Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi: “Gerçək motivləri...“ - Bəyanat

20-09-2019, 22:20           
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini postundan istefa verdi: “Gerçək motivləri...“ - Bəyanat
Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verib.

“Report”un məlumatına görə, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

O, istefasının səbəbini ailəsində yaranan məişət problemlərinin ictimailəşdirilməsi ilə əlaqələndirib: “Hər zaman AXCP və onun lideri Əli Kərimli mənim üçün siyasi fəaliyyətimin mənası, məhvəri olub. Ona görə də nə liderimə, nə də ki AXCP-yə bir ziyan dəyməməsi üçün hər zaman hər cür fədakarlığa hazır olmuşam. Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan 4-5 il öncə konfliktli situasiya zəminində qısamüddətli ailədaxili münaqişə yaşamışam. Bu baş verənlərə görə də peşmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub. Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, əslində, biz o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən onunla bağlı gerçək motivləri də aydınlaşdırmağı doğru saymıram. Bütün bunlara baxmayaraq, mən indiki halda öz haqlılığımı deyil, AXCP-nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək AXCP sədrinin müavini postundan istefa verirəm”.

Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə təzyiq və şiddətlərə məruz qalmasını göstərib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.