"Kimsə yumurtaya dədəsinin qiymətini qoyub satırsa, buna biz neyləyək?" - Açıqlama

22-10-2015, 21:43           
"Kimsə yumurtaya dədəsinin qiymətini qoyub satırsa, buna biz neyləyək?" - Açıqlama
Azərbaycanda bir çox ərzaq məhsullarının bahalaşması davam edir. Gündəlik istifadə etdiyimiz yumurtanın qiyməti isə “oynamaq”da davam edir. Ən kiçik ölçülü yumurta 12 qəpikdən ucuz deyil.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev məsələ ilə bağlı Modern.az saytının suallarını cavablandırıb: “Bizim cəmiyyətdə yumurta 4 çeşiddə istehsal edilir. Ölçülərinə görə qiymətləri fərqlidir”.

Sədr böyüklüyünə görə yumurtaların 8, 9, 10, 11qəpiyə satıldığını deyib: “Bu, topdansatış qiymətləridir.

Mağaza və marketlər də qazanmaq üçün, əlbəttə, qiyməti artırmalıdır. Əks halda, xeyir qazanmazlar”. O, deyib ki, məhsullar mağazalara verildikdən sonra satış qiyməti ilə maraqlanmırlar:

“Qiymətə nəzarət edən müvafiq qurumlar var. Biz istehsalçı olaraq alıcıya məhsulu satırıq.

Dükan, yaxud market həmin məhsulu neçəyə satacaqsa, buna özü qərar verir. Amma maksimum 1-2 qəpik artıra bilərlər. Kimsə dədəsinin qiymətini qoyub satırsa, buna biz neyləyək?

Üstünə 4 qəpik qoyanda təxminən 40-45 faizlik qiymət artımına səbəb olur ki, bu da alıcıların narazılığına səbəb olur”. Aydın Vəliyev deyib ki, manatın devalvasiyasından böyük zərər görüblər:

“İstehsal üçün lazım olan taxıl, buğda, soya və digər qidaların 90 faizini xaricdən alırıq. Bazarda tələb və təklif məsələsi var. Hazırda yumurta istehsalı həddindən artıq çoxdur, heç xaricə çıxara bilmirik.

Devalvasiyadan sonra cəmiyyətə 35 faiz ziyan dəydi. Buna baxmayaraq, digər məhsullarla müqayisədə quşçuluq məhsulları 2-3 dəfə ucuzdur.

Məsələn, kənd yumurtası 22 qəpikdən aşağı düşmür, dana və qoyun əti quşçuluq məhsullarından 3 dəfə bahadır. Amma sovetlər dönəmində qiymətlər ən pis halda 1 rubl fərq edirdi. Hazırda quşçuluq məhsullarının bahalaşması yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.