Qarabağ ətrafında nə baş verir? – Ziddiyyətlər artır

10-07-2019, 11:10           
Qarabağ ətrafında nə baş verir? – Ziddiyyətlər artır
Ermənistan və Rusiyanın xarici işlər nazirləri ATƏT-in nazirlər toplantısı çərçivəsində Slovakiyada müxtəlif məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da müzakirə ediblər. Teref.az xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Nəzərə alsaq ki, Mnatsakanyan bir gün öncə Qarabağda olub, bu mesajda xüsusi bir şey yoxdur. O, yerli rəhbərliyi əmin edib ki, Yerevan nizamlanma məsələsində güzəştə getməyəcək və həlledici söz Qarabağındır.

Qarabağın özündə yaranmış gərginlik olmasa, bu məlumatda da yeni bir şey yoxdur. Artıq Qarabağda Nikol Paşinyan hökumətinin siyasəti ilə bağlı narazılığı gizlətmirlər.

Vəziyyət Paşinyanın Qarabağı "təslim etməyə" hazır olması (Paşinyanın baş katib Stoltenberqə məktubu) barədə saxta məlumatlar, Paşinyanın hərəkətlərini tənqid edənlərin (Qarabağ Təhlükəsizlik Şurasının rəhbəri Vitali Balasanyanın istefası) təqib olunması və Qarabağda bir sıra yüksək vəzifəli şəxslərin işdən çıxarılması ilə gərginləşir.

Bu fonda Qarabağ Təhlükəsizlik Xidməti bəyanatla çıxış edib ki, "konstitusiya qaydalarını pozmaq" cəhdlərinə görə qətiyyətli tədbirlər görüləcək.

Bu xəbərdarlıq Dağlıq Qarabağ qüvvələrinin keçmiş komandanı Samvel Babayanın imza toplanışından 10 gün öncə səslənmişdi. O 2020-ci ildə keçiriləcək "Qarabağ prezidenti" seçkilərində iştirak etməyə çalışır.

Lakin hazırda o, namizəd ola bilməz. Çünki son 10 ildə Qarabağda yaşamayıb. Ona görə də S.Babayan bu məhdudiyyəti aradan qaldırmaq üçün qanunvericiliyin dəyişdirilməsi məqsədilə imza toplayıb.

S.Babayan fəal təşviqat aparır, adamları inandırır ki, ona maneçilik törədirlər, çünki qorxurlar. Ancaq ən maraqlısı odur ki, S.Babayan hədə-qorxu gəlib ki, əgər ona mane olsalar (yerli hakimiyyət) öz tərəfdarlarını küçələrə çıxaracaq.

Təhlükəsizlik Xidmətinin xəbərdarlığı göstərir ki, Qarabağda hakimiyyət S.Babayanın idarəçiliyinə imkan verməyəcək.

Eyni zamanda rəhbərliyin nəzarətində olan KİV-lərdə məlumatlar yayılır ki, S.Babayan iğtişaşlara sövq etmək və sabitliyi pozmaq niyyətindədir. Bu, Qarabağ nizamlanması məsələsinin Qarabağın Rusiyanın mandatına verilməsi formatında həlli məqsədilə edilir.

Qeyd edək ki, Ermənistanın siyasi qüvvələrinin bir hissəsi və Qarabağ əhalisi S.Babayanı dəstəkləyir. Əsasən nüfuzlu Daşnaksütyun Partiyası vahid namizədin irəli sürülməsi ilə bağlı məsləhətləşmələrə başlamaq niyyətindədir. Belə fikirlər var ki, daşnaklar S.Babayanı dəstəkləyəcək.

Turan İA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.