Müsavat funksionerləri bir-birlərini hakimiyyətə işləməkdə ittiham ediblər - "...üzvlük haqlarını da vermirlər"

13-04-2015, 15:18           
Müsavat funksionerləri bir-birlərini hakimiyyətə işləməkdə ittiham ediblər - "...üzvlük haqlarını da vermirlər"
“Rövşən Dəmirli hakimiyyətin sifarişi ilə fəaliyyət göstərir. Hakimiyyətin sifarişi ilə bir təşkilatdan o birinə keçir, müxtəlif qərarlar verir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli deyib. O, partiyanın Suraxanı rayon təşkilatının sədrini Müsavat Partiyasına qarşı sabotajla məşğul olmaqda ittiham edib: "Suraxanı rayon təşkilatının rəhbərliyi uzun müddətdir ki, Müsavat Partiyasının əleyhinə təbliğat aparır. Qərarlara tabe olmamaqla yanaşı, üzvlük haqlarını da vermirlər. Rövşən Dəmirli Müsavat adına iclas çağırıb, lakin Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü olmayan adamları dəvət etməyib. Ona görə də hesab edirəm ki, o, hakimiyyətin sifarişi ilə fəaliyyət göstərir”.

Rövşən Dəmirli isə APA-ya açıqlamasında M. Hacıbəylinin özünü hakimiyyətlə əməkdaşlıqda ittiham edib: “Birincisi, bizim Müsavata qarşı mənfi fəaliyyətimizi Mustafa Hacıbəyli heç vaxt sübut edə bilməz. Əksinə, mən düşünürəm ki, Mustafa Hacıbəyli hakimiyyətə işləyir, çünki Müsavatda daxili çaxnaşmanın yaranmasına səbəb olan şəxslərdən biri də odur. Necə olur ki, qurultay ərəfəsində Rövşən Dəmirli onlara ən əziz adamlardan biri idi, ancaq qurultaydan sonra hakimiyyətə işləməyə başlayıb?! Mən 1992-ci ildə Müsavat bərpa olan gündən partiyanın üzvü olmuşam və onun rayon təşkilatına rəhbərlik etmişəm. Belə bir adam birdən-birə heç vaxt hakimiyyətə işləyə bilməz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.