İqtidar-müxalifət dialoqu bir seriyalı idimi? - GƏLİŞMƏ

17-09-2019, 08:51           
İqtidar-müxalifət dialoqu bir seriyalı idimi? - GƏLİŞMƏ
Ötən həftənin Azərbaycan siyasi həyatı üçün ən ciddi rezonans doğuran hadisəsi 11 sentyabrda “Park İnn” hoteldə hakim Yeni Azərbaycan Partiyasının, Ana Vətən Partiyasının təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin iştirakı ilə keçirilən böyük tədbir oldu. “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən dəyirmi masanın sonunda iştirakçı siyasi partiyalar birgə bəyanat imzaladılar.

Bu tədbirin və birgə bəyanatın Azərbaycan üçün əhəmiyyəti barədə “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda siyasi partiyaların keçirdiyi tədbir ölkənin siyasi həyatı üçün çox vacib idi. Çünki əvvəla, həqiqətən də Azərbaycana xarici təhlükələr var: “Bu xarici təhdidlər ölkəmizdə siyasi hakimiyyətə doğru yönəlib. Azərbaycanda siyasi hakimiyyət dəyişikliyini həyata keçirmək kimi qanunazidd bir məsələni bu təhdidlərin mərkəzinə qoyurlar. Beləliklə, Azərbaycanda xoşagəlməz, təhlükəli bir qarşıdurma vəziyyəti yaratmağa çalışanlar var. Bu cür təhlükələr daha çox qonşuluğumuzda yerləşən ölkələrdən, həmçinin Qərb dairələrindən gəlir. Azərbaycanda ciddi qarşıdurmalara apara biləcək gərginliyin yaşanmasına cəhd edirlər. Belə bir şəraitdə Azərbaycan hakimiyyətinin özünün daxildəki siyasi qüvvələrdən dəstək gözləməyə haqqı var. Çünki söhbət ölkənin taleyinə təsir edə biləcək məsələlərdən gedir. Azərbaycan siyasi hakimiyyəti ölkədə dərin siyasi həmrəyliyin, siyasi tərəfdaşlığın yaranması üçün bir sıra addımlar atmalıdır. Ümid edək ki, 11 sentyabrda keçirilən tədbir bu vacib işin uğurlu başlanğıcıdır.

Çünki bu xarici təhlükələrin içərisində təkcə Azərbaycanda siyasi hakimiyyət məsələsi yox, həm də Azərbaycanın dövlətçiliyinə təhdidlər yer alır. Azərbaycanın daxilində ciddi qarşıdurmalar meydana gətirib yeni erməni ekspansiyası üçün münbit şərait yaratmaq hədəflərdən biridir. Ona görə də dövlətçilik məsələsi ciddi sınağa çəkilə bilər. Ola bilsin ki, bu gün üçün hər şey sakit görünür, amma bizə qarşı o cür məkrli planları quranlar sakit dayanmırlar, iş aparırlar, özlərinin casus şəbəkəsini, ”beşinci kolon" adlanan qüvvələri təlimatlandırmaqdadırlar. Düzdür, Azərbaycan hüquq-mühafizə orqanları bu cür məsələlərə qarşı mübarizə aparır. Amma belə bir şəraitdə Azərbaycanda siyasi həmrəyliyə çox böyük ehtiyac var. Bu səbəbdən də siyasi partiyaların dəyirmi masasının keçirilməsi iqtidar-müxalifət əməkdaşlığının bünövrəsinin qoyulmasını-birgə bəyanat imzalanmasını mən müsbət hadisə hesab edirəm".

Q.Hüseynli vurğuladı ki, bu cür müsbət meyllər, əməkdaşlıq dərinləşdirilməlidir: “11 sentyabrda keçirilən tədbir cəmiyyətdə rezonans doğursa da, hələ ki siyasi sistemin bütün təbəqələrini əhatə etməyib. Əhatə etməsi üçün lazımi addımlar atılmalıdır. Bundan sonra çalışmaq lazımdır ki, iqtidar-müxalifət görüşləri daha da dərinləşsin”.

Politoloq onu da qeyd etdi ki, hakimiyyət indiyə qədər müxalif siyasi partiyalara yönəlmiş siyasi mühiti yumşaltmaqla başlanan müsbət meyli inkişaf etdirə bilər: “Məsələn, siyasi partiyaların normal yerlərdə kütləvi tədbirlər keçirməsi, qərargahlarla təmin edilməsi, bir sözlə partiyaların normal fəaliyyəti üçün lazım olan şəraitin yaradılması prosesə çox ciddi müsbət təkan vermiş olar. Çünki siyasi partiyaların normal fəaliyyət göstərməsi, güclənməsi lazım olan anda dövlətçiliyin qorunmasında çox ciddi amilə çevrilir. Zəif siyasi partiya istəsə, cəhd etsə belə lazımi anda ortaya ciddi nəticə verən iş qoya bilməz. Ona görə də partiyaların güclənməsi üçün şərait yaradılmasına ehtiyac var. Azərbaycanın çətin vəziyyətlərlə, ağır sınaqlarla üzləşməsinə vətənpərvərlik duyğusu olan heç kəs imkan verməməlidir. Çalışıb bütün siyasi qüvvələri vahid milli gücə çevirmək lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.