Rusiyalı həmsədrdən məntiqsiz açıqlamalar

18-10-2019, 09:48           
Rusiyalı həmsədrdən məntiqsiz açıqlamalar
Məlum olduğu kimi, srağagün ATƏT-in Minsk Qrupunun həmsədrləri işğal altındakı Dağlıq Qarabağda olublar. Qurumun rusiyalı həmsədri İqor Popov yerli jurnalistlərə danışıqlar prosesi ilə bağlı diqqət çəkəcək açıqlamalar verib. O, Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilmiş görüşünün, həmçinin prezidentlər İlham Əliyevlə Nikol Paşinyan arasında Vyana və Moskvada aparılmış danışıqların detallarını bölüşüb.

Həmçinin İqor Popov Qarabağda saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanma şəraitinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb, jurnalistlərin qarşılıqlı səfər etməli olduqlarını söyləyib.

“Hazırda söhbət jurnalistlərin qarşılıqlı səfərlərindən, həmçinin Qarabağ və Azərbaycanda saxlanılan əsir və girovların şəraitinin yaxşılaşmasından gedir. Müəyyən ideyalar var və iş davam etdirilir”.

İqor Popov tərəflərin razı olacağı təqdirdə xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında görüşün Slovakiyanın paytaxtı Bratislavada keçiriləcəyini bildirib.

Qeyd edək ki, Popovun girovlarla bağlı verdiyi son açıqlama ölkəmizdə xeyli müzakirələrə səbəb olub. Azərbaycan tərəfi Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan tam azad olunmasını gözlədiyi halda, bu cür açıqlamaların verilməsi məntiqdən kənar hesab edilir.

Bəs jurnalistlərin qarşılıqlı səfəri indiki vaxtda nə dərəcədə mümkündür? Bu cür səfərlərin təşkil olunmasının bir mənası varmı?

Dilqəm Əsgərovun oğlu: “Mən atamgilin azad olunmağını gözləyirdim, amma...”

Mövzu ilə bağlı öncə Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlan Əsgərovun mövqeyini öyrənməyə çalışdıq. K.Əsgərov tezliklə girovların azad olunacağına ümid etdiyini bildirdi:

“Onların saxlanma şəraitlərinin yaxşılaşdıırlması yönündə addım atılacaqsa, bu sevindirici olar. Ancaq mən atamgilin azad olunmaqlarını gözləyirdim. Ümid edirəm ki, yaxın vaxtlarda atamgil tezliklə erməni girovluğundan azad olunacaq”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: "Girovlarımızla bağlı Azərbaycanın fikri, niyyəti, məqsədi ortadadır. Burada söhbət girovların şərtsiz olaraq azad edilməsindən gedir. Bildiyiniz kimi, Azərbaycanda girov yoxdur, yalnız hərbi əsirlər var. Ermənistanda isə girovlarımız var. Bu baxımdan da Popovun açıqlaması Rusiyanın rəsmi mövqeyi ilə də üst-üstə düşmür. Çünki Rusiyada Azərbaycanın əsir və girovların azad edilməsi ilə bağlı mövqeyi dəstəklənib. Yenidən bu cür məqamlara yer ayrılmasının hansı məqsədə xidmət etdiyini demək çox çətindir. Çünki ortada anlaşılan bir niyyət də yoxdur. Ola bilsin ki, Popov ATƏT-in Minsk Qrupunun ümumi mövqeyini dilə gətirib. Azərbaycanlı girovların vəziyyətinin yaxşılaşdırılması hansı hüquqi statusdan həyata keçiriləcək? Həmin şəxslər özlərinin doğma vətənlərində girov olaraq saxlanılırlar. Onların üzərində qondarma, separatçı bir qurumun məhkəmə hökmü var və bu hökm heç bir qanuni qüvvəyə malik deyil. Əgər Popov özünü dünyanın tərkib hissəsi olan bir dövlətin nümayəndəsi hesab edirsə, bu cür məntiqsiz, arqumentsiz fikirlərlə çıxış etməməlidir".

Elçin Mirzəbəyli: “Popov bu cür məntiqsiz, arqumentsiz fikirlərlə çıxış etməməlidir”

Elçin Mirzəbəyli jurnalistlərin qarşılıqlı səfəri təklifinə isə bu cür şərh bildirdi: "Jurnalistlərlə bağlı məsələyə gəldikdə, “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Avropa İttifaqının hazırladığı layihələrdə də bu cür məsələlər yer almışdı və bəzi şəxslər orada iştirak etmişdi. Bu yeni bir təşəbbüs deyil və bunun hansısa nəticə verəcəyini düşünmürəm. Azərbaycan jurnalistlərinin Ermənistana getməsində və qarşı tərəfin jurnalistlərinin bura gəlməsində məqsəd nədən ibarətdir, nəyə nail olmaq istəyirlər? Bizim hədəfimiz odur ki, torpaqlarımız işğaldan azad olunsun və dövlətimizin bu məsələ ilə bağlı mövqeyi ortadadır. Əgər işğala son qoyulmayacaqsa, bu səfərlər nə xarakter daşıyır? Barış o zaman əldə oluna bilər ki, problem həll olunsun. Sülhün əldə edilməsi üçün şərtlər var və Ermənistan bu şərtlərin heç birinə əməl etmədən Azərbaycanla normal münasibətlər qurmaq istəyir. Bundan öncə də qeyri-hökumət təşkilatları və media qurumları arasında belə bir münasibət yaratmağa cəhd göstərmişdilər. Bəs nəticə nədən ibarət oldu? Ermənilərlə ünsiyyəti olan QHT üzvlərinin nəticə etibarı ilə nə işlə məşğul olduğunu əksəriyyət görür. Yəni qeyd olunan məsələ effektiv olmayan məsələdir. Daha bir məsələ, guya erməni jurnalistləri Azərbaycana gəlib, həqiqətləri yazacaqlar, ya vətəndaşlarımızın fikirlərini öyrənəcəklər? Bu nə verəcək? Onsuz da hər birimiz hər şeyi bilirik. Ermənilərin nə düşündüklərini yaxşı bilirik. Bu baxımdan jurnalistlərin qarşılıqlı səfərinin heç bir əhəmiyyətini görmürəm".

Xalidə GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.