Milli Məclisin növbədənkənar sessiyasının çağırılacağı ilə bağlı xəbərə rəsmi reaksiya

2-07-2019, 16:16           
Milli Məclisin növbədənkənar sessiyasının çağırılacağı ilə bağlı xəbərə rəsmi reaksiya
Milli Məclisin növbədənkənar iclasının çağırılacağı barədə mətbuatda məlumat yayılıb.

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov Musavat.com-a bununla bağlı açıqlamasında bildirdi ki, yayılan məlumatlarda bəzi düzəlişlərə ehtiyac var: “Əslində növbədənkənar iclas bitməyib ki, yenidən çağırılsın. Milli Məclisin daxili nizamnaməsinə və millət vəkillərinin müraciətinə əsasən növbədənkənar iclasları keçirilir. Yəni növbədənkənar sessiya hələ bitməyib”.

A.Nəsirov qeyd etdi ki, yaz sessiyası 31 mayda başa çatıb, iyun ayında növbədənkənar iclas çağırılb. Ancaq iyul ayının ilk yarısınadək daha iki iclasın keçirilməsi nəzərdə tutulur: “Növbədənkənar sessiyanın bir neçə iclası keçirilib, növbəti iclaslar da keçiriləcək. Yəni burada qeyri-adi, sensasion heç nə yoxdur”.

Mətbuat xidmətinin rəhbəri növbədənkənar sessiyada növbədənkənar parlament seçkiləri ilə bağlı hansısa qərarın veriləcəyi haqda yayılan xəbərləri də təkzib etdi.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyası əvvəlki illərdə də iyun ayında çağırılıb və deputatlar iyunun sonunda tətilə çıxıblar. Lakin bu il ilk dəfə parlament iyulun 15-dək işləməyə qərar verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.