“DQR” idmançıları Avropa Oyunlarına gəlir - Sensasiya

16-06-2015, 15:08           
“DQR” idmançıları Avropa Oyunlarına gəlir - Sensasiya
Ermənistan tərəfi “Bakı-2015” I Avropa Oyunlarının keçirildiyi günlərdə özünü təxribata əl atmaqdan saxlaya bilmədi.

Virtualaz.org saytı xəbər verir ki, erməni KİV-ləri “DQR”-in “idman komitəsinin sədri” Razmik Ovsepyana istinadən sensasion məlumat yayıblar.

R.Ovsepyanın sözlərinə görə, Azərbaycan ərazisindəki bu separatçı və bədnam “dövlət”in iki samboçusu iyunun 20-də Bakıya gedəcək, iyunun 23-də isə onlar artıq Avropa Oyunları yarışlarına qatılacaqlar. Erməni tərəfi görünür, Azərbaycan ictimaiyyətinin reaksiyasını yoxlamaq üçün həmin idmançıların hətta adlarını da açıqlayıb. Bunlar Sose Balasaryan və Aşot Qabrielyandır.

“Qarabağ müharibəsindən sonra Qarabağ idmançıları ilk dəfə olaraq Azərbaycan paytaxtındakı idman yarışlarında iştirak edəcək. Qarabağ idmançıları Ermənistan yığma komandasının tərkibinə daxil ediliblər. Onlar Bakıya Ermənistan pasportları, lakin Dağlıq Qarabağ qeydiyyatı ilə gedəcəklər. Çünki tanınmamış “DQR”-in pasportu ilə sərhədi keçmək olmaz” - deyə erməni mətbuatı yazır.

Rəsmi Bakının bu təxribata reaksiyası maraq doğurur. Əslində bura gəlmək istəyən idmançılar de-yure Azərbaycan (onun işğaldakı Dağlıq Qarabağ bölgəsindən olan) vətəndaşlarıdır, onlar sadəcə Ermənistan pasportu daşıyır.

Belə çıxır ki, ermənilər Azərbaycan qanunlarına şüurlu şəkildə əməl etmək istəmirlər. Yəqin ermənilər düşünürlər ki, Azərbaycan hakimiyyətini fakt qarşısında qoyacaqlar. Rəsmi Bakı da Azərbaycanın işğal altındakı bölgəsindən olan idmançıların Avropa Oyunlarında iştirakı ilə bağlı rəsmi etiraz etməyəcək.

Virtualaz.org saytı Azərbaycanın Gənclər və İdman Nazirliyindən məsələyə münasibət öyrənib. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, “bu məsələni diqqətlə araşdıracaq və müvafiq tədbir görəcəklər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.