Oqtay Əsədovun kreslosunda kim əyləşə bilər? - “Gürcüstanda olanlar, sadəcə, bəhanələrdir”

26-06-2019, 09:27           
Oqtay Əsədovun kreslosunda kim əyləşə bilər? - “Gürcüstanda olanlar, sadəcə, bəhanələrdir”
Gürcüstanda günlərdir davam edən etirazlar artan xətlə gedir. Rusiya Dumasının deputatı Sergey Qavrilovun Tiflisdə keçirilən Pravoslav Parlament Assambleyasının iclasında Gürcüstan parlamenti sədrinin yerində əyləşməsindən sonra gürcülərin ayağa qalxması Azərbaycanda da bir sıra müzakirələrə səbəb olub.

Ölkəmizdə bu tipli hal baş verərsə, etiraz dalğalarının baş verib-verməyəcəyi yönündə müxtəlif mülahizələr səsləndirilir. Bununla bağlı protokol qaydasının olub-olmadığı, eləcə də hansı hallarda Milli Məclisin spikerinin kreslosunda kənar bir şəxsin əyləşə biləcəyi ciddi suallar doğurur. Hansı ölkənin nümayəndəsinin belə bir özbaşınalığa, saymamazlığa yol verəcəyi təqdirdə bunun Azərbaycanda etirazla qarşılan biləcəyi də müzakirələr sırasındadır.

Heç şübhəsiz ki, gürcülərin bu etirazlarının kökündə 2008-ci ildə Rusiyanın onların ərazilərinə təcavüz etməsi dayanır. Vaxtilə ermənilər də məhz rusların birbaşa dəstəyi ilə ərazilərimizə təcavüz ediblər. Bu fakt Gürcüstan hadisələrini Azərbaycanda daha da aktual edib.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında qaydalardan söz açdı: “Azərbaycanda protokol qaydaları var. Bu qaydalara əsasən, dövlət heyəti protokola uyğun şəkildə düzülür, addım atır. Burada spikerin də öz yeri var. Bunlar da konstitusiyada nəzərdə tutulan məsələlərdir. Ardıcıllıqla dövlət protokoluna uyğun şəkildə kim hansı vəzifəni tutursa, bu qaydalara əməl edir. Türkiyədə tamam fərqli bir sistem var. Orada müxalifət üçün də protokolla yer nəzərdə tutulur. Bizim parlament proporsional seçki sistemi ilə müəyyən olunmadığı üçün müxalifətlə bağlı belə bir qayda yoxdur. Amma spiker üçün protokol qaydaları nəzərdə tutulur və ona da əməl olunur”.

Deputat Gürcüstanda baş verən hadisələrin Azərbaycanda təkrarlanacağına inanmır: “İnanmıram ki, ölkəmizdə belə hadisələr baş versin. Gürcüstanda olanlar, sadəcə, bəhanələrdir. İndiyə qədər yüzlərlə hadisə baş verib. Yaranmış situasiya bir şeylə əlaqələndirilməlidir. Çox güman ki, elə buna uyğun da addımlar atıldı. Azərbaycanda belə bir ənənə yoxdur və bunun olması da real deyil. Hər bir dövlət məmuru anlayır ki, belə bir yanlışlıqlara yol vermək olmaz. Kreslo var ki, orada başqa ölkənin təmsilçisinin əyləşməsi mümkün deyil”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Azərbaycanda bu cür hal baş verərsə, etirazların olacağını düşünür: “Bildiyim və gördüyüm qədər dünyada parlamentlərə daxil olmaq, parlament sədrindən başlamış, deputatların yerlərində simvolik olaraq oturmaq normal bir qaydadır. Yəni bu təbii ki, iclas olmayan zaman, hansısa beynəlxalq tədbir zamanı, yaxud müxtəlif təbəqədən olan insanları parlamentlərə ekskursiyaya yaxud tanışlığa apararkən baş verir. Mənim özüm 20 ildən artıqdır ki, müxtəlif tədbirlər zamanı iştirakçılarla birlikdə bir çox ölkələrin parlamentlərində olmuşam. Demək olar ki, hamı spikerin yerində oturaraq xatirə şəkili çəkdirir. Eyni zamanda təcrübədə o da var ki, parlamentin iclas zalı müxtəlif tədbirlərin keçirilməsi üçün salon kimi istifadə olunur. O zaman da iclasın aparıcıları spikerin, iştirakçılar isə deputatların yerində əyləşirlər. Burada da bir problem yoxdur. Niyə də olmalıdır? Mən Azərbaycan parlamentində olmamışam və orada olan qaydalarla da tanış deyiləm.

Amma inanmıram ki, orada fərqli qayda olsun. Gürcüstanda baş verən olaylar spikerin yerində oturmaqdan yox, kimin oturmasından sonra baş verib. İnandırıram ki, əgər Gürcüstanın ərazi bütövlüyünə həqarət edən biriləri o zalda olmasaydı, gürcü xalqını spikerin yerində kimin oturması maraqlandırmayacaqdı. Problem yalnız orada oturan fərdin kimliyindən və hökumətin onun kimliyini bilə-bilə Gürcüstana gəlməyinə razılıq verib, parlamentin əsas kreslosunda oturmasına icazə verməsindən qaynaqlanır. O başqa məsələdir ki, müxalifət bunu körükləməsə idi, hadisələr bu səviyyəyə qalxmazdı. Amma müxalifətin də vəzifəsi hakimiyyətin buraxdığı belə kobud səhvlərdən istifadə edib, siyasətini qurmaqdan ibarətdir. Hesab edirəm ki, Dağlıq Qarabağın müstəqil olmasını bəyan etməklə ərazi bütövlüyümüzü təhqir edən, yaxud milli təhlükəsizliyimizi təhdid edən bəyanatlar verən istənilən bir siyasətçinin ölkəyə girişinə icazə verilə bilməz, buna heç bir şərtlər altında gedilməməlidir. Yox, əgər bu addım atılarsa, həmin adamı nəinki spikerin yerində, hətta deputatların yerində oturdarlarsa, buna mütləq etiraz olunmalıdır və düşünürəm ki, olunacaq da. Amma bunun hansı səviyyədə olacağını təəssüf ki, bu gün deyə bilmərəm. Bu qəbildən apardığı verilişlərdə Azərbaycanı aşağılayan, hətta təhqir edən Salovyovun keçən illərdə ölkəyə dəvət olunmasını belə yanlış sayıram. O tip insanların məkrli fikirlərini dəyişmək mümkün deyil. Baxmayaraq ki, onu haradasa aparıb oturtmamışdılar”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.