“Prezident parlamentin də tərkibinin dəyişməsini istəyir” - GƏLİŞMƏ

7-11-2019, 09:43           
 “Prezident parlamentin də tərkibinin dəyişməsini istəyir” - GƏLİŞMƏ
Prezident İlham Əliyev kadr islahatlarını davam etdirir. Prezident yaşı 70-i keçmiş məmurların, nazirlərin istefa verməsini istədiyini açıqlayandan sonra son iki həftə ərzində istefalar çoxaldı.

Prezident Administrasiyasının rəhbərinin yeni gənc kadrla əvəz olunması prosesin miqyasını daha da böyütmüş oldu.

Prezident bir neçə rayonun icra başçısını dəyişib. Yaşlı məmurların yerinə gənclər təyin olunur. Baxmayaraq ki, prezident kadr islahatlarının yaşlılara qarşı istifadə olunmasının əleyhinədir, hamıya aydındır ki, illərdir eyni vəzifədə olanlar yerlərini gənclərə verməlidirlər.

Baş verən dəyişikliklərin gələn il ölkədə keçiriləcək parlament seçkilərinə nə cür yansıyacağı, seçkilərin necə keçiriləcəyi məsələsini də müzakirəyə çıxarmaqdadır.

Bu barədə fikirlərini “Yeni Müsavat”a bölüşən politoloq Elxan Şahinoğlu bildirdi ki, müşahidə olunan proses artıq geri dönüşü mümkün olmayan siyasətdir. Bundan başqa, kadr islahatının əsas mənası həm də odur ki, bəziləri vəzifənin müvəqqəti olduğunu anlasınlar. Azərbaycanda rüşvətin və korrupsiyanın kökünü kəsmək lazımdır. Bunun alternativinin olmadığını prezident də bilir və kadr islahatlarının əsas qayələrindən biri də budur. Prezidentin siyasətində başqa bir yenilik də var: “Prezidentin öz otağından ayrı-ayrı məmurlarla görüşü və açıqlamaları televiziyalarda yayınlanır. Prezident bunu ona görə edir ki, cəmiyyətə narahat edən məsələlərdən xəbərdar olduğunu göstərsin. Prezident İlham Əliyev məmurların qəbulunu ictimai açıq keçirir. Problemləri sadalayır, hər dəfə ictimai nəzarətin vacibliyini vurğulayır, medianın rolunu qeyd edir. Qəbullarında və müşavirədə büdcə layihəsindəki şişirdilmiş rəqəmlərdən danışır, bunu ifşa etməyə çağırır. Televiziya yayınları zamanı prezident elə vacib tənqidləri səsləndirdi ki, ən kiçik detalardan belə məlumatlı olduğunu büruzə verdi. Prezident konkret icra başçısının və hansısa məmurun doğru və ya yalan danışdığından da xəbərdardır. Çünki, prezident alternativ məlumatlar əldə etdiyini də həmin məmurlara anlatmağa çalışır.

Buna baxmayaraq, bəzi məmurlar öz istəkləri ilə istefa vermək istəmirlər. Məmurlar arasında yaşı 70-i keçənlər az deyil. Digər tərəfdən, parlamentdə 70 yaşdan yuxarı olan deputatlar da var. Prezidentin çağırışı bir neçəsi istisna olmaqla, onların da əksəriyyətinə aiddir. Ancaq deputatların bir hissəsi 2020-ci ildə də parlament seçkisində iştirak etmək istəyir. Bunu hətta meydan oxumaq kimi açıq bəyan da edirlər. Həmin deputatlar bununla öz mövqelərini qorumaq istəyirlər. Yaşlı deputatların bir hissəsi bu yolla topladıqları bizneslərini qorumağa çalışırlar. Məncə, onlar müqavimət göstərmədən siyasətdən uzaqlaşsalar, dövlətə və millətə xeyir vermiş olarlar".

Politoloq hesab edir ki, prezident parlamentin də tərkibinin dəyişməsini istəyir. Çünki mövcud tərkibin əksəriyyəti yeni tələblərə cavab vermir: “Deputatların bir çoxu passivdir, çıxış etmirlər, çox az hissəsi istisna olmaqla, beynəlxalq səviyyədə ölkəmizi yaxşı təmsil edə bilmirlər, dövlət başçısının siyasətini xalqa izah edə bilmirlər. Buna görə də həmin deputatların daha fəal şəxslərlə əvəz olunmasına ehtiyac yaranıb”.

E.Şahinoğlu onu da dedi ki, keçmiş illərdə parlamentin tərkibinin müəyyənləşdirilməsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ciddi rol oynayırdı və onun seçimdə üstünlük verdiyi meyarlar fərqli idi: “Ramiz Mehdiyev vəzifədən getdi. Deməli, 2020-ci ildəki parlament seçkisinə Ramiz Mehdiyev qarışa bilməyəcək, seçkinin keçirilməsinə və nəticələrinə də bu faktor təsir edəcək. Onun parlamentdəki tərəfdarlarının yerinə başqaları mandat əldə edəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.