Məhkəmə islahatları niyə ləng gedir? - Əlavə 200 hakim təyinatı olacaq

9-07-2019, 12:44           
Məhkəmə islahatları niyə ləng gedir? - Əlavə 200 hakim təyinatı olacaq
Azərbaycanda müxtəlif istiqamətlərdə aparılan islahatlardan daha vacibi məhkəmə-hüquq sistemi sahəsindəki islahatlardır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün Milli Məclisin plenar iclasında sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxılması üzrə ixtisaslaşmış məhkəmələrin yaradılmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunacaq:

“Bu qanun layihəsi kommersiya çəkişmələrinə baxacaq əlavə 200 hakimin təyinatının təsdiq edilməsini də nəzərdə tutur”.

Millət vəkili məhkəmə-hüquq sistemində islahatlaların ləng şəkildə həyata keçirildiyinə diqqət çəkib:

“Təəssüf ki, Azərbaycanda məhkəmə-hüquq sistemi islahatları çox yavaş gedir. Ən ciddi məsələ kadr islahatları ilə bağlıdır, çünki məhkəmə fəaliyyəti ilə məşğul olan kadrlar müvafiq bilik və bacarığa sahib olmalıdırlar. Məhkəmə-hüquq sistemindəki mövcud ciddi problemlər ölkə əhalisini çox narahat edir”.

V.Əhmədov qeyd edib ki, deputatların məhkəmə-hüquq sistemində aparılan islahatlardan böyük gözləntiləri var:

“Bu sahəyə diqqətin gücləndirilməsini zəruri hesab edirəm. Ölkə əhalisi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsini müsbət qəbul edəcək, islahatlar sahibkarların məhkəmələrə müraciəti üçün şəraiti yüngülləşdirəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərman ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyır.

Dövlət başçısı aprelin 3-də “Mediasiya haqqında” qanunu da təsdiqləyib. Qanun vasitəçinin iştirakı ilə mübahisələrin nizamlanmasının alternativ prosedurlarını tənzimləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.