Həm məşhur, həm varlı, həm haqsız, həm də Kardaşyan

20-10-2020, 09:08           
Həm məşhur, həm varlı, həm haqsız, həm də Kardaşyan
Müəllif: Nedim Şener

Ermənistanın növbəti hücumundan sonra Azərbaycan 30 ilə yaxındır işğal altında olan Dağlıq Qarabağı geri qaytarmaq üçün miqyaslı hərbi əməliyyatlara başlayıb.

Dünyanın hər yanından ermənilər işğalçı Ermənistana dəstək üçün təbliğata başlayıb. Fransa başda olmaqla Avropa ölkələri, eyni zamanda, Avropa və Amerikadakı erməni diasporu və lobbisi illərdir Azərbaycan ərazisinin 20%-ni işğalda saxlayan, minlərlə insanı qətlə yetirmiş, Xocalıda bir gecədə 613 nəfərə qarşı soyqırım törətmiş, işğalçı planlarını terror təşkilatlarının da dəstəyilə həyata keçirmiş Ermənistana yardım etməkdədir.

Yalançi təbliğat

Bunların ən məşhuru erməni əsilli Kim Kardaşyandır. Azərbaycanın Ermənistanın sentyabrın 27-dəki növbəti hücumuna cavabından dərhal sonra o, “Twitter” hesabında “Münaqişənin Ermənistan-Azərbaycan sərhədində olmadığını”, “Qarabağdakı ermənilərin hücuma məruz qaldığını” yazıb. Bununla kifayətlənməyən Kardaşyanın növbəti “tvit”i PKK terror təşkilatı ilə əlbir olan Ermənistan hərbi qüvvələri haqdadır: “Qarabağı qorumaq yolunda həyatlarını təhlükəyə atmış cəsur kişi və qadınlar üçün dua edirik”.

Kardaşyanın kim olduğu, nə iş gördüyü məni qətiyyən maraqlandırmır. Məni maraqlandıran məqam onun sahib olduğu şöhrətdən yalan və haqsızlıq üçün istifadə etməsidir. Elə eyni gün “Ermənistanın səbəbsiz hücum və dezinformasiya kampaniyasının qurbanı olduğunu” yazan Kardaşyan dünyaya səslənib: “Gərginliyin artmasının, baş verə biləcək faciələrin qarşısının alınması üçün dünya miqyasında siyasi və diplomatik tədbirlərə, baş verənlərin araşdırılması üçün beynəlxalq müşahidəçilərə ehtiyacımız var”.

Kardaşyan öz yalanlarında dezinformasiyadan, psixoloji manipulyasiya üsullarından da istifadə edir. “Tvit”ləri onun özü paylaşsa da, ümumilikdə bu məsələdə başqaları tərəfindən idarə edildiyi məlumdur.

İşğalçıya maddi dəstək

Nə Ermənistan, nə də Azərbaycan və Türkiyədə baş verənlərdən xəbəri olan Kim Kardaşyan son “tvit”ində “beynəlxalq təhlil”ə də “baş vurur”: “Bakını işğalı saxlamağa çağırmaq, ABŞ-dan Azərbaycana göndərilən hərbi yardımı dayandırmaq, Türkiyəyə Bakıya silah və döyüşçü göndərməməsilə bağlı xəbərdarlıq etmək lazımdır”.

Halbuki, Azərbaycan bu məsələdə haqlı və güclü tərəfdir. O, məhz bu üzdən ərazisinin bir qismini artıq işğaldan azad edə bilib. Yalnız Rusiyanın prosesə qarışması ilə Ermənistanın istədiyi atəşkəs elan edilsə də, razılaşmanı pozan tərəf yenə Ermənistan olub.

Bəs Kardaşyan nə edir?

Ermənilərə yardım fonduna 1 milyon ABŞ dolları məbləğində vəsait köçürtdüyünü elan edən Kardaşyan izləyicilərini də bu kampaniyaya qoşulmağa çağırıb. “Ermənistanı dəstəkləmək üçün həyata keçirilən beynəlxalq aksiyanın bir hissəsi olduğum üçün fəxr edirəm”, - deyə o, bildirib.

