"Lavrovun və Azərbaycan XİN-nin bəyanatı işğalın uzun müddət davam etməsinə xidmət edir"

14-11-2019, 09:05           
"Lavrovun və Azərbaycan XİN-nin bəyanatı işğalın uzun müddət davam etməsinə xidmət edir"
"Dağlıq Qarabağ erməniləri Elmar Məmmədyarovun arzularını yox, erməni millətinin arzularını həyata keçirir"

Rusiya XİN-in başçısı Sergey Lavrov dünən Yerevanda bəlkə də ilk dəfə daha səmimi olaraq bizim torpaqların taleyi ilə bağlı açıq danışmışdır. O demişdir ki, Dağlıq Qarabağ ermənilərinin razılığı olmadan heç bir sülh müqaviləsi mümkün deyil ve bu cür müqaviləni Ermənistan da heç cürə imzalamaz.

İkincisi, o Paşinyanın irəli atdığı ideyanı, yəni istənilən sülh müqviləsinin həm Azərbaycan,həm Ermənistan və həm də DG –ın maraqlarına uyğun olması ideyasını dəstəklədiyini bəyan etmişdir.
Bu gedişlə Rusiya artıq Pasinyan hökümətini də dəstəklədiyini təsdigləmiş oldu və faktiki olaraq onun sözçüsü rolunda çıxış etdi. Bu bir ilkdir. Rusiya əvvəllər bunu qapalı qapılar arxasında söyləsə də, indi açıq şəkildə bəyan etdi.

Ən önəmlisi, o, artıq Paşinyanı ən böyük bəladan xilas edib. Çünki Paşinyan hakimiyyətə gələndən bu məsələnin əlində qaldığını və sonda Azərbaycana “bu mənim işim deyil gedin Dağlıq Qarabağ erməniləri ilə danışın” demişdi. İndi isə Rusiya, həm Həmsədr olaraq və həm də Rusiya olaraq Ermənistanın yanında yer aldığını açıq bildirdi. Bu bəyənatı verməklə Lavrov işğalın hələ uzun müddət davam edəcəyini açıqlamış oldu. Bu cür bəyanatlar vasitəçilik missiyasına sığmır, amma biz indi bu haqda danışmaqla heç nə qazanmırıq. Məsələ heç də o deyil. Əsas məsələ odur ki, bundan sonra Azərbaycan öz torpaqlarını azad etmək üçün nə edəcək.

Maraqla gözlənilən Azərbaycan XİN-nin bəyanatı qeyri-ciddiliyi ilə daha da uzağa getmişdir. O,Azərbaycanın nə edəcəyini yox, kənar seyrçi kimi öz arzularını ifadə edib: “erməni qüvvələrinin Dağlıq Qarabağdan və 7 rayondan çıxdığı halda və azərbaycanlılar Dağlıq Qarabağa geri dönüb ermənilərlə birgə yaşadığı halda bu məsələ həll oluna bilər” . Bu bəyənatla o da işğalın uzun müddət davam etməsinə iki əlli dəstək verib. Çünki ermənilər dinc yolla torpaqlardan çıxan deyil, Azərbaycan isə vətən müharibəsi edən deyil. Dağlıq Qarabağ erməniləri isə Elmar Məmmədyarovun arzularını yox, erməni millətinin arzularını həyata keçirir.

Elxan Mehdiyev
Konfliktoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.