DAVOS TOPLANTILARI ƏVVƏLKİ ƏHƏMİYYƏTİNİ İTİRİR –Dünya liderləri real problemlərin müzakirəsindən niyə qaçırlar? – TƏHLİL 29 Yanvar 2020

29-01-2020, 10:58           
DAVOS TOPLANTILARI ƏVVƏLKİ ƏHƏMİYYƏTİNİ İTİRİR –Dünya liderləri real problemlərin müzakirəsindən niyə qaçırlar? – TƏHLİL 29 Yanvar 2020
Şahap Kavcıoğlu

“Yeni Şafak”, Türkiyə,

Davos toplantıları ilk dəfə 1971-ci ildə Cenevrə Universitetində biznesin idarəçiliyi üzrə professor olan Klaus Şvab tərəfindən başladılıb. O illərdə ölkələr bu toplantılara, demək olar ki, qatılmazdılar. Bu durum rəhmətlik Turqut Özal Baş nazir olanadək davam etdi. Biz Davos toplantılarını, Özalın o illərdə bu toplantılara qatılmasını daxili siyasətdə necə “One Man Show”-ya çevirdiyini xatırlayırıq.

Özaldan sonra uzun illər ərzində gündəliyimizdə elə də çox olmayan Davos toplantıları AKP-nin iqtidara gəlməsiylə birlikdə təkrar gündəliyə gəldi. O zaman Baş nazir olan indiki hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın 2009-cu ildə “One minute!”, ardınca “bir daha Davosa gəlmərəm!” açıqlaması verməsilə də zirvəyə qalxdı.

O ildən bəri yenə gündəlikdən düşmüş olan Davos toplantısı Xəzinə və maliyyə naziri Bərat Albayrakın gündəliklə bağlı dəyərləndirmələri və açıqlamaları ilə bu il təkrar gündəliyimizə gətirildi.

Əslində, Davos toplantıları öncə Avropa İdarəçilik Forumu adı ilə başlamışdır. Sonra 1987-ci ildə adı Dünya İqtisadi Forumu olaraq dəyişdirilmiş və beynəlxalq mübahisələrin həlli üçün yaxşı bir platforma olmuşdur. Davos toplantıları dünya iqtisadiyyatı ilə bağlı məsələlərin müzakirə olunduğu əsas zirvə görüşlərindən biri olsa da, siyasi liderlərlə iş dünyası təmsilçilərinin bir araya gələrək beynəlxalq problemlərə həll yolları axtardıqları bir platforma olaraq da qəbul edilmişdir. Bu səbəblə, siyasi liderlər tərəfindən tərəfsiz bir platforma kimi istifadə edilmişdir.

Məsələn, 1987-ci ildə Türkiyə və Yunanıstan Egey dənizində kontinental şelf məsələsi üzündən müharibə həddinə gəldiyi zaman Türkiyə Baş nazir Turqut Özalla Yunanıstan Baş naziri Andreas Papandreunun burada bir araya gəlməsilə birlikdə, münasibətlər yumşalma yoluna girmişdir.

1989-cu ildə Şimali Koreya ilə Cənubi Koreya nazirlər səviyyəsində ilk toplantılarını Davosda keçirmişlər.

Şərqi Almaniyanın Baş naziri Hans Modrou ilə AFR Kansleri Helmut Kol da Almaniyanın birləşməsi məsələsini müzakirə etmək üçün 1989-cu ildə Davosda bir araya gəlmişlər.

Prezident Rəcəb Tayyib Ərdoğanın 29 yanvar 2009-cu ildə Baş nazir kimi iştirak etdiyi Davos zirvə görüşündə həmin dövrdə İsrail Prezidenti olan Şimon Peresin Qəzzaya hücumları legitimləşdirən sözlərinə və diplomatik sərhədləri aşan davranışına cavab olaraq “One minute!” deməklə reaksiya verməsi burada olmuşdur.

Ancaq builki toplantılar və liderlərin keçirdiyi görüşlər dünyanın içində olduğu problemlərə və çətinliklərə həll yolu göstərə biləcək heç bir açıqlamaya və diskissiyaya səhnə olmadı. Dünya İqtisadi Forumunun və Davos sammitinin artıq əvvəlki kimi təsirli olmadığı, dünya gündəliyinə təsir edə biləcək nəticələr ortaya qoya bilmədiyi çox aydın göründü.

Məsələn, Pakistan Baş naziri İmran Xanın Hindistanda müsəlmanlara qarşı baş verən hadisələrin “Faşist Almaniyasında baş verənlərə oxşadığını” söyləməsinə rəğmən, heç diqqətə alınmadı.

Qoruma tədbirləri və ticarət müharibələri səbəbilə, qlobal ticarət və iqtisadi artımda yaşanan kiçilmə üzündən işini itirən minlərlə insan və ailələr haqqında heç söhbət açılmadı. Dünya İqtisadi Forumunun qurucusu və Baş icraçı direktoru olan Klaus Şvabın “Necə bir kapitalizm istəyirsiniz?” manifesti yerinə, “Necə bir dünya istəyirik?” manifesti hazırlansaydı, daha yaxşı olardı. Ən azı, 50 ildir dəyişdirə bilmədiyimiz vəhşi kapitalizm “səhmdarlar kapitalizmi” (və ya “maraqlı tərəflərin kapitalizmi” – tərc.) adlandırıldığı halda, insanı mərkəzə qoyan bütün sistemlərin, əslində, bütün insanlar üçün olduğu daha açıq bir şəkildə vurğulansaydı, daha yaxşı olardı.

Bu gün dünya əhalisinin təqribən 50%-i səfalət içində yaşayır və bu səfalət dünyanın bir çox ölkəsində getdikcə artır. Çünki mövcud sistem zəngini qoruyur. Zəngin daha zəngin, bu da yoxsul insanların hesabına olur. Davosda fürsət və gəlir ədalətsizliyinin azaldılması üçün yeni sistemlər müzakirə edilməli idi.

Uşaqların öldürülmədiyi, yaşadıqları evlərindən və yurdlarından məcburi uzaqlaşdırılmadığı, hər cür təhsil və sağlamlıq imkanlarından istifadə edə bildikləri bir dünyanı müzakirə etsəydik, necə olardı? Kaş ki Tunberq, Tramp, şahzadə Çarlz və ya başqaları rənginə, dininə, coğrafiyasına və ölkəsinə baxmadan, insana öncəlik verən daha geniş çıxışlar edə biləydilər. Kaş ki Qreta Tunberq iqlim dəyişikliyilə əlaqədar etdiyi o gözəl çıxışında Egey və Aralıq dənizində batan qayıqlarda ölən insanlardan, körpə Aylanlardan bəhs edə biləydi. Bəlkə, o zaman Avropa liderlərinin üzündə bir qədər xəcalət ifadəsi yaranardı.

Tərcümə Strateq.az-ındır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.