Turqut Ər Rəsul Quliyevə cavab verdi:"“Rövşən Cavadovu rus general Kovalyovun əli ilə Rəsul öldütdürüb”

1-01-2016, 20:32           
Turqut Ər Rəsul Quliyevə cavab verdi:"“Rövşən Cavadovu rus general Kovalyovun əli ilə Rəsul öldütdürüb”
“Bu tarixi və milli cinayətin ən böyük cavabdehi hazırda həyatda olan Rəsul Quliyev, Nəcməddin Sadıkov və başqalarıdır”
Eks-spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev musavat.com-da yayınlanmış müsahibəsində Türkiyəni ittiham edib. Eks-spiker deyib ki, mart hadisələri 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi”ndən narazı qalan Rusiyanın və Türkiyənin təşkil etdiyi dövlət çevrilişi cəhdləri idi.
Sitat: “1995-ci ildə isə Rövşən Cavadovun dövlət çevrilişi cəhdi birbaşa Türkiyənin o vaxtkı baş naziri Tansu Çillər və onun ətrafına toplaşan bir sıra korrupsiyaçı adamlar tərəfindən idarə edilirdi. Biz heç vaxt qarşıdurmanı qan tökməklə bitirmək istəmirdik.
Ona görə də bir neçə dəfə onun yanına elçilər göndərib silahı yerə qoymaq, qaldırdıqları məsələlərin müzakirə yolu ilə həllini təklif etdik. Ancaq başda Tansu Çillər olmaqla Cavadov qardaşları qələbə çalacaqlarına şübhə etmirdilər. Buna görə də təkliflərin hamısını rədd etdilər”.
Qeyd edək ki, Rəsul Quliyev müsahibəsində bir neçə dəfə Türkiyə hökumətini, xüsusən də Türkiyənin Bakıdakı səfirliyini ittiham edib, dövlət çevrilişini dəstəkləməkdə ittiham edib.
Rəsul Quliyevin fikrilərinə musavat.com vasitəsilə həmin vaxt Türkiyənin Azərbaycandakı səfiriliyinin mətbuat attaşesi vəzifəndə çalışmış, qaynar proseslərin içərisində olmuş Turqut Ər cavab verdi. Turqut bəylə Ankarada görüşdük. O, özü ilə bir neçə sənədləri və rəsmi dövlət məlumatlarının yer aldığı xronikanı gətirmişdi. T.Ər deyir ki, R.Quliyevin ittihamlarının heç bir əsası yoxdur.
– Əvvəlcə onu deyim ki, korrupsioner Rəsul Quliyev törətdiyi qətllərdən, dövləti cinayətlərdən yayınmaq, kasıb-kusubun haqqını yeyərək, Azərbaycanın sərvətlərini xaricə qaçırmasını unutdurmaq və ölkəyə qayıtmaq üçün bu cür saxta gündəm yaratmağa çalışır. Yaltaqlanaraq özünü bu yolla əfv etdirmək istəyir. Rövşəni və oradakı yüzlərlə qəhrəman gəncləri özünün Naxçıvandan gətirtdiyi dəstə və Rusiyadan dəvət etdikləri OMON qüvvələrinin əli ilə qətlə yetirmələrini unutdurmaq istəyir. Amma bu, bir tarixi gerçəklikdir. Geç-tez bir gün Rəsulun və şəriklərinin cinayətlərinin üstü açılacaq. Hesabları təbii ki, sorulacaq. Bu böyük korrupsioner layiq olduğu cəzanı alacaqdır.
Azərbaycanda mən işləyən zaman dövlət çevrilişi adı ilə iki hadisə baş verdi. Birincisi, 1994-cü ilin oktyabrında, ikincisi isə 1995-ci ilin martında. Yəni 6 ay ara ilə. Bunların birincisi, rusların Surət Hüseynovdan istifadə edərək həyata keçirdikləri qiyam cıhdi idi. Amma Heydər Əliyev bu olayı fövqəladə şəkildə istifadə edərək ona qarşı böyük təhdidlərdən biri olan Surət Hüseynovu və onun ətrafındakı kiçik qrupu neytrallaşdırdı.
