İkili vətəndaşlığı olan şəxslər deputatlığa namizəd ola bilməzlər – Rəy

20-01-2020, 18:08           
İkili vətəndaşlığı olan şəxslər deputatlığa namizəd ola bilməzlər – Rəy
“Azərbaycan Milli Məclisinin üzvlüyünə namizədliyini irəli sürən şəxslərin başqa dövlət qarşısında öhdəliyi olmamalıdır”.

Bunu Pravda.az-a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Hüquqşünas qeyd edib ki, Azərbaycan Konstitusiyasında Milli Məclisin üzvlüyünə namizədliyini irəli sürən şəxslərlə bağlı tələblərdən biri də başqa ölkə qarşısında öhdəliyin olmamasıdır: “İki ölkənin vətəndaşı olmaq başqa bir ölkənin də qarşısında öhdəliyi olmaq deməkdir. Belə şəxslərin deputatlığa namizədliyi qeydə alına bilməz. Ola bilər, bəzi şəxslər müvafiq dairə seçki komissiyalarına düzgün məlumat vermirlər, yəni başqa ölkənin vətəndaşı olmasını gizlədirlər. Əgər dairə seçki komissiyası həmin şəxsin namizədliyini qeydə alıbsa, Mərkəzi Seçki Komissiyası bu məsələyə baxmalı və xitam verməlidir. Bir məsələni qeyd edim, 2014-cü ildə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, başqa ölkənin vətəndaşlığına qəbul olunan şəxslər 1 ay müddətində müvafiq icra strukturlarına məlumat verməlidir. Xaricdə yaşayırsa, Azərbaycanın səfirliyinə, konsulluğuna məlumat təqdim etməlidirlər. Məlumatın təqdim edilməməsinə görə də məsuliyyət nəzərdə tutulur. Başqa dövlətin vətəndaşı, artıq öhdəlik yaradır. Xarici ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq da vergi və digər öhdəliklər yaradır. Belə insanlar deputatlığa namizəd ola bilməzlər”.

Xatırlatma: Mərkəzi Seçki Komissiyası (MSK) 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Müzadil Həsənovla bağlı qərar verib. M.Həsənov Rusiya vətəndaşı olduğu üçün deputatlığa namizədliyi ləğv edilib.

Qərarda deyilir: 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) sədri M.Cəfərov Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək bildirib ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə həmin seçki dairəsindən qeydə alınmış namizəd Həsənov Müzadil Zaur oğlunun barəsində müvafiq dövlət orqanlarına göndərilmiş sorğulara namizədliyin qeydə alınması haqqında qərarın qəbul edilməsindən sonra alınmış cavablardan məlum olub ki, o, həm də Rusiya Federasiyasının vətəndaşıdır. Bu halda dairə seçki komissiyasının həmin qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə zidd olduğundan komissiyanın sədri qanunvericiliklə üzərinə düşən vəzifəni yerinə yetirərək dərhal Mərkəzi Seçki Komissiyasına müraciət edib və həmin qərara münasibət bildirməsini xahiş edib. Qeydə alınmış namizəd M.Z.Həsənovun seçki sənədləri tələb olunaraq nəzərdən keçirilərkən müəyyən edilib ki, o, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürməsi barədə bildiriş və öhdəlik ərizəsini 19 dekabr 2019-cu ildə dairə seçki komissiyasına təqdim etmiş, öhdəlik ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olduğunu, seçkilərdə iştirak etmək hüququna malik olduğunu, ikili vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olmadığını öz imzası ilə təsdiq etmişdir. Onun müraciətinə dairə seçki komissiyasının 24 dekabr 2019-cu il tarixli iclasında baxılmış və namizədliyi təsdiq olunmuşdur. 25 dekabr 2019-cu il tarixdə ona imza vərəqələri verilib, o, namizədliyinin müdafiəsi üçün imza vərəqələri və ona əlavə edilmiş digər sənədləri 31 dekabr 2019-cu ildə dairə seçki komissiyasına təqdim edib. Seçki Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərdəki məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə dairə seçki komissiyasının müvafiq dövlət orqanlarına göndərdiyi sorğular ətraflı yoxlanılmış və müvafiq qaydada cavablandırılıb. Araşdırmaya çox vaxt sərf olunduğu üçün bir sıra dövlət orqanlarının cavab məktubları 2020-ci il yanvarın 9-da dairə seçki komissiyasına daxil olub. Buna görə də sorğunun cavabı namizədliyin qeydə alınması üçün Seçki Məsəlləsi ilə nəzərdə tutulmuş müddətdə daxil olmadığından dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyalarının şübhəli hallar iddiaçının xeyrinə həll olunmalıdır – prinsipinə uyğun olaraq, namizədliyi irəli sürülmüş şəxsin hüquqlarını təmin edib və M.Z.Həsənovun namizədliyini Məcəllənin müddətlə bağlı tələblərinə uyğun olaraq 6 yanvar 2020-ci ildə qeydə alaraq ona deputatlığa qeydə alınmış namizəd vəsiqəsi verib. M.Z.Həsənovun namizədliyi qeydə alındıqdan sonra 9 yanvar 2020-ci ildə Gəncə şəhər Baş Polis İdarəsinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən daxil olan məktublar əsasında tərtib olunmuş cavab məktubundan aydın olur ki, 9 aprel 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsi, dalan 6, ev 11-də daimi qeydiyyatda olan Həsənov Müzadil Zaur oğlu həm də Rusiya Federasiyasının vətəndaşıdır və ona Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti tərəfindən 8 iyul 2011-ci il tarixdə 71 № 5280197 nömrəli xarici pasport və 7 oktyabr 2013-cü il tarixdə 4513 №325003 nömrəli Rusiya Federasiyasının vətəndaşı pasportu verilmişdir. Bununla da Azərbaycan Respublikasının vətəndaşı olan M.Z.Həsənovun həm də Rusiya Federasiyasının vətəndaşı olması faktı aşkar edilib.

