Prosedurlar 2-yə, qoşulma müddəti 20 günə endirildi…

15-02-2019, 22:39           
Prosedurlar 2-yə, qoşulma müddəti 20 günə endirildi…
Bu gün “Azərişıq” ASC mətbuat nümayəndələrinin iştirakı ilə 1 saylı “ASAN Kommunal” mediatur təşkil edib. Azərişıq ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli jurnalistlərə məlumat verib ki, Prezident İlham Əliyev tərəfindən ötən il dekabrın 25-də “Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmana edilən dəyişiklikliklərdən sonra prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə qoşulma müddəti isə 20 günə endirilib.

Elsevər Rüstəmlinin sözlərinə görə indi tələbatı 150 kilavata qədər olan obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkarın KOB evləri, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə yaxınlaşması kifayətdir.

“Mərkəzə yaxınlaşan kimi sahibkar sənədlərini təqdim edir və kVt-a uyğun olaraq ödənişini edib gedir. Dərhal elektron xəritə üzərindən obyektin yeri, ona ən yaxın məsafədə yerləşən güc mərkəzi təyin olunur və xəritədən çıxarış ASAN-portala yerləşdirir”-o deyib.

E.Rüstəmli jurnalistləri məlumatlandırıb ki, mərkəzin digər otağında qərarlaşan müvafiq qurumların nümayəndələrindən ibarət Texniki Şura üzvləri 10 gün müddətində xəttin trassasını, adiyyəti qurumlarla razılaşdırılmaları, texniki şərti və layihə sənədlərinin hazırlanmasını təşkil edir.

Növbəti 10 gün müddətində isə Enerji Təchizat Müəssisəsi elektrik quraşdırma işlərini həyata keçirir, sayğac qoyulur, Texniki Şərt, Layihə, akt, müqavilə paketi ikinci prosedur olaraq sahibkara təqdim olunur.

“Beləliklə, birinci dəfə ASAN Xidmətə gələn sahibkarla, ikinci dəfə onun obyektində təmas qurulur. Bununla da sahibkarla iki təmas olmaqla cəmi 20 gün müddətinə onun obyektinə işıq verilir”-o bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.