YAP 98 SAYLI DAİRƏDƏ GÜCLÜ RƏQİBLƏ ÜZLƏŞİB? - Seçicilər Qafarovanı nə vaxt gördüklərini xatırlamırlar

25-01-2020, 07:29           
YAP 98 SAYLI DAİRƏDƏ GÜCLÜ RƏQİBLƏ ÜZLƏŞİB? - Seçicilər Qafarovanı nə vaxt gördüklərini xatırlamırlar
Teref.az yazır ki, parlamentin buraxılmasına səs verib, yenidən namizədliyi irəli sürülən deputatlar sırasında 98 saylı Şəmkir şəhər Seçki Dairəsindən YAP-çı millət vəkili Sahibə Qafarova da var. Artıq ardıcıl iki dəfə - IV və V Çağırış Milli Məclisin deputatı olmuş S.Qafarova filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorudur.

Milli Məclisdəki fəaliyyətinə gəldikdə isə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin üzvüdür. Lakin bu titullarına baxmayaraq, sözügedən xanım deputatı heç də ən fəal millət vəkilləri kateqoriyasına aid etmək olmur.

Xüsusilə də təmsil etdiyi dairədəki seçicilərlə iş məsləsində S.Qafarovanın fəaliyyətinin ideal olmadığı iddia edilir. 98 saylı dairənin seçiciləri arasında apardığımız sorğu göstərdi ki, əhalinin böyük qismi bu deputatı nə vaxt gördüyünü xatırlamır.

Nəinki seçkilər arasındakı müddətdə, heç seçki dönəmində də bölgədə hər hansı aktiv fəaliyyətinin, fəal seçki kampaniyası keçirməsinin müşahidə olunmadığı bildirilir. Ancaq təbii ki, vətəndaşlar daha aktiv, təkcə qanunverici fəaliyyətilə məşğul olan deyil, həm də bölgə əhalisinin problemlərilə yaxından maraqlanan, onların həllinə çalışan millət vəkili görmək istəyirlər.
Fevralın 9-da keçiriləcək seçkidə yenidən 98 saylı dairədən S.Qafarovanın keçib-keçməyəcəyi barədə indidən nəsə demək çətindir. Çünki ölkədə elan olunan islahatlar konsepsiyası əvvəlki yollarla, yəni icra strukturlarının dəstəyi və digər məlum üsullarla kimlərinsə parlamentə salınmasını istisna etməlidir.

Həmçinin, hakimiyyət tərəfindən xüsusilə YAP namizədlərinə normal seçki kampaniyası keçirmək, xalqın həqiqi etimadını qazanmaq və seçkidə inzibati resurslara arxayınlaşmamaq barədə xəbərdarlıq edildiyinə dair məlumatlar var.

Bütün bunlar yerlərdə YAP-a alternativ olan namizədlərin şanslarını dəfələrlə artırır və parlamentə doğrudan da yüksək səviyyəli kampaniya aparan, əhali arasında nüfuzu olan və seçicilər tərəfindən dəstəklənən şəxslərin düşməsinə şərait yaradır.

S.Qafarovanın 98 saylı dairədəki rəqiblərinə gəlincə, onların sayı cəmi 8 nəfərdir. Bu şəxslərin də əksəriyyəti əhali arasında bir o qədər tanınmır – poliklinikada qeydiyyatçı, fərdi əməklə məşğul olanlar və s.
Ancaq bu dairədə S.Qafarovaya real rəqabət yarada biləcək namizəd kimi Müşfiq Şəmmədovun adı çəkilir. Rusiyanın Sankt-Petrburq şəhərində yaşamış M.Şəmmədovun aktiv diaspor fəaliyyətilə məşğul olduğu və həmçinin, yerli əhali arasında rəğbətlə qarşılandığı söylənilir. Seçicilərin digər namizədlərlə müqayisədə onu daha yaxşı tanıdığı iddia edilir və qeyd olunur ki, seçkinin şəffaf keçiriləcəyi təqdirdə, bu namizədin real seçilmə şansı var.

Hər halda, seçki kampaniyasının bitməsinə hələ 15 gün var. Yəqin ki, bu müddət ərzində rəqiblər öz potensiallarını daha fəal formada ortaya qoyacaqlar və fevralın 9-da qutudan doğrudan da əhalinin dəstəklədiyi namizəd çıxacaq.

mənbə:AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.