Əliyevin İrəvan iddiası və Naxçıvana yerləşdirilən raketlər...

1-06-2020, 13:07           
Əliyevin İrəvan iddiası və Naxçıvana yerləşdirilən raketlər...
Bir neçə gündən sonra Ermənistanda Aprel döyüşlərinin nəticələrini araşdırmaq üçün 2016-cı ildə yaradılmış İstintaq Komissiyasının apardığı təhqiqat başa çatdırılacaq və nəticələrdən bir qismi ictimaiyyətə açıqlanacaq. Xatırladaq ki, 90-ci illərdə Birinci Qarabağ müharibəsindən sonra bir-birinin ardınca itirilmiş rayonlarımıza görə məhz Azərbaycanda belə istintaq və məhkəmə prosesləri aparılırdı və bu, bizim məğlubiyyətlərimiz üzərində qurduğumuz məhkəmə idi.

Axar.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında çıxış edən İnsan haqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanda əsas hərbi və siyasi rəhbərlik yüksək kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itirdilər:

“Serj Sərkisyan, Seyran Ohanyan, bir neçə ordu generalı nəinki vəzifələrindən getdi, eləcə də istintaqa çağırılmalı oldular.

Xatırladaq ki, Sərkisyan və Ohanyandan başqa XİN-in sabiq rəhbəri Edvard Nalbəndyan, sabiq baş nazir Karen Karapetyan, Bako Saakyan, o cümlədən Ağdərə, Cəbrayıl və digər ön cəbhələr üzrə döyüşlərdə iştirak edən hərbi hissə komandirləri, həmçinin ordunun kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və digər yüksək rütbəli şəxslər də izahata cəlb olunublar. KTMT-ya 2017-də baş katib təyin olunub, bir il sonra vəzifəsindən çıxarılan Yuri Xaçaturov da izahata çağırılanlar sırasındadır. İstintaqın nəticəsində 1000 səhifədən artıq material toplanıb. Onun əsasında yeni cinayət işləri qaldırılacaqdır. İstintaq bütün hərbi və siyasi xarakterli məsələləri ən kiçik detallarına qədər araşdırır - Lələtəpə nə üçün əldən verildi, kəşfiyyat qrupu Azərbaycan Ordusunun hərəkətləri barəsində tam məlumatlı idimi, hərbi sursat və yanacaq yetərli olubmu, xəyanət və satqınlıq baş veribmi, o cümlədən gecəgörmə cihazları və müşahidə qurguları düzgün çalışıbmı və sair".

Komitə sədri daha sonra bildirib ki, İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və erməni xalqı Aprel müharibəsinə görə cəza tələb edir:

“Bu, Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi İlham Əliyevin Dördgünlük müharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il bundan əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmağa bütün güclərini səfərbər etdikləri bir vaxtda Ermənistanın inqilabi hakimiyyəti Aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmağa çalışır. Təzadlı mənzərədir, lakin nəticə bizim xeyriməzdir. Əksər erməni mediasında Azərbaycanın Naxçıvan bölgəsində Ali Baş Komandan İlham Əliyevin yerləşdirdiyi müasir reaktiv sistemlər, hədəfi vurma məsafəsi 120 km olan “Qaplan”, “Qasırğa” və sair raket qurğularının təhlükəsi haqda silsilə yazılar gedir. Bu gün öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan sual edir ki, İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi ilə Azərbaycan Prezidentinin son İrəvan çıxışı arasında hansı bağlılıq var? Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel müharibəsi istintaqının hər bir sətrini, hər bir hərəkətini izləməlidir. Bəli, gələcək müharibə üçün, yeni aprel, may, iyun döyüşləri üçün..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.