Bu dəfə Ermənistanda hakimiyyət dəyişikliyini ABŞ yox, Rusiya təşkil edəcək... - TƏHLİL

10-07-2019, 10:30           
Bu dəfə Ermənistanda hakimiyyət dəyişikliyini ABŞ yox, Rusiya təşkil edəcək... - TƏHLİL
Ermənistanda inqilab dalğasında hakimiyyətə qərbçi kimi gələn Nikol Paşinyan Qərbin ondan gözləntilərini doğrulda bilmir. Qərbin-ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (İRİ) keçirdiyi rəy sorğusu Paşinyanı ölkədə ikinci şəxsə çevirib, prezident Armen Sarkisyanın reytinqinin artdığı bəlli olub. Bu da demokratiya paytaxtlarının “iki stul” siyasəti aparmağa çalışan Paşinyana özünəməxsus mesajı sayıla bilər. Belə görünür ki, Qərb, ABŞ ciddi şəkildə Paşinyana alternativ axtarışına çıxıb.

Xatırladaq ki, Ermənistanda “məxməri inqilab”ın baş verməsində mühüm rol oynamış ABŞ Nikol Paşinyandan ilk növbədə Ermənistanı tədricən Rusiya orbitindən uzaqlaşdırmağı gözləyirdi. Bunun da yolu kimi ona Dağlıq Qarabağ konfliktinin həllində ciddi addımlar atıb, qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri tezliklə qaydaya salmaq təklif olunurdu. Bu ismarışlar həm ABŞ prezidenti Donald Trampın bu ilin fevralında Paşinyana göndərdiyi təbrik məktubunda əksini tapmış, həm də onun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton tərəfindən ötən ilin oktyabrında İrəvanda ona şəxsən çatdırılmışdı. Lakin hakimiyyətinin ikinci ilini yaşayan Paşinyan bu gözləntilərin heç birini doğrultmayıb.

Bu mövzuda “Yeni Müsavat”a danışan politoloq Natiq Miri bildirdi ki, ABŞ-ın Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq yox, onu sıxışdırmaq və tələsdirmək planının dövriyyəyə buraxıldığından danışmaq mümkündür: “İndiki vəziyyətdə qərbyönümlü erməni toplumunu məhz Qərbə inteqrasiya, Rusiyadan uzaqlaşma ideyası altında birləşdirib inqilab edib yeni bir hökumət formalaşdırandan sonra bu toplumu indi qərbyönümlü hökumət başçısına qarşı qaldırmaq o qədər asan olmaz. Potensial olaraq Ermənistanda bu gün ciddi mənada Qərbə inteqrasiya yönündə daha ciddi addımlar ata biləcək, Ermənistanın iqtisadi, siyasi, hüquqi və hərbi sistemini kökündən dəyişdirə biləcək fiqur, qüvvə yoxdur. Armen Sarkisyan qərbmeylli olsa da onun Paşinyanın komandası kimi komandası mövcud deyil. Bunların olmaması da Paşinyanı dəyişmək istəyənləri tərəddüd içərisində qoyur və onları hərəkətə keçməkdən dayandırır. Ermənistanda Paşinyan hökumətindən kənarda da Qərbə inteqrasiya tərəfdarları olsa da, onların Paşinyandan önə keçmək imkanları yoxdur. Bu gün əksər güc mərkəzləri daha çox Rusiyanın nəzarəti altındadır, Rusiya tərəfindən idarə olunur. Belə vəziyyətdə Paşinyan Qərbə doğru siyasətdə bundan artığını edə bilmir. Qərbdə də bunun fərqindədirlər. Nəzəri baxımdan Ermənistanda hakimiyyət dəyişikliyi mümkündür. Ancaq hakimiyyət dəyişikliyi olsa, bunu ABŞ yox, Rusiya təşkil edəcək. Rusiyanın təşkil edəcəyi hakimiyyət dəyişikliyinin nəticələri isə təbii ki, ABŞ-ın maraqlarına qarşı olacaq. Rusiyanın hələ ki Ermənistanda hakimiyyət dəyişikliyi etməməsinin səbəbi odur ki, hələ daxildə ictimai rəy Paşinyanın və onun hökumətinin əleyhinə deyil. Paşinyan inqilab zamanı yığdığı reytinqi hələ xərcləyib qurtarmayıb. Rusiya sakit oturmayıb və Paşinyanı hakimiyyətdən asanlıqla uzaqlaşdırmaq üçün həm hazırlıq görür, həm də bu planı asanlıqla həyata keçirmək üçün münbit zəmin yaranmasını gözləyir. Paşinyan da bunun fərqindədir və hesab edir ki, Moskva Robert Köçəryanın başçılığı ilə Qarabağ klanını hakimiyyətə gətirəcək. Paşinyanı bir tərəfdən Qərb sıxır, bir tərəfdən də arxasında Rusiya olan Qarabağ klanı pusquda dayanıb Paşinyanın Qarabağ məsələsinin həllinə yönəlik strateji addım atmasını gözləyir”.

Politoloq qeyd etdi ki, Ermənistan cəmiyyətində Qarabağ məsələsində sülh razılaşmasına getməyin zəruri olduğu rəyi formalaşmayınca Paşinyanın sülh razılaşmasına gedəcəyi mümkün deyil: “Bunun üçün Paşinyan Ermənistanda öz hökumətinin dayaqlarının daha dərinə nüfuz etməsinə çalışmalı idi. Hələlik biz bu yöndə ciddi səmərə verən fəaliyyət görmürük. Paşinyan hökumətində çox ciddi çatışmamazlılar mövcuddur. Bu çatışmazlıqlar hökumətin dayaqlarını möhkəmləndirməyə mane olur. Nikol Paşinyan hakimiyyətini qorumaq üçün çarpışır. Belə vəziyyətdə olan hökumət başçısının Qarabağ məsələsində riskləri üzərinə alıb sülh razılaşmasına imza atması ehtimalı sıfıra yaxındır. Paşinyan güzəştə gedəcəyi halda Qarabağ klanının əlinə onu devirmək üçün fürsət verəcəyini bilir. Ermənistan cəmiyyəti Qarabağ məsələsində güzəştə getməyə meylli olsa Paşinyan riskə gedər və Qarabağ klanı istəsə də onu devirə bilməz. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanda ictimai rəy Qarabağ məsələsində hələ də maksimalist, geriyə bir addım da atmamaq mövqeyindədir. Bu vəziyyət isə Qarabağ klanının işinə yarayır. Bütün bu problemlər həll olmadıqca Paşinyan Qarabağ məsələsinin həlli istiqamətində ciddi addım atmayacaq. Ona görə də Qarabağ məsələsinin həlli üçün Paşinyandan ciddi bir addım atacağını gözləmək mənasızdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.