Ermənistan yeni təlatüm ərəfəsində - ölkə prezident idarəçiliyinə qayıdır

17-01-2020, 09:04           
Ermənistan yeni təlatüm ərəfəsində - ölkə prezident idarəçiliyinə qayıdır
Reytinq itkisi Paşinyanı fakt və seçim qarşısında qoyub; “məxməri” baş nazir ikinci inqilaba hazırlaşır – üç səbəb; erməni analitik: “İnqilab vətəndaşların həyatına keyfiyyət dəyişikliyi gətirmədi...”
Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi 2018-ci ilin “inqilabi baharı” ilə müqayisədə aşağı düşməkdə davam edir. İstər yerli sosioloqlar olsun, istərsə də xarici analitiklər - mütəxəssislərin əksəriyyəti Paşinyanın əvvəlki populyarlığını əhəmiyyətli ölçüdə itirdiyi qənaətindədir. Az öncə ABŞ-ın Ermənistandakı səfirliyinin də baş nazirin reytinq itkisini diqqətlı izlədiyi, bundan dolayı narahatlıq keçirdiyi, hətta Vaşinqtonun “məxməri” baş nazirə əvəz axtardığı haqda erməni qaynaqlarına istinadən yazmışdıq.

Reallığı Ermənistan rəhbəri də bilməmiş deyil. Bununla belə, Nikol Paşinyan və komandası hələ ki, özünü arxayın aparmağa, inamlı göstəməyə çalışır. Lakin zaman gedir. İki ay yarım sonra isə Paşinyanın hakimiyyətə gəlişinin ikinci ili tamamlanacaq. Bu müddət köklü islahatlarla bağlı ən sərt suallara cavab vermək baxımından yetərli sayılır. Yəni bir azdan erməni xalqı hökumət başçısını əsl mənada “Məhşər ayağı”na çəkəcək.

Paşinyanın bunu fərq eləməməsi mümkünsüzdür. Bir yandan da azalan reytinq Nikol Paşinyanı tələsdirir, onu qeyri-standart qərarlara sövq edir. Hədəf ən azı, üçdür - həm vaxt udmaq, həm erməni xalqının gözündə özünün “böyük islahatçı” imicini saxlamaq, həm də vaxtaşırı “günah keçiləri” tapıb narazı toplumun başını qatmaq.

*****

Yeri gəlmişkən, bu arada N.Paşinyanın təşəbbüsü ilə Ermənistandan yeni konstitusiya islahatları həyata keçirmək üçün xüsusi komissiyanın yaradılması yönündə ciddi iş aparıldığı məlum olub. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda “Yamanak” qəzeti yazıb. Məqsəd Ermənistanda prezidentli üsul-idarəyə qayıtmaqdır.

“Çoxları əmindir ki, komissiya ölkənin prezidentli üsul-idarəyə keçidi üçün layihə təqdim edəcək. İdarəçilik sisteminin dəyişəcəyini söyləmək çətindir, ancaq bu yolla Konstitusiya Məhkəməsi ilə bağlı problemin öz həllini tapacağı məlumdur”, - deyə nəşr qeyd edib.

Qəzetin yazdığına görə, güclü prezidentlik idarəsi formasında dövlət başçısı Konstitusiya Məhkəməsinin üzvlərini istefaya göndərə biləcək. Bütün hallarda yerli ekspertlər qarşıdakı islahatlarla Nikol Paşinyanın öz laxlayana hakimiyyətini möhkəmlətmək niyyəti güddüyünü vurğulayırlar.

Əslində məntiqlidir. Zaman keçir və verilən vədlərin həyata keçməyəcəyinə inam cəmiyyətdə aybaay azalır. Paşinyanı isə xalq yox, parlament seçib. Parlamentdə əksəriyyət onun partiyasını təmsil eləsə də, sabah vəziyyətin necə dəyişəcəyini heç kim bilmir. Başqa sözlə, günün birində hakim çoxluq xalqın qəzəbini soyutmaq üçün Paşinyanı geri çağırıb, onun yerinə başqasını da seçə bilər. Prezident postuna isə belə təhlükə yoxdur. Çünki prezidentli respublikada prezidenti xalq seçir (Hazırda Ermənistan prezidentini də parlament seçir, ona görə ki, parlamentli idarəçilikdir).