İkinci olaya gəlincə, birinci olay xüsusi təyinatlı polisin (XTPD) komandiri və daxili işlər nazirinin müavini, polkovnik Rövşən Cavadovun hərəkatı adlandırılır. Bu hadisə Azərbaycan tarixində fövqəladə önəmli bir təqvimdir. Çünki dövlətin əli ilə öz vətəndaşlarına oyun oynanıldı və bu oyun vasitəsilə qətlə yetirildilər. Azərbaycanın Qarabağ savaşında qəhrəmanlıq göstərmiş bir Milli Qəhrəmanı həm öz həmvətənləri, həm də rus hərbçiləri tərəfindən qətlə yetirildi. Milli qəhrəmanı qələ yetirən ruslara isə Milli Qəhrəman adı verildi.
“Rövşən Cavadovu rus general Kovalyovun əli ilə Rəsul öldütdürüb”
İkinci hadisə birinci hadisədən məharətlə istifadə edərək özü üçün böyük təhlükə olaraq gördüyü Surət Hüseynovu kənarlaşdıran Heydər Əliyevin fövqəladə ustalıqla oynadığı siyasi oyun idi. Bu oyunun nəticəsində Heydər Əliyev məharətlə həyata keçirdiyi kombinasiya ilə özü üçün təhülkəli gördüyü ikinci qüvvəni də ortadan qaldırdı.
Dolayısı ilə də bu olayın içərisinə qondarma bir şəkildə və böhtanlarla, yalançı, uydurma ittihamlarla Türkiyəni də qatmaq istəyirlər. Bunda başarılı ola bilmədilər. Türkiyəni bu işin içərisinə qatmaq səbəbi böyük neft müqaviləsini imzaladıqdan sonra artıq Türkiyəyə ehtiyaclarının qalmadığı və Türkiyənin kənarda qalmasını təmin etməyə çalışdılar. 4-cü də Elçibəy hakimiyyətinin yıxılmasında xain rolu oynamış, maddi və mənəvi dəstək vermiş və Heydər Əliyevin hakimiyyətə gəlməsində iştirak etmiş, daha sonra parlamentin spikeri olan tamahkar və Azərbaycan tarixinin bu günə qədər olmuş ən böyük korrupsioneri Rəsul Quliyevi hakimiyyətdən uzaqlaşdırılmasıdır.
Heydər Əliyev böyük məharətlə həm ona qarşı çıxmış OMON-çuları, həm də birbaşa Rövşən Cavadovun qətlə yetirilməsinin əsas təşkilatçısı olan Rəsul Quliyevi zərərsizləşdirə bildi.
– Türkiyə dövlətinin o hadisələrdə rolu nədən ibarət ola bilərdi?
– Rəsul Quliyevin “Yeni Müsavat”da dünən müsahibəsi yayınlanıb. Kimin tərəfindən yazıldığı və hansı məqsədlə bu günlərdə ictimaiyyətə təqdim olunması bəlli olmayan müsahibədə söylədiyi yalan və iftiralara baxaq. Böyük korrupsioner və mart 1995-ci il hadisələrinin baş aktyoru olan Rəsul Quliyev müsahibədə deyir ki, o günlərdə Cavadovun “dövlət çevrilişi” cəhdi birbaşa Türkiyənin baş naziri Tansu Çillər və onun ətrafına toplaşan korrupsioner adamlar tərəfindən idarə edilirdi. Bu, hakimiyyətin qurduğu, baş oyunçusu olaraq da oynatdığı Rəsul Quliyevin yalan və böhtanıdır. Özünün işlətdiyi siyasi cinayəti, həyata keçirdiyi qətliamları özündən yayındırmaq cəhdindən başqa bir şey deyildir.
O hadisələrin ən böyük şahidi və hələ də bu mövzuda danışmayan, o zaman da Rəsul Quliyevin yaxın dostu olmuş keçmiş dövlət müşaviri illər öncə söhbət zamanı bir mart hadisələri ilə bağlı bir epizod danışarkən dedi ki, 17 martda baş verən olayları birbaşa Rəsul Quliyev özü idarə etdi.
– O zaman nədən R.Quliyev məhz 20 ildən sonra bu mövzuda danışmaq zərurəti hiss edib?
