Rusiya politoloqları “repressiyalara müqavimət göstərməyə” çağırırlar

17-08-2019, 07:43           
Rusiya politoloqları “repressiyalara müqavimət göstərməyə” çağırırlar
Rusiya təhlilçiləri ölkədə siyasi ittihamların qondarılması praktikasının bərpası təhlükəsi olduğunu bildiriblər.

Exo Moskvı radiosunun saytında dərc olunmuş açıq məktubda deyilir: “İstintaq Komitəsinin Moskvada, Yekaterinburqda kütləvi iğtişaşlar barədə qaldırdığı cinayət işləri və buna bənzər proseslər ona gətirib çıxaracaq ki, insanın öz hüquqlarını müdafiə etməsi kütləvi iğtişaşlara çağırış kimi qiymətləndiriləcək”.

Məktubda deyilir ki, qondarma cinayət işlərindən fərqli düşününlərin repressiyalarına, döyülmələrinə, həbslərinə və ləyaqətlərinin alçaldılmasına haqq qazandırılması üçün istifadə edilir.

Politololar yazırlar ki, vətəndaşların Konstitusiyada, İnsan Haqları Bəyannaməsində və başqa beynəlxalq konvensiyalarda təsbit olunmuş sərbəst toplaşma hüququ inzibati cinayətə bərabər tutulur.

Müraciətin müəllifləri “Rusiyanın gələcəyinə biganə olmayanları, vətəndaş azadlığını uca tutanları siyasi repressiya dalğasına qarşı dinc müqavimətin bütün formalarından istifadəyə çağırırlar.

Sözü gedən məktub Sankt Peterburqdakı Avropa Universiteti, Ali İqtisad Məktəbi, Praqadakı Karl Universiteti, Rusiya Vətəndaş Maarifləndirməsi Məktəbinin nümayəndələri, Qleb Pavlovski və başqaları tərəfindən imzalanıb və imzalanma üçün açıq saxlanıb.

Məktub müəlliflərindən politoloq Aleksandr Morozov yazır: “Biz, Rusiyanın daxili və xarici siyasəti ilə 10, 20, 30 il müddətində peşəkar səviyyədə məşğul olanlar sadəcə olaraq şahidi oluruq ki, “Moskva işi” boş yerdən tamamilə qondarılıb”.

O siyasi şərhçiləri, kütləvi informasiya vasitələrinin siyasət şöbələrini, müasir siyasət ekspertlərini etiraz məktubuna qoşulmağa çağırır.

İyulun 27-də Moskvada azad seçki tələbi ilə icazəsiz aksiyalar keçirildikdən sonra İstintaq Komitəsi “kütləvi iğtişaşlara” dair cinayə işi açıb.

Bu iş üzrə ümumilikdə 14 nəfər həbs edilib.

İnsan haqları fəalları bildirirlər ki, Moskvada “kütləvi iğtişaş” kimi qiymətləndiriləcək heç bir hadisə baş verməyib. (azadliq.org)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.