"Bu dünyada insan azadlıqlarını məhdudlaşdıran elə bir divar yoxdur ki, əbədi qalsın"

10-11-2019, 09:43           
"Bu dünyada insan azadlıqlarını məhdudlaşdıran elə bir divar yoxdur ki, əbədi qalsın"
Almaniya kansleri Angela Merkel bu gün Berlin divarının yıxılmasının 30 illiyi münasibət ilə keçirilən tədbirdə iştirak edib.

Kansler bildirib ki, bu dünyada insan azadlıqlarını məhdudlaşdıran elə bir divar yoxdur ki, əbədi qalsın. Belə divarlar nə vaxtsa darmadağın edilir. 1989-cu ildə xalq da bu divarı dağıtdı və II Dünya Müharibəsinin son nəticəsi olan ikiyə bölünmüş Almaniya yenidən birləşdi.

Məşhur Brandenburg qapısında ildönümü qeyd edən insanların önündə çıxış edən Frau Merkel deyib ki, Avropada bərqərar olan dəyərlər - azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi, insan hüquqları- hər yerdə hər zaman müdafiə olunmalıdır. Bununla bağlı hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.

Tədbirə qatılan Almaniya prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın qonşularına təşəkkür edib: "Polyaklar və Macarlar, Çexlər və Slovaklar azad olmaq üçün cəsarət nümayiş etdirməsəydi, Şərqi Avropadakı dinc inqilablar olmasaydı Almaniya yenidən birləşə bilməzdi”.

Mərasimə Macarıstan, Polşa, Slovakiya və Çexiya rəhbərləri də qatılıb. ABŞ-ın dövlət katibi Mayk Pompeo mərasimdə iştirak etməyib, amma bu həftənin əvvəlində o, Berlində olmuşdu.

Mərasimdə Rusiya və Çində avtoritarizmin gücləndiyi qeyd olunub. Həmçinin,digər ölkələrdə də avtoritarizmə meyllin artığı bildirilib. (Musavat.com)

https://www.bbc.com/news/world-europe-50361173












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.