Avropa İttifaqı ilə Azərbaycan arasında ciddi yaxınlaşma

11-07-2019, 08:51           
Avropa İttifaqı ilə Azərbaycan arasında ciddi yaxınlaşma
Tuskun Bakı səfərindən çıxan əsas nəticə; ekspert deyir ki...
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri başa çatıb. Xəbər verdiyimiz kimi, o, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparıb. Görüşdən sonra İlham Əliyev və Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan prezidenti bəyanatında bildirib ki, bu, Tuskun ölkəmizə ikinci səfəridir. “Cənab prezidentin bugünkü səfəri bir daha onu nümayiş etdirir ki, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələrin çox müsbət dinamikası var. Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlərimiz zamanı biz ikitərəfli əməkdaşlığımıza dair geniş spektrli məsələləri, regional inkişaf və təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqları müzakirə etdik. Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq. Ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olundu. Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur”.

Dövlət başçısının sözlərinə görə, görüşdə həmçinin enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı məsələlər müzakirə edilib. “Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq. Biz digər sektorlarda da yaxşı əməkdaşlıq edirik. Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Mən bu əlaqələrin inkişafına verdiyi şəxsi töhfəyə görə xüsusilə prezident Tuska minnətdarlığımı bildirmək istərdim. O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir. Onun bizim yaxınlaşmağımızda rolu çox mühümdür. Biz də öz tərəfimizdən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük. Mən həmçinin qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir”, - deyə prezident qeyd edib.

Donald Tuskun bəyanatında isə bildirilib ki, Azərbaycan çox nadirdir, özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə Azərbaycan həm Şərqə, həm də Qərbə doğru baxır: “Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək. Əlbəttə ki, biz bizi sözün həqiqi mənasında birləşdirən Cənub Qaz Dəhlizini unutmamalıyıq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir. Prezident Əliyevlə apardığım müzakirələrdə mən Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün Avropa İttifaqının hazır olduğunu bir daha təsdiq etdim və eyni zamanda bizim qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara nə qədər böyük önəm verdiyimizi vurğuladım. Avropa İttifaqı hesab edir ki, həqiqətən açıq olan cəmiyyət uzunmüddətli sabitliyin və bütün vətəndaşlar üçün yaxşı həyatın ən gözəl təminatıdır.

Regionda sabitliyə istinad edərək biz, həmçinin həll olunmamış Dağlıq-Qarabağ münaqişəsini də müzakirə etdik. Bu münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyası yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir".

Donald Tusk BBC News Azərbaycancaya eksklüziv açıqlamasında isə bildirib ki, Azərbaycan və Aİ arasında imzalanması gözlənən sazişdə insan haqları prioritetlərdən biridir: “Şübhə yox ki, insan haqları mənim diqqətimdədir. Mən prezident İlham Əliyevlə görüşdə bu mövzuda çox açıq idim. İnsan haqları bizim təklifimizin və gələcək müqaviləmizin əsas prioritetlərindən biridir. İnsan hüquqları ən yüksək prioritetimizdir”.

Amma o, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin nə zaman imzalanacağı ilə bağlı suala cavab verə bilməyəcəyini deyib. Tusk Bakı səfəri başa çatdıqdan sonra Azərbaycan dilində twitterdə status paylaşıb. Statusda deyilir: “Azərbaycan adət-ənənələri və müasirliyi özündə cəmləşdirən, Şərqi və Qərbi əks etdirən təkrarolunmaz bir ölkədir. İldən-ilə Avropa ilə Azərbaycan bir-birinə daha da yaxınlaşır. Bu gün mən Aİ-nin əməkdaşlığımızı daha da dərinləşdirməyə hazır olduğunu bir daha vurğuladım”.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Tuskun iyulun 9-da prezident İlham Əliyevlə görüşündə bir neçə amil diqqət çəkib: “Birincisi, Azərbaycanın iştirakçısı olduğu enerji layihələri və qazın Avropaya çatdırılması ətrafında fikir mübadiləsi aparıldı. Tusk bu əməkdaşlığı yüksək qiymətləndirdi və İlham Əliyevin bu istiqamətdəki səylərini dəstəklədiklərini dedi. İkincisi, İlham Əliyev diqqəti Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının işğal altında qalmasına yönəltdi. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də göstərir. Üçüncüsü, Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlıq sazişinin imzalanması vacibliyi vurğulandı. Danışıqlar hələ davam edir. Sənədin böyük hissəsi artır hazırdır. Dördüncüsü, Donald Tusk İlham Əliyevlə görüşdə qanunun aliliyinə, insan haqları və digər azadlıqlara diqqəti çəkdi. Yəni Tusk demək istədi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda enerji və təhlükəsizlik mövzuları ilə yanaşı demokratiya məsələrini də əsas tutacaq. Təsadüfi deyil ki, Tusk prezident İlham Əliyevlə yanaşı Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb, fikir mübadiləsi aparıb. Tuskun səfəri sazişlə bağlı danışıqlara müsbət təsir edə bilər”.

Politoloq onu da dedi ki, bu, Donald Tuskun Avropa İttifaqı Şurasının Prezidenti qismində Azərbaycana son səfəri olub: “Avropa Parlamentinə seçkilər keçirildi. Bu seçkilərdən sonra Avropa İttifaqı strukturlarına yeni şəxslər rəhbər seçildilər. Bu rəhbərlərin seçilməsi üçün Avropa İttifaqına daxil olan dövlətlərin hamısının konsensusu lazımdır. Belə bir konsensus əldə olundu. Buna baxmayaraq, Avropa İttifaqına hələlik rəhbərlik edən şəxslər fəaliyyətlərinə davam edirlər. Azərbaycan gələn ildən başlayaraq Avropaya qaz nəql edəcək. Digər tərəfdən, Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqına üzv ölkələrdir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanması vacibdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.