*****

“Ermənistan rəhbərliyi informasiya sahəsində öz mövqeyinin zəifləyəcəyindən ehtiyat edir. Paşinyanın mətbuat katibi Vladimir Karapetyanın vəzifədən azad edilməsi ilk növbədə bununla bağlıdır. Məsələ ondadır ki, Paşinyanın hökumətə başçılıq eləməsindən il yarımdan çox vaxt ötüb. Bu müddətdə Ermənistan vətəndaşlarının həyatında keyfiyyət dəyişikliyi baş verməyib. İnformasiya məkanı isə indiyədək yalnız qalmaqallı təhqiqatlarla, hay-küylü cinayət işləri ilə, respublikanın gələcək yenidən qurulması ideyası naminə cəmiyyətə ictimai və milli konsolidasiya çağırışları ilə doldurulub”.

“Yeni Müsavat” xəbər verir ki, bu fikri erməni təhlilçi Mamikon Babayan “Vestnik Kavkaza” portalındakı məqalədə yer alıb.

“Lakin vaxt gedir və ictimai əhəmiyyətli islahatlar olmadan, ictimai dəstəyi sonsuzadək yüksək səviyyədə saxlamaq mümkün deyil. Üstəlik, Ermənistanda siyasi rejim dəyişikliyi baş versə də, hələ də oliqarxik idarəetmənin əlamətləri qalır. Ona görə də Paşinayan kadr yerdəyişmələri eləməklə və vaxt udmaq amacı ilə ən az müqavimətlə rastlaşacağı yolu seçib”, - deyə müəllif qeyd edib.

Erməni təhlilçi ardınca yazıb: “Paşinyan öncəki rejimlə müqayisə olunmaqdan da ehtiyat edir və hakimiyyətin mənimsənilməsində paralellər arzulamır. O amalla ki, əhalinin əksəriyyəti ona və bütövlükdə dövlət aparatına skeptik münasibətdə olmasın. Paşinyan başa düşür ki, 2020-ci il Ermənistan üçün göstəricilər ili olmalıdır. Təzəcə daxil olan 2020 ya indiki hakimiyyətin ölkə idarəçilik aparatını, o sırada məhkəmə sistemini təzədən qurmaq qabiliyyətinin tam yoxluğunu ortaya qoyacaq, ya da Paşinyanın hansı islahatdan başlamaq barədə təsəvvürünün olduğunu nümayiş etdirəcək”.

Müəllifə görə, hazırda gözləmə mövqeyi tutan Qarabağ klanı tərəfindən əksinqilab cəhdindin yüksək ehtimallı olması da Nikol Paşinyanı az narahat eləmir. “Özünün əvvəlki populyarlığını nəzərə alan baş nazir getdikcə daha çox gözləntilər böhranından ehtiyatlanır. İnqilab eyforiyası Ermənistan vətəndaşlarının əksəriyyətinə köhnə rejimin devrilməsindən sonra hər şeyə və dərhal nail olmaq fikrini təlqin edib. Ancaq “məxməri inqilab”ın ədalətə münasibətdə müəyyən elədiyi yüksək sosial sifariş həyata keçə bilməz, o səbəbə ki, indiki hakimiyyət problemlərə sistemli şəkildə reaksiya vermir. ƏI rejimində hərəkət etməyi üstün tutur”, - deyə o, sonda əlavə edib.

Beləcə, qənaət hasil olur ki, reytinq itkisi, inqilab sonrası reallıqlar Nikol Paşinyanı fakt və seçim qarşısında qoyub. Ona görə də “məxməri” baş nazir ikinci inqilaba hazırlaşır – bu dəfə öz hakimiyyətini möhkəmlətmək üçün. Demək, Ermənistan növbəti siyasi təlatüm ərəfəsindədir...

Siyasət şöbəsi,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.