Suriyada böyük sülh: Kremlin nikbinliyinə əsas varmı?-Şərh

14-09-2019, 10:13           
Suriyada böyük sülh: Kremlin nikbinliyinə əsas varmı?-Şərh
Elşad Mirbəşiroğlu: “Proses bu cür davam edərsə, rejimin qoşunları İdlibi də ələ keçirəcək”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada müharibənin başa çatdığını bəyan edib. “Suriyada müharibə həqiqətən başa çatıb. Ölkə tədricən normal, dinc həyata qayıdır”-Lavrov belə deyib.

Bununla yanaşı, Rusiya XİN rəhbəri ölkədə gərginlik ocaqlarının qaldığını qeyd edib. Bu Suriya hökumətinin nəzarətində olmayan İdlib vilayəti və Fərat çatının sağ sahilidir. Lavrovun fikrincə, Suriyada hazırda ilkin tapşırıqlar humanitar yardımın göstərilməsi və ölkədə böhranın nizamlanması üzrə siyasi prosesə dəstək verməkdir.

Rusiya XİN-in açıqlamasına baxmayaraq, hazırda İdlib vilayətində gedən ağır döyüşlər, Türkiyənin Fərat çayının sağ sahilinə silahlı qüvvə yeritmək planları və ölkədən qaçqın axınının davam etməsi müharibənin başa çatması barədə iddiaları şübhə altına alır.

Politoloq Elşad Mirbəşiroğlu hesab edir ki, əvvəlki illərlə müqayisədə Suriyada nisbi sabitlik yaranıb: “Rusiyanın xarici işlər nazirinin fikirlərində müəyyən həqiqət payı var. Əgər iki il bundan öncəki vəziyyəti nəzərə alsaq, o halda vəziyyətin sabitləşməyə doğru getdiyini düşünməyə əsas var. Bəşər Əsədin silahlı qüvvələri Suriya ərazisinin böyük hissəsinə nəzarəti ələ alıb. Proses bu cür davam edərsə, rejimin qoşunları İdlibi də ələ keçirəcək. Bütövlükdə Bəşər Əsədə hərbi-siyasi dəstəyi Rusiya verir. Görünən odur ki, Rusiya Suriyada cərəyan edən proseslərdə ABŞ-ı kənarda saxlaya bilib. Təsadüfi deyil ki, hazırda Suriyada cərəyan edən proseslərə dair müzakirələr Rusiya, Türkiyə və İran arasında aparılır. Eyni zamanda, İsrail amilini də unutmaq olmaz. İstənilən halda, Suriyada köklü dəyişiklik müşahidə olunur. Əlbəttə, Suriyada tam sabitlikdən danışmaq doğru olmaz. Lokal döyüşlər bundan sonra da davam edəcək.

Ölkə ərazisində müxtəlif qruplaşmalar qalmaqdadır. Buna baxmayaraq, Türkiyə-Rusiya münasibətlərinin hazırkı xarakteri bu iki ölkə arasında Suriya məsələsinə dair ciddi fikir ayrılığı olmayacaq. Mübahisəli məsələlər də öz həllini tapacaq və Türkiyəni narahat edən bəzi məsələlərlə bağlı Rusiyanın da müəyyən təminatları olacaq. Rəsmi Ankara da Bəşər Əsəd rejiminə loyal münasibət göstərməyə meyllidir. Rusiya ilə münasibətlər normallaşmağa başlayandan sonra Ərdoğan Əsədin hakimiyyətdən getməsinin vacibliyi şərtini irəli sürmədi. Bütün bunların fonunda Suriyada həyat öz axarına qayıtmağa başlayıb. Suriyanın bərpası layihəsi barədə də ilkin təsəvvürlər mövcuddir. Bu rəqəm 400 milyard dollara bərabərdir. Hesab edirəm ki, dünyanın digər dövlətlərinin də dəstəyi olarsa, Suriyada normal həyat tez bir zamanda bərpa oluna bilər”.
Müşfiq Abdulla
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.