Vətəni dilənməzlər, Vətəni savaşla alarlar, cənab dilənçilər...! - VİDEO

7-11-2019, 10:02           
Vətəni dilənməzlər, Vətəni savaşla alarlar, cənab dilənçilər...! - VİDEO
"Cəhənnəm odunda əbədi yanmamaq üçün ordan çıxmağın yollarını odda yanandan başqa heç kim tapa bilməz"
İlham İsmayıl |

“Qaçış” filminə bir daha baxandan sonra...

“Salam, cənab dilənçilər! Sizi cənnətə gətirəndə mən qapının ağzında dayanacam, qarşımda da bu şlyapa olacaq və dilənəcəm, amma min il orda otursam da heç kim mənə heç nə verməyəcək, hətta hamımızdan rəhimli olan Allah da. Hər şeyi əldə etmək olar, vəzifəni, şöhrəti, hakimiyyəti, pulu da.., amma vətəni yox. Xüsusilə ..”.

Burda dırnağı bağlayıram, bura qədər yazdıqlarım Mixail Bulqakovun sözləridir və müəllif sonda öz vətəninin - Rusiyanın adını çəkir.

Bizim də dərdimiz (bu dərdi çəkən az olsa da, yenə də “bizim” yazdım) cənnət qapısı ağzında dayanıb dilənən, amma şlyapasına heç nə qoyulmayan birinin dərdindən fərqli deyil. Dərd itirilmiş cənnətin, Qarabağın dərdidir. Bulqakovun qəhrəmanı: “Rusiya bu şlyapaya sığmır, cənab dilənçilər” - deyəndə elə bilirəm, Rusiya yerinə Qarabağ desək.., eyni olacaq. Yazıçı demək istəyib ki, vətəninizi dilənməklə ala bilməzsiniz, vətəni geri qaytarmaq üçün onun uğruna ölmək lazımdır. Yalnız o zaman cənnətə-Qarabağa düşəcəksən. Bizim cənnətimizi əlimizdən alıblar və biz cənnətin qapısı ağzında dayanıb onu başqalarından istəməklə, dilənməklə geri qaytara bilməyəcəyik, yazıçının dediyi kimi, hətta içimizin ən rəhimlisi, bizim gecə-gündüz yalvardığımız.., Allah olsa belə. O, əsir vətəni şlyapamıza qoyub bizə ərmağan etməyəcək. Vətəni dilənməzlər, vətəni alarlar, cənab dilənçilər! O dilənçi mənəm, sənsən, bizik-Azərbaycanıq!

Nə BMT, nə hansısa qoşulub-qoşulmayan hərəkatlar, nə torpağımızı bizdən alıb düşmənə verən qlobal güclərə yalvarmağımız cənnətin qapısı qarşısında dilənməyimizə təsir etmir, etməyəcək də. Daxildə qocaların yola salınması və yerlərini onların şinelindən çıxanların tutması ilə başlanan səs-küy də cənnət qapısında boynunu bükənlərin yalançı ümidlərlə doyuzdurulmasına, aldadılmasına, 26 illik cəhənnəm əzablarının sonu bilinməyən zaman axarına buraxılmasına hesablandığından, cənnət qapıları üzümüzə yenə də bağlı qalacaq. Şlyapanı çıxarmışkən, onu qarşımıza qoyub vətəni dilənmək üçün yox, azad etmək üçün fikirləşək və qərar verək. Cəhənnəm odunda əbədi yanmamaq üçün ordan çıxmağın yollarını odda yanandan başqa heç kim tapa bilməz. Yəni, suda boğulanın xilas olması kimi...

Cənnətdən qovulanların 2025-ci ilədək mənzillərlə təmin olunacağı barədə planın fəxrlə açıqlanmasının isə əslində şlyapaya atılan qara qəpik qədər qiyməti yoxdur, əksinə, əlinizi cənnətdən üzün deməkdir. Yəni, heç qapı qarşısında dilənməyiniz də olmaz, unudun və cəhənnəmin düzündə məskunlaşmağınıza şükr edin.

“Əlvida, cənab dilənçilər! Tezliklə cənnətdə görüşənədək!”. Yox, bu Bulqakovun qəhrəmanı general Çernotaya məxsusdur. O cənnəti-vətəni fikirləşib deyir. Bizim generallarımız nə deyir?!

Bütün cəhənnəm əzabına son vermək generalların əlində olmalıdır. General Çernota deyir: “..vəzifəni, şöhrəti, almaq, varlı olmaq mümkündür, amma vətəni almaq çətindir”. Yoxsa, başınız bu asan işlərə qarışıb, cənab generallar?

Cənnət vətənin qapısını o qapı ağzında dayanıb dilənməklə yox, ayağa qalxıb o bağlı qapıya zərbə vurmaqla açmaq olar!

P.S. Hərdən belə də olur...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.