“Konstitusiya Məhkəməsinin qərarı banklar üçün “sürpriz” ola bilər” - Ekspert rəyi

21-04-2015, 16:07           
“Konstitusiya Məhkəməsinin qərarı banklar üçün “sürpriz” ola bilər” - Ekspert rəyi
Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı verəcəyi qərar ciddi müzakirələrə səbəb olub. Ekspertlər eyni qanunvericiliyə istinad edərək, fərqli nəticələrə gəliblər.

Həmçinin, əksər ekspertlər məhkəmənin bankların xeyrinə qərar çıxaracağını ehtimal edir. Onlar bildirirlər ki, bu məsələ ilə bağlı sadalanan maddələr istənilən yöndən yozula bilər. Məhkəmənin qərarı mayın 7-də olacaq.

Hüquqşünas Ələsgər Məmmədli isə musavat.com-a açıqlamasında bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı vətəndaşların xeyrinə olması ehtimalı var: “Əslində mən banklar üçün sürpriz gözləyirəm. Əgər həqiqi hüquqi analiz aparılacaqsa, bu normadan çıxacaq nəticə bankların xeyrinə ola bilməz. Banklar üçün sürpriz dedikdə mən onu nəzərdə tuturam ki, hər iki tərəf Azərbaycan mənşəlisə, o zaman Konstitusiya Məhkəməsi bunu nəzərə alıb, maddə 439.1-in tələbinə əsasən, bankların lehinə yox, borc öhdəliyi yaranan tərəfin lehinə də qərar verə bilər”.

O, misal olaraq Mülki Məcəllədəki bir neçə maddəni sadalayıb: “Tərəflərdən biri xarici olduqda, xarici valyuta ilə kredit verilir müddəasına heç bir ekspert rəy bildirməyib. Halbuki bu, ciddi məsələdir və Konstitusiya Məhkəməsinin qərarı bu məsələni də qiymətləndirməlidir. Maddə 439.1-də göstərilir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Bu maddənin izahında önəmli olan xarici valyuta ilə borcun verilməsi tərəflərdən birinin Azərbaycan tərəfindən olmaması zamanı qanun da yasaqlamırsa, mümkün ola bilər. Amma həm bank, həm də pul götürən tərəf Azərbaycan mənşəlidirsə, pul manatla ifadə edilməli idi. Maddə 439.1-də ilk cümlə “Pul öhdəliyi manatla ifadə edilməlidir”, - əmredici normadır. Bu normanın istisnasını isə “Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər”, - deyərək, iki şərtlə mümkün edir. Şərtlər tərəflərdən birinin xarici olması və qanunvericiliyin də buna yol verməsidir. Həm də bu şərtlərin biri təkbaşına olmaz, hər iki şərt bir arada mövcud olduqda mümkündür. Bankların etdiyi müştərilərin mənafeyinə ziddir və fikrimcə, Konstitusiya Məhkəməsi bu amildə tərəflərin hüquq qarşısında bərabərliyi prinsipini nəzərə alaraq, Konstitusiyanın 25-ci maddəsinə də istinad edərək, bu məsələni qabardacaq. Ayrıca, maddə 439.1-də öhdəliyin manatla olduğu bildirilir. Yəni ödəniş manatla ifadə edilmir - öhdəlik manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici deyilsə, bank öhdəliyi dollarla ifadə edib, manatla ödəyə bilməz. Bir çox insan 439.1-ci maddənin adını çəkmədən, 439.2-yə istinad edir. 439.2-ci bənd 439.1-in bəhs etdiyi hüquqi vəziyyətin elementlərini aydınlaşdırır. 439.1-in şərti yoxsa, 439.2-ni bayraq tutmaq mümkün deyil”.

