Qarabağa dair “yol xəritəsi” - Bakı “qırmızı” xətti göstərdi

26-10-2016, 10:13           
Qarabağa dair “yol xəritəsi” - Bakı “qırmızı” xətti göstərdi
Azərbaycan danışıqlarda bundan sonra hansı çərçivədə hərəkət edəcəyi haqda işğalçıya və vasitəçilərə aydın mesaj verib; politoloq: “Sülhün alternativi, ən azından silahlanma yarışıdır ki, bu yarışa da Ermənistan tab gətirə bilməyəcək...”
2016-cı il həm də Qarabağ məsələsində Azərbaycanın mövqeyinin aydın şəkildə ortaya qoyulması ilə yadda qalacaq. İstər apreldəki uğurlu blits-hərbi əməliyyatlar olsun, istərsə də ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin problemin dinc həll yolu ilə bağlı irəli sürdüyü ədalətli çözüm formulu, faktiki, “yol xəritəsi”, rəsmi Bakı bir daha dünyaya bəyan etdi ki, konfliktin həllini necə görür və onun üçün “qırmızı xətt” nədir.


Bu prinsipial mövqe növbəti dəfə ATƏT-in Minsk Qrupu həmsədrlərinin və onların ardınca Xorvatiya prezidentinin Bakı səfəri çərçivəsində ölkə başçısı səviyyəsində bəyan edildi.

***

“Təəssüf ki, uzun illərdir torpaqlarımız işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi, təkcə Dağlıq Qarabağ deyil, həm də Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusən BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır” - Azərbaycan prezidenti Xorvatiya lideri ilə keçirdiyi görüşdə deyib.

Image result for İslam Əməkdaşlıq Təşkilatı
Prezident həmçinin xatırladıb ki, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar da oxşar sənədlər qəbul edib: “Lakin təəssüf ki, münaqişə həll olunmur. Çünki Ermənistan sülh istəmir, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Ermənistan Minsk Qrupunun həmsədri olan ölkələrin - ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə verdikləri bəyanata qulaq asmaq istəmir. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın 3 aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Bu, qəbuledilməzdir.

Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquqa riayət etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın bu oyuncaq rejimini tanımır”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı bir ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir. Ötən həftə isə o, bəyan eləmişdi ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına getməyəcək, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt müzakirə predmeti olmayacaq və bunu Ermənistan da yaxşı bilir.

***
Ekspertlər də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan bu ədalətli mövqeyini yeganə optimal yanaşma hesab edirlər. Politoloq Rasim Musabəyov o qənaətdədir ki, ermənilərin, onların lobbiçilərin nə deməyindən asılı olmayaraq, Dağlıq Qarabağın Azərbaycandan ayrılması söhbətini hətta yaxına belə buraxmayacaq. “Prezident İlham Əliyevin məlum bəyanatının mahiyyəti də ondan ibarət deyil ki, Azərbaycan tanınma ilə bağlı təzyiqlərə boyun əyəcək, odur ki, belə tanınma heç vaxt olmayacaq”, - deyə ekspert “Vestnik Kavkaza” nəşrinə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, nizamlama prosesində irəliləyiş olmazsa, sülhün alternativi ən azı, qarşısıalınmaz silahlanma yarışı, təmas xəttində mütəmadi insidentlər olacaq. “Bu, o deməkdir ki, Ermənistan üçün bağlı olan kommunikasiyalar, beləcə həmişə bağlı qalacaq. Bu - həmçinin informasiya müharibəsi demək olacaq - hansı ki, gedir və diplomatik mübarizə formasında davam edəcək. Ümumən əgər söhbət ən azı, yarışdan gedirsə, - yəni kim tez çökəcək, - o zaman Azərbaycanın demoqrafik, maliyyə, iqtisadi imkanları onu davam etdirmək üçün qat-qat böyükdür” - Musabəyov əlavə edib.


O ki qaldı İrəvanın “İsgəndər” raket kompleksləri ilə öyünməsinə, ekspert düşmən tərəfinin sevinci üçün əsas görmür: “Nə olsun ki, onlarda belə bir sistem var. Eynilə bu cür uzaqvuran silahlar Azərbaycanda mövcuddur. Özü də Azərbaycan ərazisindən Ermənistanın istənilən həyati əhəmiyyətli mərkəzini vurmaq hətta indi də mümkündür. Ermənistan isə həyati əhəmiyyətli hədəflərimizə çatmaq üçün ”İsgəndərləri" işğal altındakı ərazilərə gətirməlidir. Düşünmürəm ki, Rusiya bu sistemlərlə birgə Ermənistana onu Dağlıq Qarabağa keçirmək hüququ da verib".

***
Bu arada ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə bu il üçün son səfəri də siyasi şərhçilərin diqqətindən yayınmayıb. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, səfərdə yeganə məqsəd Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdir. Onun fikrincə, belə bir görüş ilk növbədə həmsədrlərə və Ermənistan hakimiyyətinə lazımdır. “Həmsədrlərə ona görə lazımdır ki, ATƏT rəhbərliyi və öz nazirləri qarşısında vəziyyətin nəzarət altında olduğuna dair hesabat verəcəklər. Yüksək maaş alan həmsədrlər ilin sonuna qədər hazırlayacaqları hesabatı prezidentlərin görüşü ilə tamamlamaq istəyirlər. Ən pis halda iki ölkənin xarici işlər nazirlərini görüşdürəcəklər. Ermənistan hakimiyyətinə isə bu görüş status-kvonu uzatmaq üçün lazımdır” - politoloq qeyd edib.


Onun sözlərinə görə, Vyana və Sankt-Peterburq görüşləri münaqişənin mərhələli həllini sürətləndirmək əvəzinə, ATƏT-in cəbhə bölgəsində monitorinq çalışmalarını genişləndirib: “Bu çalışmalar Ermənistanın xeyrinədir ki, ATƏT cəbhə bölgəsindəki vəziyyəti daim nəzarətdə saxlasın. Bu cür monitorinq Azərbaycan ordusunun işğalçını təzyiq altında saxlamasına ziddir. Apreldən bu yana ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi geniş monitorinqin aparılması üçün işçi heyətini genişləndirə bilmədi. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib və ATƏT atəşkəsi monitorinq etməklə bu işğalın uzanmasını təminat altına alır”.

Politoloq ilin sonuna qədər prezidentlərin görüşünün baş tutacağına əmin deyil: “Minsk Qrupu işğal atındakı torpaqların boşaldılmasını əvvəlki tək Dağlıq Qarabağa veriləcək statusla əlaqələndirir. Uorlik bölgəyə səfər etmədən öncə bunu açıq bəyan edib. Rəsmi Bakı paket həll variantından imtina etdiyini dəfələrlə bildirib. Həmsədrlər danışıqları sürətləndirmək üçün passiv mövqe nümayiş etdirsələr də, aprel hadisələrinin bir daha təkrarlanmaması üçün fəaldırlar. Bölgəyə səfərləri və prezidentləri görüşdürmək istəkləri də məhz bu məqsədə xidmət edir. Ancaq bu, Azərbaycanın məqsədinə tərsdir. Bütün bu proseslərə ”yox" deməyin yolu işğalçıya təzyiqin artırılmasından keçir. Həmsədrlər danışıqların imitasiyası ilə, sadəcə, hərbi toqquşmanın tarixini bir müddət üçün ləngidə bilərlər, ancaq tam qarşısının alınması onların imkanı xaricindədir. Çünki apreldə düyməyə basılıb və mexanizm işə düşüb. Mexanizmin adı “torpaqların işğaldan azad edilməsidir”".

Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.