İkili vətəndaşlığı olan M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması isə Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsini tələblərinin birbaşa pozulması anlamına gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsini II hissəsində təsbit olunub ki, ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3.3-cü maddəsinə görə isə ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşının ikili vətəndaşlığı qalanadək Milli Məclisin deputatı seçilmək hüququ yoxdur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən daxil olmuş cavab məktubunda göstərilir ki, Rusiya Federasiyasının vətəndaşı M.Z.Həsənovun əvvəllər 42 halda Azərbaycan Respublikasına səfərləri qeydə alınmışdır. O, sonuncu dəfə 12 sentyabr 2019-cu ildə RUS 71 № 5280197 nömrəli Rusiya Federasiyasının ümumvətəndaş pasportu ilə “Sadıqlı” sərhəd nəzarəti məntəqəsindən keçməklə Azərbaycana gəlmiş, 6 dekabr 2019-cu il tarixdə həmin pasportla “Şıxlı” sərhəd nəzarəti məntəqəsindən keçməklə ölkəni tərk edib. Göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin elan olunduğu 2019-cu il dekabrın 5-dən sonrakı gün həmin şəxs xarici ölkə vətəndaşı kimi ölkədən getib. Bu isə onun hələ də Rusiya Federasiyasının vətəndaşı olmasını, başqa sözlə ikili vətəndaşlığının qalmasını bir daha təsdiq edir. Beləliklə, M.Z.Həsənovun deputatlığa namizədliyi 2020-ci il yanvarın 6-da 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyası tərəfindən qeydə alınmış, onun ikili vətəndaşlığının olması isə bir neçə gün sonra, yəni 2020-ci il yanvarın 9-da aşkar olunmuş və bununla da yeni hallar meydana gəlib. Belə ki, passiv seçki hüququ olmayan şəxsin deputatlığa namizədliyinin qeydə alınması faktı müəyyən edilib. Buna görə də yeni açılmış hallar nəzərə alınaraq 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının 6 yanvar 2020-ci il tarixli 38/104 saylı qərarının ləğv edilməsi və M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması məsələsinə həmin dairə seçki komissiyası tərəfindən yenidən baxılması üçün hüququ əsaslar yaranmışdır. Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 85-ci, Seçki Məcəlləsinin 19.4-cü, 13-cü, 25.2.1-ci, 25.2.22-ci, 28.2-ci, 59-cu, 60-cı, 148.1-ci maddələrinə əsasən qərara alır:

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Həsənov Müzadil Zaur oğlunun Rusiya Fedreasiyasının vətəndaşı olması faktının aşkar olunması ilə əlaqədar yaranmış Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə zidd olan hallar nəzərə alınaraq həmin seçki dairəsi dairə seçki komissiyasının onun deputatlığa namizədliyinin qeydə alınması haqqında 6 yanvar 2020-ci il tarixli 38/104 saylı qərarı ləğv edilsin, həmin dairə seçki komissiyası tərəfindən M.Z.Həsənovun deputatlığa namizədliyinin qeydə alınması məsələsinə yenidən baxılsın.

Dairə seçki komissiyası da iclas keçirərək M.Həsənovun namizədliyinin qeydə almasından imtina edilməsi ilə bağlı qərar qəbul edib. M.Həsənov isə Rusiya vətəndaşlığından çıxdığını iddia edir.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.