Etibar Məmmədovun vahid namizədliyinə İsa Qəmbər mane olub? - Seçki qərargahının üzvü Pənah Hüseyn qalmaqala aydınlıq gətirir

14-09-2019, 00:00           
Etibar Məmmədovun vahid namizədliyinə İsa Qəmbər mane olub? - Seçki qərargahının üzvü Pənah Hüseyn qalmaqala aydınlıq gətirir
2003-cü il prezident seçkiləri zamanı baş verən hadisələr yenidən gündəmə gəlib.

Belə ki, müxalifətin vahid namizədlə seçkiyə getməklə bağlı təşəbbüsü və vahid namizədlə bağlı qalmaqallı fikirlər səsləndirilib.

Azərbaycanda seçkilərə və seçkilər zamanı siyasi proseslərə xarici müdaxilələr mövzusunda siyasi partiyaların keçirdiyi dəyirmi masada Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, seçkilərə xaricdən müdaxilələr əvvəllər də olub. Onun sözlərinə görə, 2003-cü il prezident seçkilərində AMİP lideri Etibar Məmmədovun prezidentliyə namizəd olmasını xaricdən istəmişdilər. Deputat bu fikirləri hazırda xaricdə yaşayan keçmiş siyasi fəal Qorxmaz Əsgərovun bu yaxınlarda dediklərinə istinadən dilə gətirdiyini vurğulayıb. E.Məmmədovun namizəd olmasını ABŞ Milli Demokratiya İnstitutunun istədiyi iddia edilib.

Bu iddia Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) tərəfindən təkzib edilib. “Ölkənin müxalifət düşərgəsi Etibar Məmmədovun namizədliyi üzərində dayanmışdı. Hətta AXCP, Müsavat, ADP və AMİP liderlərinin Londonda keçirilən zirvə toplantısında müxalifətin vahid namizədi kimi Etibar Məmmədovun irəli sürülməsi barədə ilkin razılığa gəlinmişdi. Sonradan bu razılaşmaya Moskvada mühacirətdə olan sabiq prezident Ayaz Mütəllibov da qoşuldu. Lakin seçki dönəmində iqtidarın təhriki və daxili siyasi yanlışlıqlarla Müsavat başqanı İsa Qəmbər bu razılaşmanı pozdu. Səsverməyə sayılı günlər qalmış ABŞ-da olan ADP sədri Rəsul Quliyev də razılaşmadan imtina edərək ”Bizim Azərbaycan" seçki blokunun namizədi İsa Qəmbəri dəstəklədi. Sonralar Rəsul Quliyev aldadıldığını və Etibar Məmmədovun namizədliyini deyil, İsa Qəmbərin namizədliyini dəstəklədiyinin səhv addım olduğunu etiraf etdi, peşmançılığını açıq şəkildə bəyan etdi", - deyə AMİP Siyasi Şurasının üzvü Əli Orucov “Yeni Müsavat”a açıqlamasında bildirib.

2003-cü il prezident seçkilərində İsa Qəmbərin seçki qərargahının üzvü olmuş Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Cebhe.info-ya açıqlamasında məsələyə aydınlıq gətirib. Bildirib ki, Etibar Məmmədovun 2003-cü ildə hansı xarici qüvvənin namizədi olması haqqında heç bir informasiyası olmayıb və indi də yoxdur:

“Açığı, buna inanmıram. 2003-cü ildə mən İsa Qəmbərin seçki qərargahına daxil olan şəxslərdən biri olmuşam. Söhbət konkret seçki qərargahından deyil, siyasi mənadan gedir. Ümumiyyətlə, İsa Qəmbərin hər hansı bir şəkildə hər hansı şəxsin xeyrinə seçkilərdə namizəd kimi iştirak etməməsi müzakirə mövzusu olmayıb. Bu seçkilərə xeyli qalmış, təxminən 2001-2002-ci illərdə seçki və seçkilərdə vahid namizədlə iştirak haqqında qeyri-rəsmi müzakirələr gedib, o cümlədən də Etibar Məmmədovla. Bəzi görüşlərdə şəxsən iştirak etmişəm. O zaman kimin konkret namizəd olması, kimin seçkidə dəstəklənməsi kimi yox, konkret şəxsiyyəti məlum olmayan, ehtimal olunan vahid namizədin üzərindəki öhdəliklər, onun seçilməsi üçün şərtlər müzakirə olunub. Amma epizodik olub. Burada konkret şəxslərdən söhbət getməyib. Həmin söhbətlərdə Etibar Məmmədov və onun partiyasının rəhbər şəxsləri də iştirak edib. Ola bilər ki, mənim iştirak etmədiyim başqa təmaslar da olub. Konkret olaraq, artıq seçki prosesi başladıqdan sonra İsa Qəmbərin kiminsə xeyrinə seçkidə iştirak etməməsi məsələsi onun ətrafında, çevrəsində müzakirə predmeti olmayıb”.

Rəsul Quliyevin də prosesdə iştirakına toxunan Pənah Hüseyn bildirib ki, o, İsa Qəmbəri şərtsiz dəstəkləyib:

“O vaxt səhv etmirəmsə, Londonda Etibar Məmmədov, Rəsul Quliyev və İsa Qəmbər arasında müəyyən müzakirələr olub. Həmin görüşlərin iştirakçısı olmadığıma görə konkret nəsə deyə bilmərəm. Amma seçkiyə bir neçə gün qalmış Etibar Məmmədovun İsa Qəmbərin xeyrinə namizədliyini geri götürməsi ilə bağlı təşəbbüs oldu. Həmin gün Rəsul Quliyev İsa Qəmbəri şərtsiz dəstəkləmək haqqında bəyanat verdi, bu da hər kəsə məlumdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.