Bunu xatırlatmamın iki səbəbi var: əvvəla, Kardaşyan insan kimi nə qədər məşhur, nə qədər zəngin olsa da, ədalətsiz işğalı, yalanı müdafiə edir.

İkincisi, gələk bizim məşhurlara... Sayları və adları məlum müəyyən istisnalar var. Lakin ümumilikdə ölkə xaricində və daxilində yaşayan bütün yazıçı, rəssam, aktyor, aktrisa və müğənnilərin hamısını bir araya toplasan, Kardaşyanın bir dırnağına dəyməzlər. O, haqsız işğalı müdafiə etmək üçün yalanlardan ibarət təbliğat aparır, bizimkilərsə Azərbaycanı haqlı mübarizəsində dəstəkləmək yolunda heç bir addım atmırlar.

FETÖ-nun belə, Enes Kanteri var

Sosial mediada hər kəsin bir məşhur nümayəndəsi var. Məsələn, Amerikada FETÖ-nü təbliğ etmək üçün ağlasığmaz yalanları ilə daim aktual olan Enes Kanter. O, dünyanın ən önəmli xəbər kanalı olan CNN-ə çıxaraq, Türkiyənin Suriyada PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatları belə, qaralaya bilib. Kanter Türkiyənin Suriyada kimyəvi silahdan istifadə etdiyini, soyqırım həyata keçirdiyini deyir, bütün dünya da ona tamaşa edir.

PKK məhv edir, onlar susur

Türkiyənin “məşhur”ları isə nəinki Azərbaycanın haqlı mübarizəsinə dəstək olmur, Türkiyəni parçalamağı hədəfləyən, bunun üçün türk-kürt fərqi qoymadan günahsız mülki şəxsləri öldürən, polis, əsgər, mühafizəçi, müəllim, fəhlə, həkim və s. şəhid edən PKK terror təşkilatının hücumlarına qarşı da susurlar. Diyarbakır analarına, Şırnakdakı şəhid ailələrinin mübarizəsinə belə, dəstək olmurlar.

Bəzilərisə nəinki susur, üstəlik, PKK-nın özünün etiraf etdiyi hücumları ilə bağlı aşkar yalanlar yazır, izləyicilərini aldadır. Bütün dərdləri yanlız öz imiclərini qorumaqdır – “demokrat”, “müxalif” görünmək. Düşünürlər ki, Türkiyənin haqlı olduğu mübarizələrindən birinə dəstək olarlarsa, “hökuməti dəstəkləyir” “damğa”sı ilə yazdıqları kitabları, buraxdıqları albomları, konsert biletlərini sata bilməyəcək, çəkildikləri filmləri izləyən olmayacaq. Ola bilin ki, “PR” menecerləri tərəfindən bu cür istiqamətləndirilirlər. Amma istənilən halda onlar yalnız bizneslərini qorumağa çalışırlar. Onlar üçün ölən, yaralanan günahsız şəxslər, terrorçuluqla mübarizə yolunda həyatını itirən, qanları axıdılan insanlar yox, bilet, kitab, film müştəriləri önəmlidir.

Məhz bu üzdən, terror təşkilatının mediası sonuncu dəfə Hatayda meşə yanğınları zamanı olduğu kimi, PKK-nın əvvəlki hücumları zamanı da qulaqlarını və gözlərini qapamışdılar. Hər biri “təbiət aşiqi” olan, yeri gəldikdə “toz-tozanaq qoparan” bu məşhurlar PKK körpələri öldürən zaman, kəndlərə hücum edib insanları yandıran zaman səslərini çıxarmırlar.

Halbuki, meşələrə od vuran terrorçular növbəti dəfə şəhərləri, iş yerlərini, nəqliyyat vasitələrini, məhəllələri yandıracaqlarını elan edirlər. Demək, onlar bənzər hücumlarını yaxın gələcəkdə də təkrarlayacaqlar. Görəcəksiniz, bizim “məşhur”lar yenə susacaqlar…

Onların bir dərdi var – şöhrətlərini qorumaq.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Hürriyet
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.