Sülh missiyasına son: Putin nöqtəni qoydu-ŞƏRH

16-11-2019, 10:28           
Sülh missiyasına son: Putin nöqtəni qoydu-ŞƏRH
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Rusiya və Ukrayna dövlət başçılarını görüşdürmək təşəbbüsü ilə çıxış edib.

O, Ukraynanın şərqindəki münaqişə ilə əlaqədar yaranmış gərginliyin azaldılması məqsədi ilə Vladimir Zelenski ilə Vladimir Putinin görüşünü təşkil etməyə hazır olduğunu bildirib.

“Zelenski artıq təkbətək görüşə razılıq verib və mən Rusiya prezidentini bu haqda məlumatlandırmışam. Görək nə olur” - deyə, Nazarbayev Qazaxıstan paytaxtı Nur-Sultanda beynəlxalq siyasətə dair konfransda bildirib.

Lakin Moskva görüş təklifinə soyuq yanaşıb. Kreml bildirib ki, belə bir görüşə yaxşı hazırlıq lazımdır və “görüş xatirinə görüşün keçirilməsi məqsədə çox az xidmət edə bilər”.

Rusiya prezidenti Vladimir Putinin "Normand dördlüyü" sammitindən əvvəl Ukrayna lideri Vladimir Zelenski ilə görüşmək niyyəti yoxdur.

Bu barədə Putin Braziliyada “BRICS” sammitinin başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında açıqlayıb. Onun sözlərinə görə, danışıqlar nəticəsiz qala bilər. Nə Zelenski, nə də özü bunda maraqlı deyil. "Biz hansısa nəticələr çıxarmalıyıq. Zelenski ilə telefonla danışırıq, amma bəzi həll yollarını tapmalıyıq", - deyə Rusiya prezidenti əlavə edib.

Putin deyib ki, "Normand formatı" çərçivəsində görüş mümkündür. Hazırda başqa bir mexanizm yoxdur, buna görə də Rusiya bu variantın qorunub saxlanılmasının tərəfdarıdır.

Qeyd edək ki, Vladimir Zelenski hələ 2019-cu ilin aprel ayında keçirilmiş prezident seçkiləri öncəsi Donbas münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etmişdi. O, bu məqsədlə Vladimir Putinlə görüşmək niyyətində olduğunu dəfələrlə bəyan edib. Hətta Ukrayna prezidentinin rusiyalı əsirlərin və məhbusların azad edilərək dəyişilməsinə razılıq verməsi qarşılıqlı münasibətlərin yumşaldılmasına xidmət edirdi. Daha doğrusu, Ukrayna prezidentinin jestləri problemin sülh yolu ilə nizamlanmasına Kremli inandırmaq məqsədi daşıyırdı.

Öz növbəsində Rusiya tərəfi əsirlərin və məhbusların dəyişdirilməsi məsələsində müəyyən kompromislərə getsə də bu güzəştlər münaqişənin həlli prosesində özünü göstərmir. Fransa və Almaniya rəhbərləri ilə yaxın münasibətləri olan prezident Zelenski onların vasitəçiliyi ilə Rusiyanın yenidən danışıqlar masası arxasına əyləşməyə razı salmağa çalışırdı. Lakin Putinin Nazarbayevin təklifindən imtina etməsi Rusiya-Ukrayna münasibətlərində son aylar yaranmış qarşılıqlı etimadı zəiflədə bilər. Bu isə “Normand dördlüyü” çərçivəsində danışıqların yaxın perspektivdə baş tutacağını şübhə altına alır. Putin “Normand” formatı vasitəsilə müzakirələr hazır olduğunu bildirsə də, danışıqların nəticəsiz qala biləcəyini və Zelenskinin bunda maraqlı olmadığını vurğulaması tərəflər arasında kompromis variantın tapılmadığını göstərir. Ümumiyyətlə, ekspertlər V.Putinin V.Zelenski ilə danışıqlara getməyəcəyini əvvəlcədən proqnozlaşdırırdı. Çünki Rusiya Ukraynanı özünün geosiyasi təsir zonası hesab etdiyi üçün bərabərhüquqlu tərəf kimi qəbul etmir. Rəsmi Moskvanın bu mövqeyi Ukraynanı siyasi güzəştə sövq etmək məqsədi daşıyır. Putin Zelenski yalnız Donbas və Krım münaqişələrində güzəştə hazır olduğu təqdirdə Ukrayna prezidenti ilə bir masa arxasında əyləşməyə razılıq verə bilər.

Ukrayna prezidenti isə nəticəsindən asılı olmayaraq, bütün danışıqlara razılıq verməklə rəsmi Kiyevin sülh tərəfdarı olduğunu nümayiş etdirməyə çalışır. Yəni Zelenskinin bu gedişləri həm beynəlxalq birliyə, həm də cənub-şərqi Ukraynada yaşayan əhaliyə hesablanıb. Putinin Nazarbayevin təklifini qəbul etməməsi Vladimir Zelenskiyə siyasi məsuliyyəti Rusiya prezidentinin üzərinə qoymaq imkanı yaradır. Ancaq istənilən halda danışıqlar prosesinin pozulması cəbhə xəttində gərginliyin artmasına səbəb olacaq. Bu da Zelenskinin sülh missiyasına son qoya bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.