İki oğlu qadın üstə güllələnən anadan üsyan: “Zaur Tərlanova ömürlük həbs verilsin” – FOTO

11-01-2019, 09:05           
İki oğlu qadın üstə güllələnən anadan üsyan: “Zaur Tərlanova ömürlük həbs verilsin” – FOTO
“O qadın könüllü surətdə oğlum Cavid Rəhimova mesajlar yazıb. Aralarında cəmi ay yarım söhbət olub. Zaur Tərlanov saxladığı həmin qadın üstə “Vinçester”lə 2 metr yarımdan oğlanlarımı vurub öldürdü.
Ona ömürlük həbs cəzası verilsə də, sonradan nə oldusa apelyasiyada 20 illik müddətli həbslə əvəzləndi. Mənim üsyanım bu qəraradır.
Zaura verilmiş ömürlük cəza qaytarılsın və iki balam haqqında yalan yazan bəzi saytlar bu uydurmalara son qoysunlar”.
Bu sözləri Reportyor.info-ya video müsahibəsində Rəhimova Niyar Həmzə qızı söyləyib. O, Bakının Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 7, mənzil 39-da yaşayır.
2015-ci il,yanvarın 8-də iki oğlu – Cavid və Cahid Rəhimovlar qəsəbə sakini Zaur Tərlanov tərəfindən öz maşınlarında güllələniblər.
Z.Tərlanov evlidir, üç övladı var. Amma yaşadığı ikinci qadın olan Xanım Aslanovanın Cavid Rəhimova ay yarım könüllü şəkildə yazdığı gizli mesajlar faciə ilə bitib.
Zaur görüşdüyü X.Aslanovanı yox, Cavidi güllələyib, sonra sükan arxasında olan qardaşı Cahidi qətlə yetirib. İndi o qadının harda olduğu, gizləndiyi bəlli deyil.
İki balası qətlə yetirilən Niyar Rəhimova məhkəmələrin ədalətsiz qərarına və bəzi media quruluşlarının şayiələr yaymasına üsyan edir.
Dərdli ana video çıxışında deyir ki, Z.Tərlanov ömürlük həbs cəzası alsa da, sonra hökm 20 illik müddətli həbslə əvəzlənib. O, oğlanlarının qatili ilə bağlı verilən qərardan Ali Məhkəməyə şikayət edib və yanvarın 17-də işə baxılacaq.
“Guya ki, 29 yaşlı namaz qılan oğlum, kərbəlayı balam Rəhimov Cavid Abdulla oğlu onun həyatına yoldaşına sataşıb. Bu qadın Zaurun nə ailəsidir, nə sataşmaq söhbəti olub, nəhadisədən sonra ilk irəli sürülən zorlama iddiası təsdiqini tapıb.
Başdan ayağa iftira, yalan…Bəzi xəbər portalları da dəqiqləşdirməmiş səhv xəbərləri tirajlayırlar, hələ də balalarımın ruhunu incidirlər.
Zaurun gözəl ailəsi, təhsilli həyat yoldaşı, üç övladı var. Bu qadın onun arvadı olmayıb, uşaqları yoxdur.
Hadisədən bir müddət qabaq Cavidi qəsəbədən çıxarıb, 7-8 nəfər döymüşdülər. Amma Cavid polisə şikayət eləmək istəməmişdi”, – deyə N.Rəhimova bildirir.
Onun sözlərinə görə, haqqı bərpa olunmasa, özünü yandıracaq: “Yanvarın 17-də məhkəmədir. Mən Allahıma və prezidentimə, dövlətin qanunlarına sığınıram.
Zaur Tərlanova verilmiş ömürlük hökmün 20 illik həbslə dəyişdirilməsi necə oldusa, bəzi məmurların əli ilə baş verdi. Mən tələb edirəm ki, ömürlük həbs qaytarılsın.
Hər insanın aqibəti torpaqdır. Mənim o uşaqlardan başqa heç kimin yoxdur. Onlardan körpələri qalıb. Bu qədər Allahsızlıq olub. 4 ildir ki, bəzi saytlar oğluma şər-böhtan atırlar. Sənədlər ortadadır, bütün ittihamlar rədd olunub.
Bir il məhkəmələrə getdim, ömürlük verildi, apelyasiyada təsdiqləndi. Qarşı tərəfdən kassasiya şikayəti verildi, Ali Məhkəmədə nə oldusa, apelyasiyada qaytarılıb 20 illik müddətli cəza ilə əvəzləndi.
