TƏHQİR-SÖYÜŞLƏ MÜBARİZƏNİN FAYDASIZLIĞI... – 20 gün sonranı düşünmək gərək

26-01-2020, 09:26           
TƏHQİR-SÖYÜŞLƏ MÜBARİZƏNİN FAYDASIZLIĞI... – 20 gün sonranı düşünmək gərək
TƏHQİR-SÖYÜŞLƏ MÜBARİZƏNİN FAYDASIZLIĞI... – 20 gün sonranı düşünmək gərək



Baxiş sayı: 1490
Dərc olunub: 26/01/2020 - 00:14
Bölmə: Xəbər lenti
Adi iş günüdür, oturub işləyirik, sayta dünyada, regionda, ölkədə baş verən hadisələrə dair xəbərlər, şərhlər, reportajlar yerləşdiririk. Təbii ki, bu sırada seçki xəbərləri üstünlük təşkil edir.

Birdən fikir verirəm ki, gənc köməkçilərdən biri dodağının altında deyinə-deyinə, əsəbi şəkildə nəsə yazır, pozur, bir də yazır.

Soruşuram:

- Gənc, nə olub, nə deyinirsən?

Deyir:

- Söyürlər...

- Kim söyür?

- Rauf bəyin rəqibləri...

- Kimi söyürlər?

- Rauf bəyi, bizi, hamımızı...

- Necə söyürlər?

- Pis-pis. Xainlər, satqınlar, reneqatlar... Daha pis söyüşlər də var.

- Bəs sən nə yazırsan?

- Cavablarını verirəm. Bir qrup adamdır. Kirimirlər.

- Niyə söyürlər?

- Yazırlar ki, niyə Rauf Arifoğlu bu dairədən namizəd olub...

Burada dialoq kəsilir. Gənc həmkarıma tövsiyə edirəm ki, səbrli olsun, tək canıyla xüsusi təyinatlı söyüş qrupuna qarşı mübarizəyə girməsin, uyğun informasiyanın şərh bölümünə yazılan təhqiramiz, biədəb şərhləri silsin, canfəşanlıq edən tərbiyəsizləri isə bloka atsın, onlarla ədəbsiz polemika aparmasın.

Deyəsən, indiki mərhələdə yeganə çıxış yolu budur. Bir dəstə adamla, köhnə dövrün aşıqları kimi qabaq-qənşər durub deyişmək, ağızlaşmaq həm mənasız və faydasızdır, həm də ciddi vaxt itkisidir.

Ancaq yuxarıdakı dialoqdan bir cümlə yaddaşda ilişir: “Niyə bu dairədən namizəd olub?” Məsələnin məğzi budur. Demək, Rauf Arifoğlu 34 və ya 36 saylı dairədən namizəd olsaydı, bütün bu pəstəhalar olmayacaqdı.

Xeyr, hər bir halda nəsə olacaqdı. O zaman da başqa bir iddialı, özünü daha şanslı və layiqli namizəd hesab edən şəxsin trol qrupu eyni şiddətdə olmasa da, bənzər məzmunlu hücum başladacaqdı.

Elə bir şey olsa, başqa qüvvələr hücuma keçsə, vəziyyət indikindən fərqli olardı. O zaman İqbal Ağzadənin özü və tərəfdarları Rauf Arifoğlunun müdafiəsinə qalxar, “hər bir Azərbaycan vətəndaşı kimi Rauf bəyin də istənilən seçki dairəsindən namizəd olmaq haqqı var” deyər, baş redaktorun indiyə qədərki uğurlarından, xidmətlərindən bəhs edərdilər.

Mütləq belə olardı. Yaxın keçmişdə bu sayaq davranışların analoqları var.

Bunun əvəzində “Yeni Müsavat” media qrupunun imkanları da uzun zamandan bəri olduğu kimi, yenə də Ümid partiyasının rəhbərlərinin və funksionerlərinin üzünə açılardı. Onların seçicilərlə görüşləri barədə xəbərlər, reportajlar qəzetin və saytın səhifələrində gedər, təbliğatçıları Musavat TV-nin canlı verilişlərinə, debatlarına çıxardılar.