– Rəsul Quliyev Türkiyə Cümhuriyyəti dövlətinin nəyə qadir olduğunu, nələri edə biləcəyini hələ də dərk edə bilməyib. O, çox da ağıllı olmayan, ancaq korrupsiyanı yaxşı bacaran bir adamdır. Əgər Türkiyə dövlətini yaxşı tanısaydı o zaman Azərbaycanda çevriliş təşəbbüsünə cəhd deyil, onu edəcək qüdrətə malik bir dövlətdir. Ancaq Türkiyə dövlətinin ordakı təmislçiləri və Türkiyə Respublikasının o zamankı hökumətinin tək məqsədi Azərbaycanın tez bir zamanda müstəqil, müsair, demokratik hüquq dövlətinə keçidini təmin etmək idi. Bu xətt indi də qalır. Bu böhtanın müəllifləri əsasən qeyri-milli sistemin yetirmələri olan manqurtlardı.
Rəsul Quliyev Rövşənin ölümünün ayaq damarındakı qan itirmədən olduğunu iddia edir. Bu, tamamilə yalandır. Çünki indiyə qədər Rövşənin ölümü ilə bağlı ölüm hesabatı açıqlanmadı. Rövşən özü bir həkim idi. Ayağındakı gülə yarasını bağlamışdı, qan axması daynamışdı. Rövşəni Rəsulun əmri ilə qətlə yetirən rus general Kovalyov olub. Bu, hələ də açıqlanmır.
“Əgər Türkiyə həmin vaxt Azərbaycanda çevriliş etmək istəsəydi, bunu bacarardı. Görünür, Rəsul Quliyev Türkiyə Cümhuriyyəti dövlətini yaxşı tanımır…”
– Müsahibədə Rəsul Quliyevin Tansu Çillərlə telefon danışıqlarının olduğundan bəhs olunur. Həqiqətən, elə bir danışıq olmuşdumu? Yəni o hadisələr zamanı Ankara proseslərə nə qədər təsir imkanına malik idi?
– Rəsul Quliyev utanmadan yalan söyləyərək Tansu Çillərlə telefonla danışdığını və çevriliş təşəbbüsündən yayındırmaq istədiyini, ancaq Çillərin Rövşənin qələbəsinə inandığı üçün bunu bacarmadığını iddia edir. Bu, yalançı, korrupsioner Quliyev utanmadan belə bir böhtanı necə edir? Rəsul Quliyev o zaman heç bir şəkildə Tansu Çillərlə danışmayıb. Əgər olsaydı, bunun sənədi Türkiyə dövlətinin arxivində olardı. Əgər Tansu Çillərin bu işə dəxli olsaydı, hadisələrdən bir ay sonra Heydər Əliyev Tansu Çilləri Azərbaycana rəsmən dəvət edib 3 gün qoluna girib şəkillərini çəkdirib, böyük ehtiram göstərib onu qonaq etməzdi. Arxivləri açıb baxa bilərsiniz, 1995-ci il aprel ayında Tansu Çilləri Heydər Əliyev Bakıda necə qarşılamışdı.
Azərbaycan kasıb insanlarının banklardakı pullarını qəsb edən, böyük korrupsioner Rəsul Quliyevin “Rövşənin ölümünün səbəbkarı onu bu işə təhrik edənlərdir” cümləsi həqiqətdir. Çünki Rövşən Cavadovu 1994-cü il oktyabr hadisələrindən sonra agentlər vasitəsilə izlədən, jurnalisltlər vasitəsilə ona təhrikedici suallar verən, onun adamlarını zaman-zaman təqib etdirmiş və Rövşənə özünə yaxın jurnalistlər, ANS və AzerTAC müxbirləri vasitəsilə provokasyon suallar verdirərək onu təhrik edib. Və bilə-bilə qəzəbləndiriblər ki, bunlar da Rəsulun qurduğu oyunun başlanğıcı idi. Böyük korrupsioner deyir ki, heç vaxt qan tökməklə nəticəyə nail olmaq istəmədik.
Mart hadisələri zamanı Rövşən və ətrafında olan 5-6 nəfər ağ bayraq qaldırdıqları halda, onlara atəş açılması əmrini Kovalyova və əməliyyata rəhbərlik edən Nəcməddin Sadıkova Rəsul Quliyev vermişdi. Hələ də o zaman nə qədər xüsusi təyinatlının öldürüldüyü açıqlanmayıb. Bu tarixi və milli cinayətin hazırda həyatda olan ən böyük cavabdehi Rəsul Quliyev, Nəcməddin Sadıkov və başqalarıdır.

Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.