Fazil Mustafa: “Cahillik bu cinayətlərin törədilməsinə səbəb olur”

22-09-2020, 11:52           
Fazil Mustafa:
Son illər məişət zorakılığı, qohum-əqrəba cinayətləri artmaqdadır. Belə hadisələrdən biri də bugünlərdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində baş verib. Nümayəndənin oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahdan atəş açaraq öldürüb. Daha sonra M. Babayev könüllü şəkildə gəlib polisə təslim olub.

Musavat.com mövzu ilə bağlı millət vəkili Fazil Mustafa ilə əlaqə saxlayıb. Millət vəkili saytımıza açıqlamasında bildirib ki, cinayətlərin artmasının iki səbəbi var:

“Birincisi təhsilin bütün cəmiyyətdə yayğın olmamasıdır. Təhsilsizlik, savadsızlıq, cahillik, avamlıq cinayətlərə gətirib çıxarır. İkincisi isə işsizliklə bağlı sosial problemdir. Insanlar bekarçılıqdan daha çox çətin, vacib məsələlər üzərində yox, epizodik məsələlər üzrə baş sındırırlar. Ona görə də iki istiqamətdə siyasət real məzmun almalıdır və dəyişməlidir. Pandemiya dövründə iş yerləri bağlandı, insanların sıxıntıları artdı. Deputat olaraq mənə edilən zənglərdən də insanların maddi sıxıntılar yaşadığının şahidi oldum. Acınacaqlı durumdur. Cinayətlərin qarşısını ancaq təhsil səviyyəsini yüksəltmək və işsizliyi aradan qaldırmaqla almaq olar. Çünki biz ağıllı siyasət aparmalıyıq. Özəl sektorun qarşısındakı bütün maneələri aradan qaldırmalıyıq. Nə qədər inhisarçılıq amilləri varsa, aradan götürməliyik ki, vətəndaşlar öz qabiliyyətləri ilə iş yerləri aça bilsinlər, iqtisadi cəhətdən müstəqillik əldə etsinlər. İş yerləri açıb, insanları ora cəlb etmək lazımdır. Vəziyyətdən ancaq belə çıxmaq olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.