Qarabağda ATƏT vasitəçiliyi iflas olub - GƏLİŞMƏ

2-07-2019, 11:59           
Qarabağda ATƏT vasitəçiliyi iflas olub - GƏLİŞMƏ
2019-cu ilin birinci yarısı arxada qaldı. Təəssüf ki, Dağlıq Qarabağ konflikti ilə bağlı bu ilə bəslənilən kövrək ümidlər ilin ilk 6 ayında özünü doğrultmadı. İşğalçı Ermənistanda hakimiyyət dəyişikliyindən dolayı pozitiv gözləntilər puç oldu. Nə iki ölkənin rəhbərləri, nə də XİN başçıları arasında reallaşan görüşlər nizamlama prosesinə dinamizm gətirə bilmədi. Düşmən ölkənin yeni rəhbərliyi nəinki özündən əvvəlki xunta rejiminin destruktiv siyasətindən imtina etmədi, əksinə, bu siyasəti daha qaba, daha aqressiv və absurd məcrada davam etdirmək kursu götürdü.

Rəsmi İrəvanın bu mövqeyi təbii ki, sülh anlaşmasını deyil, müharibəni yaxınlaşdırmaqdadır. Ermənistanda “məxməri inqilab”dan keçən bir ildən çox müddətdə Nikol Paşinyan iqtidarı münaqişə tərəfləri arasında minimum etimad atmosferi yaratmaq üçün Bakının əsir və girovları “Hamını hamıya” prinsipi üzrə, qeyd-şərtsiz qaytarılması təklifini də qulaqardı etdi. Bu azmış kimi, Ermənistanın müdafiə nazir David Tonoyan Azərbaycanı yeni ərazi işğalı ilə hədələdi.

*****

Azərbaycan sözsüz ki, yaranmış situasiyanın, işğalçı tərəfin hərbi-siyasi rəhbərlərinin verdikləri bu və başqa təxribatçı bəyanatların, habelə davam edən destruktiv mövqeyinin fərqindədir. Bakıda yaxşı anlayırlar ki, bu minvalla işğal rejiminin sonu gəlməyəcək və sonu yaxınlaşdırmaq üçün müstəsna olaraq Azərbaycan ordusunun hərəkətə keçməsi lazım gələcək. Bu, uğurlu lokal əməliyyat şəklində də ola bilər, daha geniş hərbi kampaniya şəklində də.

Şübhə yox ki, Ermənistan rəhbərliyinin davranışları, onun sülh prosesini bir az da dalana soxan mövqeyi, Dağlıq Qarabağdakı separatçı rejimi danışıqlara qoşmaq üçün irəli sürdüyü absurd şərti həmin günü yaxınlaşdırır. O günə kimi isə Azərbaycan şübhə yox ki, öz hərbi arsenalını və ordusunun döyüş qabiliyyətini artırmağa davam edəcək. Söhbət həm də dost və tərəfdaş əlaqələrində olduğumuz ölkələrdən ən müasir döyüş maşınları və sistemlərinin alınmasından gedir.

Yeri gəlmişkən, bu arada məlum olub ki, Rusiya Azərbaycana istənilən növ döyüş təyyarələri satmağa hazırdır. Azeridefence.com nəşri xəbər verir ki, bu barədə Rusiyada təşkil edilmiş “Army-2019" Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.

Təşkilat rəsmilərinin sözlərinə görə, forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib: “Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”.

Korporasiya nümayəndələri bildiriblər ki, ötən illərdə Azərbaycana “Su-30SM” və “MiQ-35" təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib. ”Army-2019" Forumunda Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, “Su-34" və ”Su-35" döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib. Rusiya tərəfi adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

*****

Azərbaycan özünün hərbi arsenalını gücləndirmək üçün sözsüz ki, qardaş Türkiyə, İsrail, Pakistan, Belarus kimi dövlətlərlə də sıx əməkdaşlıq içindədir. Bundan əlavə, Bakının özünün hərbi-sənaye kompleksinin inkişafına mühüm diqqət yetirilir. Adıçəkilən ölkələrlə ölkəmizdə müştərək hərbi müəssisələrin yaradılması yönündə işlər uğurla davam edir.

Əlbəttə ki, qeyd edilənlər Azərbaycanın üstün iqtisadi-maliyyə potensialının aşkar göstəriciləri olmaqla yanaşı, işğalçı Ermənistana müharibə variantında onu nələrin gözlədiyi barədə xəbərdarlıqdır. Eyni zamanda Dağlıq Qarabağ probleminin dinc həlli üçün görəvləndirilmiş, lakin 26 ildə heç bir nəticəyə malik olmamış ATƏT-in Minsk Qrupu həmsədrlərinə tələsmək üçün bir mesajdır.

Fakt budur ki, vasitəçilər 2019-cu ilin birinci yarısında da sülh prosesini irəli aparmaq üçün yadda qalan fəaliyyətdə bulunmadılar. Onların əsas qayğısı nəyin bahasına olur-olsun, atəşkəs rejimini qoruyub saxlamaqdan ibarət oldu. Əslində illərdir nizamlama prosesinin dalanda qalmasının baş səbəbi elə ATƏT vasitəçiliyinin iflasıdır. Bunun da kökündə təbii ki, həmsədrlərin işğalçı Ermənistanla ərazisinin 20%-i on illərdir işğal altında olan Azərbaycana eyni gözlə baxması, onların arasında bərabərlik qoyması, hətta bəzən təcavüzkarın nazı ilə oynaması dayanır. Halbuki BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum 4 qətnaməsi, AŞ PA-nın, Avropa Parlamentinin, NATO Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmamaq Hərəkatının qəbul elədiyi qərar və qətnamələr bu bərabərliyi və qayğını yerli-dibli istisna edir.

Aydın məsələdir ki, özünü qərəzsiz aparmalı olan vasitəçilərin belə qərəzli, ədalətsiz və ikili yanaşması davam etdikcə, sülh anlaşmasından danışmaq mümkün olmayacaq. Deməli, müharibə təhlükəsi də daim aktual qalacaq. Başqa sözlə, münaqişə bölgəsində yeni və dağıdıcı müharibənin səbəbkarı Ermənistanla yanaşı, vasitəçi dövlətlər də olacaq.

Vəziyyəti həssas və daha təhlükəli edən faktorlardan biri də digər münaqişəli bölgələrdən fərqli olaraq, Dağlıq Qarabağ konflikti zonasında qarşı duran tərəflər arasında beynəlxalq ayrıcı qüvvələrin olmamasıdır. Bu da problemin həllini surətləndirməyi zəruri edən əlavə və çox mühüm özəllikdir. Hələ ki atəşkəs pis-yaxşı qorunur. Ancaq on illərdir sülhə gətirməyən atəşkəsin müharibə ilə yekunlaşa biləcəyi də gərək yaddan çıxarılmasın. Xüsusən də atəşkəs üzərində əsən Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən... \\musavat.com\\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.