Siz istərdiniz ki, Elkaponi millətə rəhbərlik eləsin? - ETİRAZ

21-09-2019, 09:21           
Siz istərdiniz ki, Elkaponi millətə rəhbərlik eləsin? - ETİRAZ
Teref.az olaraq bir qədər əvvəl Araz.az saytında dərc olunan tənqidi yazını (http://teref.az/arasdirma/128226-fuad-muradov-kimi-zeif-diaspora-rehberi-olanda-xaricdeki-soydaslarimiz-da-bir-birilerine-qenim-kesilecek.html) səhifəmizdə dərc etmişik.
Saratovdan olan həmyerlimiz Xeyrulla Xəyal yazıda gedən faktlara etirazını bildirərək aşğıdakı məktubunu poçtumuza göndərb.
Nöqtəsinə və vergülünə əl dəymədən məktubu təqdim edirik:
HİCABI DA DANIRAM...

Hörmətli Nurəddin İsmayılov!
Təklifinizi qəbul edib saytınızda əsasən mənə həsr olunmuş bir yazıyla bağlı fikirlərimi yazıram.
Siz elektron poçtla qısa yazışmada mənə deyirsiniz ki, yazı sizin deyil, əvvəlcə Dia. Az-da, sonra Araz.az-da gedib, “mətbu marağını” əzərə alıb siz də öz saytınıza qoymusunuz.
Yeri gəlmişkən, deyim ki, mən yaşda sizdən böyüyəm, 65 yaşım var, əlli ildir yazıram, indiyəcən mənə Azərbaycanda “mətbu marağı” yox idi, niyə iki günün içində mətbu marağı yarandı, özü də kütləvi? Bu marağı mən yarada bilməzdim, şübhəm yoxdur ki, o, Elkaponinin (Fizuli Məmmədov) buyruğu ilə yaranıb.
Məqalə müəllifi yazır ki, Xeyrulla Xəyal haqqında məlumatı Samarada bir “etibarlı mənbədən” alıb. Etibarlı mənbənin adı yoxdur? Etibarlı mənbə adını niyə gizlədir? Məndən qorxur? 65 yaşlı çəlimsiz bir qocadan?
“Etibarlı mənbə” məqalə müəllifinə bildirib ki, Xeyrulla Xəyal böhtanla, insanlara qara yaxmaqla məşğuldur. Bəs niyə demir ki, kimə böhtan atmışam və kimə qara yaxmışam? Mən 12 ildən çox (2004-2016) “Ocaq qəzetinin redaktoru olmuşam, qəzetin 138 nömrəsi çıxıb, hamısı da qalır. Yəni kimin haqqında nə yazdığım heç kimdən gizli deyil. Buna nə “etibarlı mənbə”? Mən burda polkovnik paltarı geyib sadə qəlbli rus arvadlarını “yeyən” azrəbaycanlı praporşikdən yazmışam, bu, böhtan deyil, inzibati orqanlar da bilirlər. Bəlkə mən adını deyim?
Mən arvadını güllələyib sonra şərləyən, pulla özünü qurtaran, sonra Azərbaycan təşkitaı qeyddən keçirib hörmətli məclislərə bizdən qabaq özünü soxan insandan yazmışam. Bu da böhtan deyil, sənədlər var. Adını niyə gizlədirlər? Qəzetdə hamı öz adıyladır. “Etibarlı mənbə” elə o adamlardır, mən onları yaxşı tanıyıram.
İndi Mirkazım Seyidovdan bir neçə kəlmə. Bu adamla Yaşa Paşayevin İnternetdəki biabırçı söyüşməsindən sonra mən İnternet səhifəmdə felyeton yazmışam. Yaşa Paşayev məqalədə göylərə qaldırılan bu adamı zorlamaqla hədələyir, Mirkazım Kazımov da akademik Fazil Qurbanovu onun “krışası”, “vor v zakone” adlandırır. Mən bəlkə də təsadüfən gördüyüm bu videoaya məhəl qoymazdım, ancaq bir ay qabaq heç vaxt üzünü görmədiyim Yaşa Paşayev İnternetdə məni oğurlatdırıb öldürməklə hədələmişdi. İndi İjevsk şəhər polis idarəsi onu axtarır.
Siz bu adamları ləyaqətli sayırsınız? Bunlar Azərbaycan milləti üçün fəlakətdir. Bunları tanıyan ruslar bizə hörmət edə bilərmi?
