Mübariz Mənsimov: “Hadi Rəcəbliyə bir insan kimi hörmətim var”

20-01-2020, 01:13           
Mübariz Mənsimov: “Hadi Rəcəbliyə bir insan kimi hörmətim var”
“Azərbaycan mediasında deputatlığa namizəd Hadi Rəcəblinin “get tarlada işlə” şərhimə münasibətini gördüm. O, Lənkaran rayonun Viravul kəndində doğulub və bəlkə də, mənə qohumluğu da çatır. Bir insan kimi hörmətim var. Amma millət vəkili kimi bu vəzifəyə uyğun deyil”.

Pravda.az-ın xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

“Madam ki, seçkilər demokratikdir, bir azərbaycalı olaraq, fikrimi bildirmək istərdim. Hadi bəy 24 ildir deputatdır. Amma seçicilərinə bir xeyri dəymədi, əksinə, maaşlar, pensiyalar və uşaq pulları ilə bağlı yersiz bəyanatları ilə yadda qaldı. Deyir ki, namizədliyini YAP irəli sürüb. Lap yaxşı. Lakin əvvəllər də hakim partiyanın Lənkərandan və ümumiyyətlə, cənub rayonlardan seçilən millət vəkillərinin insanlara heç bir xeyri dəyməyib və onlar yalnız öz mənafelərini güdüblər. Bir dəfə də olsun seçicilərin yanında olmadılar.İndi isə səs üçün qapı-qapı gəzirlər. Sözüm odur ki, demokratik seçkilərdə şansları “0”-a bərabərdir. Türkiyə vətəndaşı olsam da, bir çox bağlarla Vətənimə bağlıyam. Ona görə bütün prosesləri izləyirəm. Hadi bəy hakim partiyaya arxalanaraq yazır ki, məni partiya seçib. Deyim bilin, mən MHP-nin üzvüyəm amma Rəcəp Tayyib Ərdoğanla münasibətimiz əladır. Mənim böyük qardaşımdır, hörmətim hədsizdir. Amma mən AKP yox, MHP-çiyəm. Bunu da açıqca bəyan edirəm. Milliyyətçiyəm. Ruhum, baxışım budur. Mən partiyanı hansısa insana görə seçmirəm. YAP da, AKP də hakim partiya ola bilərlər. Heç kim və heç bir qurum ideal deyil, o cümlədən kimisə partiya seçirsə, bu onun müqəddəs elan edilməsi anlamına gəlmir. Əgər kimsə müqəddəs, dəyişdirilməsi qadağan olunan olsaydı, 2019-cu ildə ölkədə bu qədər istefalara şahid olmazdıq. Sözümü siyasiləşdirməyin. Demokratik seçkidən xalq, dövlət, ölkə yalnız qazanacaqlar. Mən bir paylaşım edən kimi imkansız, əlacsız insanlar yazmağa başlayırlar. Ümid edirəm ki, seçkilərdən sonra vəziyyət dəyişəcək və onlar öz vəkillərinə yazıb real kömək alacaqlar. Deputat - “elçi göndərilmiş” deməkdir. Xalqınızın elçisi olun, məmurların yox. Xalqın cibinə girənləri, rüşvətxorları, harınlamış məmur övladlarını ifşa edib onların cəzalandırılmasına nail olun. O zaman əsl elçi olacaqsınız”- M.Mənsimov qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.