“Sonrakı aylarda da çox ciddi islahatlar aparılacaq” - İlham Əliyev

25-02-2019, 15:03           
“Sonrakı aylarda da çox ciddi islahatlar aparılacaq” - İlham Əliyev
“İlin birinci ayının sosial-iqtisadi göstəriciləri deməyə əsas verir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir. 2018-ci il dərin iqtisadi islahatlar ili olmuşdur, xüsusilə prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verilmişdir. 2017-ci il isə iqtisadi sabitləşmə ili idi. Biz 2017-ci ildə iqtisadi sabitliklə bağlı çox önəmli addımlar atmışıq. Bu, bizə imkan verdi ki, 2018-ci ildə çox ciddi islahatlara başlayaq və islahatlar özünü göstərir. Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni, ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, eyni zamanda, son illər ərzində aparılan uğurlu sənayeləşmə siyasəti öz nəticələrini göstərir: “Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalı təxminən 14 faiz artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir, bəlkə də birincisidir və onu göstərir ki, sənaye istehsalı sahəsində aparılan işlər, qəbul edilmiş qərarlar bu gün real nəticələrə gətirib çıxarır.

İqtisadi, makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir. Yəni, bütün bunlar görülmüş işlər nəticəsində mümkün olub və bir daha onu göstərir ki, sosial və iqtisadi islahatlara alternativ yoxdur. 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar.

Yanvar ayında Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində apardığım danışıqlar, görüşlər bir daha onu göstərir ki, ölkə iqtisadiyyatına böyük biznes tərəfindən çox böyük maraq var. Azərbaycan ilə əməkdaşlıq etmək istəyən, investisiya qoymaq istəyən şirkətlərin sayı artır və növbəti illər üçün xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil edəcəkdir. Eyni zamanda, Davosda aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə də görüşlərim onu göstərir ki, Azərbaycanda aparılan islahatlara çox böyük maraq var və bu islahatlara çox yüksək qiymət verilir. Biz dünyanın aparıcı beynəlxalq maliyyə qurumları – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlıq aparırıq. Dünyanın bu aparıcı maliyyə qurumlarının yüksək vəzifəli nümayəndələri bu yaxınlarda Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında iştirak etmişlər və əminəm ki, bizim bu qurumlarla əməkdaşlığımız gələcəkdə də çox uğurlu olacaq.

Yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edildi, üçüncü proqrama yekun vuruldu. Üçüncü proqram artıqlaması ilə icra edilmişdir. Qarşımızda duran bütün vəzifələr icra olunmuşdur. Beləliklə, son 5 il ərzində, xüsusilə bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələri icra edilmişdir. Beş ilə hesablanan dördüncü proqram bizə imkan verəcək ki, bu günə qədər görə bilmədiyimiz işləri, layihələri yerinə yetirək və bu gün icra olunan layihələri başa çatdıraq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.