İndi Fizuli Məmmədov barədə. Mən heç kimin biznesi ilə və nə qədər pul qazanmağıyla heç vaxt maraqlanmımaşam. Ancaq hər hansı azərbaycanlı yerindən durub bütün diaspora başçılıq etmək iddiasına düşən kimi mən öz fikrimi bildirirəm. Çünki bilirəm, ki, bu cənab təşkilatı qeyddən keçirən kimi başlayacaq özünü dövlət başçısı kimi aparmağa, hamının adından bəyanat verməyə, bu gün Krımı alqışlayacaq, sabah Suriyanı və Krımla Suriya arasında Qarabağı qaytarmaqdan danışacaq...
Mən Qarabağ veteranlarından piar kimi istifadəni eşşəklik sayıram. Azərbaycan dövləti buna yol verməməlidir. Azərbaycan dövləti onsuzda büdcədən qidalanan “jurnalistlərə” ev verir, sayı 2 000-çatmış yazıçılar birliyinin vecsi üzvlərinə ev verir, niyə veteranlar Elkaponi kimi insanlara möhtac olmalıdırlar?
Siz istərdiniz ki, Elkaponi millətə rəhbərlik eləsin? Ümumiyyətlə, mən 40 ilə yaxındır ki, Rusiyada yaşayıram, heç bir rəhbərə ehtiyacım yoxdur, burda mənim azərbaycanlı rəhbərim Üzeyir Hacıbəyovdur, Bülbüldür, Cəlil Məmmədquluzadədir...
Sizə guya “mətbu marağı” ilə gəlib çıxan mətnin əsil müəllifini mən yaxşı tanıyıram: bu, Anar Həsənovdur. Mən gəncliyimdə müəllim olmuşam, xətti və üslubu ayrıd edə bilirəm, bir neçə gün bundan qabaq Anar Həsənov mənim haqqımda FB-da təhqirli post yazmışdı, bu “məqalə” onun davamıdır. Qoy yazsın, nəyə layiq olduğunu göstərir. Haqqında yazdığım yalançı polkovnik rus arvadlarını yeyirdi, Anar Həsənov da özünü “jurnalist” qələmə verib yemək yeri tapıb...
Yenə “mətbu marağı” barədə. Keçən il Bakıda Şekspirin sonetləri mənim tərcüməmdə çıxıb – paralel mətnlərlə. Niyə Azərbaycandakı yüzlərlə mətbuat orqanından biri bu barədə bircə sətir də yazmadı?
Keçən il “Ədəbiyyat” qəzetində Bodlerin şeirləri mənim orijinaldan tərcümənlə çıxıb. Niyə mətbu marağı olmayıb?
Bir neçə il əvvəl “Ocaq” səhifəsində Starçevskinin lüğəti haqqında ilk məlumatı mən vermişəm, 19-cu əsrin sonlarında çıxmış o lüğətdə bizim dilimiz “Azərbaycan dili” adlanır, kitab da məndə olub, sonra onu yaxşı bir azərbaycanlı linqvistə hədiyyə elədim. Mənim o məlumatım bloqdan 1400 dəfə paylaşılıb. Niyə sizə gəlib çıxmayıb?
Mən rus, ingilis, fransız dillərindən 30 min misradan çox şeir tərcümə eləmişəm – niyə buna “mətbu marağı” yoxdur?
Yenə o yazıya qayıdım. Müəllif mənim şəkillərimə baxıb məni psixoloji xəstə adlandırır. Bəlkə mətbu marağını bu yaradıb?
Ayıb deyil?
Bəli, mən özümü azad adam sayıram. Mən fikir, düşüncə əsarətinin düşməniyəm.
Sizə “etibarlı mənbə”nizin demədiklərini də deyirəm:
1. Nizamini fars şairi sayıram.
2. “Sarı gəlini” erməni melodiyası sayıram.
3. Əminəm ki, Stepanakert heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacaq və bütün səylər qıraqdakı ərazinin qaytarılmasına yönəlməlidir.
4. Ən şok etiraf: hicabı da danıram!
Sonda məsləhət görərdim ki, hamıya, yaşından və sosial statusundan asılı olmayaraq, “siz” deyəsiniz. Azərbaycanlılar özlərinin və bir-birlərinin ləyaqətlərini qorumasalar və bu ləyaqəti ən vaciub dəyər saymasalar, hökumət də insanlarla gədə-güdə kimi davranacaq.
P.S. “Ocaq” qəzetinin nəşri 2016-cı ilin avqustundan dayandırılıb. İnternetdəki «Очаг» adlı səhifə mənə məxsusdur, ordakı bütün yazılar mənimdir.
Xeyrulla Xəyal
20.09. 2019, Samara












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.