Mütləq belə olardı. Yaxın keçmişdə bunun da xeyli nümunələri var.

Amma iş belə gətirib ki, maraqlar toqquşub, yollar kəsişib. Ortada bir mandat və onu qazanmaq istəyən 10-dan artıq iddialı var. Onlardan ikisi İqbal Ağazadə və Rauf Arifoğludur. Hələlik başqa namizədlərin səsi çıxmır. Hamı gözünü bu iki nəfərin mübarizəsinə dikib. Bəlkə pop-korn alıb, kresloda oturub, saytlarda, sosial mediada gedən savaşa baxa-baxa ləzzət alanlar da var.

Əgər yuxarıda adları çəkilən siyasət adamları başqa-başqa dairələrdən namizəd olacaqdılarsa və aralarında problem olmayacaqdısa, hətta bir-birinə kömək edəcəkdilərsə, onda indiki qovğanın adı nədir?

Yaxşı, buna da ad qoyaq, deyək ki, bu, əndazəsindən çıxmış siyasi mübarizədir. Bəs onda bu qədər nifrətin, hiddətin, söyüş və təhqirlərin, “qaydasız döyüş fəndləri”nin (nədən söhbət getdiyini bilirsiniz – “klon”, “trol qadınlar” məsələsi) səbəbi nədir?

Məgər daha təmkinli və soyuqqanlı şəkildə yarışmaq olmazmı? Mümkündür axı. Başqa dairələrdə qarşılıqlı öcəşmələr varsa da, şiddətli vuruşmalar yoxdur. Hər halda, bir neçəsi istisna olmaqla, heç bir seçki dairəsində rəqiblər arasındakı münasibətlər bu qədər gərgin, emosional durum bu cür xoşagəlməz deyil.

İndi gələk bu durumun və bu sayaq gərgin yarışmanın faydalılıq əmsalına.

Nə xeyri olacaq? Söyənlər beş qat artıq söysünlər, biədəb şərh yazanlar on qat artıq yazsınlar, nə baş verəcək? Kimsə bu söyüş-təhqirlərin qarşısında qorxub, pisikib namizədliyini geri götürəcəkmi?

Elə olmayacaq. Bu yola girən, bu qədər əsəb, enerji, vəsait sərf edən, ətrafında böyük komandalar formalaşdıran heç bir namizəd geri çəkilməyəcək və münasibətlər sonda, anadolulular demişkən, sandıqda ayırd olunacaq.

Bu işin sonu budursa, demək, söyüşməyə, rəqibi təhqir etməyə ehtiyac yoxdur.

Yazılarımızın şərh bölümünə təhqir yazanlara eyni cür cavab verməyə hazırlaşan gənc həmkarımı fikrindən daşındırmaq çətin olmadı, “etmə” dedik, etmədi. Bu, onun üçün yeni situasiyadır, amma biz köhnə vaxtlarda bundan da şiddətli, kəskin seçki ehtirasları, qovğa-mərəkə görmüşük və bilirik ki, bu, faydasız dava-dalaşdır, sonda peşmanlıq olur.

Çox yox, cəmi 20 gündən sonra ehtiraslar soyuyacaq, hər şey öz sabit məcrasına qayıdacaq. O zaman özlərini soyuqqanlı və təmkinli aparan rəqiblər xeyir-şər məclislərində rastlaşanda (bu, qaçılmazdır, çünki əksəriyytin dost-tanışlar dairəsi birdir) bir-birinin üzünə baxa biləcəklər, söyüşənlər isə bir-birindən gen qaçacaqlar (“o olan yerə məni dəvət etməyin”, “o ordadırsa, mən ora gəlmirəm”, “qoy o getsin, sonra gələrəm” və s.), onda yaxşımı olacaq?

Ona görə də söyüşü, təhqiri yığışdırmaq, yek kəlmə ilə “güclü olan qazansın” demək lazımdır. Bir də bu, yunan-Roma güləşidirsə, dədə-babadan qalma badalaqlar qaydalara ziddir.

Xalid Kazımlı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.