100 ilin intriqası: Putin İrəvana, Narışkin Çanaqqalaya...

10-04-2015, 11:01           
100 ilin intriqası: Putin İrəvana, Narışkin Çanaqqalaya...
Həm qondarma “erməni soyqırımı”nın 100 illiyi münasibətilə İrəvanda keçiriləcək tədbirlərə, həm də Çanaqqala döyüşlərinin 100 illiyinə həsr olunmuş tədbirlərə dəvət alan Rusiya prezidenti Vladimir Putin “əsrin intriqası” ilə qarşı-qarşıyadır.

Nəzərə alanda ki Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostu, Türkiyə isə Avrasiya qitəsində ən mühüm partnyorudur, o zaman Kremlin hansı dilemma ilə üzləşdiyini təxmin etmək çətin olmaz.

“Kommersant” yazır ki, bu səbəbdən Kreml İrəvan və Ankara arasında balans saxlamağa məcburdur. Ona görə də eyni vaxtda keçiriləcək və bir-birinə alternativ olan iki tədbirdə yüksək səviyyədə iştirak imkanlarını nəzərdən keçirir. Qəzetin əldə etdiyi məlumatlara görə, Ermənistana prezident Vladimir Putin, Türkiyəyə isə Dövlət Dumasının spikeri Sergey Narışkin gedəcək.

Virtualaz.org saytının da xəbər verdiyi kimi, Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də İrəvana səfər edəcəyi haqda ilk məlumat martın ikinci yarısında, Ermənistan prezidenti Serj Sərkisyanla Putin arasında telefon danışıqlarından sonra meydana çıxdı. Belə səfərin mümkünlüyü haqda əvvəlcə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi.

Daha sonra Dövlət Dumasının spikeri Sergey Narışkin Putinin İrəvana gedəcəyini təsdiqlədi.

“Yəqin ki, bizim ölkələrimizin münasibətlərinə prezident Vladimir Putinin “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak üçün İrəvana edəcəyi səfər yeni impuls verəcək” - deyə Narışkin bildirdi.

Səfərə hazırlıq getdiyini Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın bundan bir həftə sonra Moskvaya səfəri də təsdiq edə bilərdi. Belə ki, Putin İrəvana səfər edəcəksə, təkcə “soyqırımı” mərasimlərində iştirakla kifayətlənməyəcək, onun Ermənistan rəhbərliyi ilə müzakirə etməli olduğu daha vacib məsələlər də var. Məsələn, Dağlıq Qarabağ münaqişəsi.

Nalbəndyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirdi ki, İrəvanda prezident Putini gözləyirlər. O, Ermənistan və Rusiya dövlət başçılarının yaxın müddət ərzində iki dəfə görüşəcəklərini - əvvəlcə İrəvanda, daha sonra Moskvada Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə bir araya gələcəklərini bildirib.

Beləliklə, Putinin İrəvana səfəri həll edilmiş məsələ sayıla bilərdi. Lakin aprelin 9-da Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində gözlənilmədən hadisələri tələsdirməməyə çağırdı. Peskov bildirdi ki, İrəvana səfər “əvvəlki kimi nəzərdən keçirilir”, daha sonra çoxmənalı tonda əlavə etdi: “Biz müvafiq məlumat verəcəyik”.

Peskov Moskvanın “soyqırımı” təbirlərində iştirakı məsələsinə yeni intriqa qataraq əlavə edib ki, Rusiya Çanaqqala döyüşlərinin yüz illiyində də yüksək səviyyədə təmsil olunacaq, Rusiyadan bu mərasimlərə kimin gedəcəyini Peskov dəqiqləşdirməyib. Bununla belə “Kommersant”a məlum olub ki, İrəvana hər halda Putin gedəcək, Narışkin isə Türkiyədəki mərasimlərə qatılacaq.

Taleyin ironiyasıdır ki, Çanaqqala döyüşlərində Rusiyanın o vaxtkı müttəfiqləri - İngiltərə və Fransa məğlub olublar.

“100 il sonra Ermənistan və Türkiyə I dünya müharibəsinin hadisələrini onların indiki geosiyasi maraqları kontekstində təqdim etmək üçün gərgin səylər göstərirlər. Ermənistan erməni diasporunun dəstəyi ilə İrəvanda “soyqırımı” tədbirləri təşkil edib və orada Fransa prezidenti Fransua Ollandın, ABŞ vitse-prezidenti Cozef Baydenin və digər nüfuzlu qonaqların iştirakını gözləyir. Türkiyə isə bu tədbirlərin rezonansını zəiflətmək üçün Çanaqqala döyüşlərinin 100 illiyini məhz aprelin 24-nə təyin edib” - deyə “Kommersant” yazır.

Rusiyalı ekspertlər deyirlər ki, Putin hər iki tədbirə dəvət almaqla çətin vəziyyətə düşüb. Ona görə də ən yaxşısı o olardı ki, hər iki tədbirə getməsin.

Moskvadakı “Karnegi” mərkəzinin direktoru Aleksey Malaşenko təklif edir ki, Putin hər iki tədbirə prezident komandasının üzvlərini göndərə bilər və bu, ən optimal variantdır.

Erməni mənşəli politoloq Boris Tumanov isə bu fikirlə qətiyyən razı deyil. Hesab edir ki, Putin hökmən İrəvana getməlidir. Əks halda Moskva ilə İrəvan arasında münasibətlərdə status-kvo pozula bilər. Onsuz da Ermənistan Rusiyanın Azərbaycana milyardlarla dollarlıq hücum silahları satmasından narazıdır.

Rusiya xarici işlər nazirinin keçmiş müavini, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Andrey Fyodorov isə hesab edir ki, indiki situasiyada Rusiyanın balansı saxlaması mürəkkəb məsələdir. Bir tərəfdən, Rusiyanın Ermənistanla ənənəvi müttəfiqliyi, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü Moskvanın qarşısında ciddi öhdəliklər qoyur. O biri tərəfdənsə Türkiyə ilə münasibətlərdə xüsusən energetika əməkdaşlığı nəzərə alınarsa, oyuna həddən artıq yüksək stavka qoyulub.

“Ona görə də optimal variant bu olardı ki, Putin İrəvana getsin, ancaq səfəri təkcə “soyqırımı” tədbirlərinə həsr etməsin” - deyə ekspert bildirib.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland da “soyqırımı” mərasimlərinə qatılacaq. Lakin Olland bu mərasimlərdə iştirakını çox yaxşı balanslaşdırıb - Ermənistanla eyni vaxtda Azərbaycana da səfər etməyə qərar verib.

Bu isə ənənəvi olaraq erməniyönümlü dövlət hesab olunan Fransanın nümunəsində mühüm detaldır. Olland təkcə İrəvana səfər etməklə Avropanın Cənubi Qafqazdakı ən mühüm partnyoru, yeganə alternativ təbii qaz mənbəyi olan Azərbaycanla münasibətləri zədələmək istəmir. Belə bir vaxtda Putinin ancaq İrəvana səfərlə kifayətlənməsi Bakının narazılığına səbəb olacaq, Türkiyədəki Çanaqqala mərasimlərində Rusiyanın Narışkin səviyyəsində təmsil olunması isə Ankaranın xoşuna gəlməyəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.