“Bir adama oxşamaz var, bütün media ondan danışır” - Ağacan Əbiyev

25-05-2019, 09:19           
“Bir adama oxşamaz var, bütün media ondan danışır” - Ağacan Əbiyev
Dünya siyasətində məşhur “ingilis barmağı” ifadəsi bu günlərdə Azərbaycan üçün olduqca aktualdır. Britaniya mediasının bu həşirinin səbəbi aydın deyil: yol uzaqdır, Mxitaryana təhlükə var, təyyarələr London havasını korlayır, hotellər bahadır, biletlərin yarısı qaytarılıb və sair...

İngilislərə ilk və hələ ki son dəfə dünya çempionluğunu nəsib etmiş azərbaycanlı hakim Tofiq Bəhramovun vətənində iki ingilisdən birinin Avroliqanın kubokunu başı üzərinə qaldırmaq şansı yaranmışkən antitəbliğat kampaniyası qurublar.

1994-cü ildən Bakı neftini daşıyan ingilis şirkəti bp üçün heç bir təhlükə olmayan Azərbaycanda niyəsə görə indi vahiməli bir mühit var. Axı ingilislər bizdən niyə üz döndərir?

Deputat, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Ağacan Əbiyev “Yeni Müsavat”a bildirdi ki, Britaniyanın hansısa bir qəzetinin yazdığı cəfəngiyyata əhəmiyyət verməli deyilik.

Onun sözlərinə görə, İngiltərədə yalnız bir qəzet Azərbaycandakı yarışla bağlı boş-boş məlumatlar yayır. “O qəzet nədir ki, Azərbaycana qarşı qərəzli olsun? Bütün bunlar boş-boş söhbətlərdir. Onların hansısa qəzetinin yazdığını bütün Britaniyanın bizə qarşı kampaniyası kimi təqdim etmək olmaz. Hər eləsinə cavab versək, onda gərək işimizi bir kənara qoyaq, bunlarla məşğul olaq” – deyə, A.Əbiyev qeyd etdi.

Deputat bildirdi ki, idmanı siyasətə qarışdırmaq olmaz: “Sadəcə, yarış ətrafında oyun düzəldirlər. Yarış qalıb kənarda, xırda işləri şişirdirik. Bizim mətbuat da gərək onlara fikir verməsin. Sonra özümüz şişirtdiyimiz o kiçik məsələdən qorxmağa başlayırıq. Mən 1953-cü ildən idmanla məşğulam, çempion olmuşam. İdmandan vətənpərvərliyin təbliği üçün istifadə etmək lazımdır. Bəziləri hərdən bundan sui-istifadə edirlər”.

A.Əbiyevin fikrincə, Azərbaycan həmişə olduğu kimi, bu yarışı da yüksək səviyyədə təşkil edəcək: “Belə kampaniyalara fikir verməyək. Hər danışılan qeybətə əhəmiyyət verməli deyilik. Kimsə hasarın tinində nəsə danışır, biz də münasibət bildiririk. Mən 15 il döyüşmüşəm, idman yarışlarına ermənilər də gəlib, onlara qalib gəlmişik. Bu günə kimi də hansısa təxribat yaşanmayıb. İdman siyasətə gərək qarışmasın, qarışanda yarış mənasını itirir, siyasətə çevrilir. Bunu bir idmançı kimi deyirəm.

Biz Bakıda boks üzrə dünya çempionatı keçirmişdik, Ermənistan yığması üç idmançı ilə gəlmişdi. Heç kəs bilmədi ki, onlar gəliblər. Onlar kim idi ki, xüsusi qabardardıq? İndi “Arsenal”da o qədər oyunçu var, bir bu ermənidən danışırıq. Elə bil ki, o komanda yoxdur, tək erməni gəlib. Pele gəlsə ondan danışaq. Biz özümüzə yüksək qiymət verməliyik. Çünki ermənilərdən hər sahədə üstünük. Erməni idmançılar bura gəliblər, qalib gəlmişik, hay-küy də olmayıb. Bu cür söhbətləri ortaya atırlar ki, oyun kənarda qalsın. Sonra istəyirlər ki, müzakirə genişlənsin, reaksiya verək və söhbət uzansın. Biz reaksiya verməməliyik".

Federasiya rəsmisi yada saldı ki, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları ərəfəsində də kimlərsə uğursuz kampaniyalar təşkil eləmişdilər: "Özləri deyib, özləri eşitdilər. Nə oldu ki? Biz yarışları yüksək səviyyədə keçirdik, qaliblər medallarını qazandılar, şəhərin qonaqları rahat, sərbəst şəkildə gəzdilər. Onlar elə bilirlər ki, belə söhbətlər reytinqi qaldırır. Bu məsələləri böyütmək lazım deyil. Bir söhbəti ortaya atırlar, mal dərisi kimi dartırlar. Bir adamaoxşamaz erməni var, bütün media ondan danışır. Kimdir ki o ? Biz ondan niyə danışmalıyıq? Ronaldo deyil, Messi deyil, başımıza çıxarıblar. Orada türk futbolçu da var. Ondan danışmaq, öz idmanımızdakı uğurlardan söz açmaq lazımdır. Bizim işimiz isə yüksək səviyyədə, dövlətin adına-sanına uyğun yarış təşkil etməkdir".

“Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub” - vitse-spiker Bahar Muradova Modern.az-a belə deyib. Vitse - spiker final oyunu barədə əlavə şərhə ehtiyac duymur: “Bakı futbol həyəcanını və sevincini yaşamaq istəyən həm oyunçuları, həm də qonaqları qarşılamağa tam hazırdır”.

Deputat Sevinc Fətəliyeva isə hesab edir ki, manipulyasiyalar nəticəsiz qalacaq və ölkəmiz növbəti dəfə idman tarixinə mükəmməlliyi ilə yeni səhifə əlavə edəcək. O, “Amnesty İnternational” təşkilatının final barədə fikirlərinə münasibət bildirərkən vurğulayıb ki, beynəlxalq idman yarışının siyasiləşdirilməsi anti-Azərbaycan qüvvələrin qərəzinin nümunəsidir.

Sitat: “Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu cür məsələ müzakirə mövzusu ola da bilməz. Mxitaryan son dövrlər heç bir maraqlı performans və peşəkar oyun təqdim etmir, karyerası bitməkdə olan bir idmançının məqsədi reytinq qazanmaq istəyi və piarının təşkilidir”.

“Bakı Avropa Liqasının final matçına hazırdır. Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandır”.

Bunları gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə “Anadolu” agentliyinə açıqlamasında deyib.

Nazir bildirib ki, UEFA rəsmiləri matçın baş tutacağı Bakı Olimpiya Stadionunu təftiş ediblər və 5 ballıq şkala ilə 4,5 bal qiymət veriblər:

“Bu, hər bir metri planlı şəkildə inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb.

Bunadək Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula 1" kimi nəhəng yarışlara ev sahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik. Azarkeşlər bu matçı səbirsizliklə gözləyirlər. Gərgin matç olacaq”.

Qeyd edək ki, mayın 29-da keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.