Bütün dövlət strukturlarına yazmışam. Mən medianı dəvət edirəm, yanvarın 17-də, səhər 11-də Ali Məhkəməyə gəlib görsünlər dediklərimdən fərqli məhkəmədə söylədiyim nəsə olacaqmı?
Qanunsevər prezidentimiz İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Ali Məhkəmə sədri cənab Ramiz Rzayevə yazmışam, cənab Fuad Ələsgərova müraciət eləmişəm.
Hamısı bildirib ki, ana, haqqın bərpa olunacaq. Bir ananın faciəsini bu qədər ayaqlar altına atmaq olmaz. Onun ali təhsilli qohumları var, mənim axı heç kimim yoxdur?!”
İki oğlu öldürülmüş ana danışır ki, hadisə vaxtı böyük oğlu sükanda olub, kiçik oğlu yanında oturub: “Bu adam necə planlaşdırıbsa, birinci kiçiyimi vurub, sonra sükanda olan oğlumu güllələyib.
Onlar tərəf barışıq təklif eləmişdilər, dedim necə keçə bilərəm? Varım-yoxum 2 övladım var, başqa kimim var? Zaur məni Ağır Cinayətlər Məhkəməsində hədələyirdi ki, səni tikələyib qulağınboyda edəcəm. Daha mənə nə edəcəksən? Mənə olan, olub da…”
Gözü yaşlı ana çarəsiz şəkildə olduğunu, dövlətə güvəndiyini söyləyib: “Bəstəkarlara yazacam ki, balalarıma layla yazsınlar. O, iki adam öldürməyib, 4 adam öldürüb.
Məni də, oğlanlarımın atasını da onlarla bir yerdə öldürüb. Mən onsuz da canlı ölüyəm də. İmkan versinlər heç olmasa nəvələrimə baxım.
Məhkəməyə yalvarıram ki, daha gücüm çatmır, məhkəmələrə getməyə taqətim qalmayıb. Bircə gün məhkəmə qapısında öləcəyəm. Balalarımın haqqını tapdalamasınlar.
Axı mən yazığam?! Saytlara yalvarıram, yalandan yazmasınlar. Bu qadın oğluma könüllü mesajlar yazıb, yazmayaydı da uşağıma. Qadın deyil, şeytandır o…
Onun yiyələrinin namusu-qeyrəti olsaydı, Xanımı çoxdan öldürmüşdülər. Heç bilmirlər ki, indi hardadır. Bilmirik ki, gizlədiblər, harda saxlayırlar, nə ediblər.
Atası deyirdi ki, o qız övladım deyil. Bəs indi nə oldu? Hanı o arvad, bəyəm Zaurun arvadı idi ki? Ondan heç uşağı yoxdur.
Zaur Tərlanovun öz arvadı var. Təhsilli, xanım-xatun qadındır, üç uşağı var. Sadəcə, bu qadın onu yoldan çıxarmışdı, sonra mənim balamı gəlib tapdı.
Əgər arvadın idisə, namusun idisə, öldürürdün onu vuraydın. İndi də Zaurun yaxınları ora-bura yazırlar, yalan yayırlar, guya oğlum onun arvadına sataşıb.
Bütün sənədlər var, heç bir ittiham təsdiqlənməyib. Onun arvadı idi ki, hələ bir namusuna sataşa da? Oğluma könüllü mesajlar yazıb.
Zaur onu öldürəydi də. Bir balamı vurdun, o birini niyə güllələyirdin? Böyük oğlum qardaşını can verəndə görüb. Mənə bu dağı çəkdilər, yaşamaq üçün heç bir səbəb qoymadılar, heç olmasa ruhlarından əl çəksinlər, nəfəs almağa qoysunlar bizi.
Mənim son ümidim prezidentə və Allahadır. Zaur haqqında verilən son hökm dəyişdirməli, ilk qərar qüvvədə saxlanmalıdır”.
Qeyd edək ki, hadisə 2015-ci il yanvarın 8-də baş verib. Zaur Tərlanov Qaradağ rayonu, Sahil qəsəbəsində 1980-ci il təvəllüdlü Cahid və 1985-cı il təvəllüdlü Cavid Rəhimovları sonunculara məxsus “Lexus” avtomobilində odlu silahla qətlə yetirib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilirki, yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.
Reportyor.info yanvarın 17-də məhkəmədən reportaj təqdim edəcək, bütün tərəflərin mövqeyini işıqlandıracaq.




Arifə Əliyeva
REPORTYOR.infoшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.