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, Konstitusiya Məhkəməsi bankların xeyrinə qərar verəcək: “Məsələ ilə əlaqədar əvvəlki fikrimdə qalıram. Hesab edirəm ki, Konstitusiya Məhkəməsi əsasən bankların xeyrinə qərar verəcək. Həm hüquqi, həm məntiqi, həm də xarici təcrübə baxımdan bu, düzgün olardı. Ümumiyyətlə isə bu məsələnin Konstitusiya Məhkəməsinə belə tez çatması müsbət haldır. Bəlkə bundan sonra devalvasiya nəticəsində zərərə məruz qalanlar daha düzgün alətdən istifadə etməyə başladılar. Həmin yol xarici valyutada kredit müqaviləsinin etibarsız olması tələbinin irəli sürülməsidir”.

Ekspertin sözlərinə görə, Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə və Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən vətəndaşlar bunu tələb edə bilərlər.

“Nəticədə borc alanlar dollarla da olsa, ödədiyi faizləri çıxaraq, banklara borclarını qaytaracaqlar. Bu da müəyyən qədər kompensasiyadır”, - deyə ekspert vurğulayıb.

Ə.Həsənovun sözlərinə görə, dollarda olan borcların əvvəlki məzənnə ilə qaytarılması mümkünsüzdür: “Bunun əksini iddia edənlər Mülki Məcəllənin 439.7-ci maddəsinə istinad edirlər. Orada deyilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri, yəni məzənnə artmış, azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Əlbəttə, müddəa çox primitiv şəkildə ifadə olunub. Amma hər bir halda burada xarici valyutadan söhbət getmir. “Xarici valyuta” ifadəsi heç xatırlanmır da... Burada söhbət pul vahidinin nominal dəyərindən gedir, digər valyutalara nisbətindən yox... Pul vahidinin nominal dəyərinin dəyişməsi denominasiyadır. Yəni, məsələn, Azərbaycanda 2006-cı ildə baş vermiş son denominasiya nəticəsində 5000 manat 1 manata bərabər tutulmuşdu. Yəni pul vahidinin nominal dəyəri azalmışdı. Sözügedən müddəanın pul vahidinin xarici valyutaya nisbətinin, yəni valyuta məzənnəsinin dəyişməsi kimi başa düşmək texniki cəhətdən də mümkün deyil. Çünki pul vahidi eyni zamanda bir valyutaya nisbətdə bahalaşa, digərinə nisbətdə isə ucuzlaşa bilər”.

O, qeyd edib ki, məsələ Mülki Məcəllənin 439.2-ci maddəsi ilə tənzimlənir: “Orada deyilir ki, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Yəni təbii ki, xarici valyutada olan borc manatla ödənilə bilər, amma ödəniş gününə mövcud olan məzənnə əsasında... Bu, beynəlxalq aləmdə də, xarici ölkələrdə də belədir”.

Ekspert Rəşad Həsənov isə qeyd edib ki, Konstitusiya Məhkəməsinin bildirəcəyi fikir vətəndaşın xeyrinə olmayacaq: “Konstitusiya Məhkəməsi devalvasiyadan sonra ictimaiyyətdə ciddi şəkildə çaşqınlığa səbəb olan Mülki Məcəllənin 439-cu maddəsinin bəndlərində pul öhdəliklərinin icrası ilə əlaqədar tələblərin izahını verəcək. Yəni bu maddənin xüsusi ilə 2-ci bəndində nəzərdə tutulan nisbətən anlaşıqsız yazılan ifadənin əslində, hansı anlam daşıdığını təsdiqləyəcək. Məhkəmənin bildirəcəyi fikir vətəndaşın xeyrinə olmayacaq. Çünki bəhs edilən maddə əslində, iqtisadi prinsiplərə uyğundur və konkret olaraq, xarici valyutada kreditin, borcun və yaxud da digər pul öhdəliklərinin öhdəliyin yarandığı günə - yəni ödəniş gününə və ödənişi qəbul edən tərəfin müəyyən etdiyi məzənnəyə uyğun həyata keçirilməli olduğunu göstərir. Bu maddədə ifadə olunan “xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa” ifadəsi digər valyutaların istifadə edilmədiyi və yaxud tərkibində valyutadəyişmə şöbəsi olmayan təşkilatlara şamil edilir”.

Ekspertin sözlərinə görə, hökumət hansısa formada güzəştə getmək fikrində deyil: “Bu, görünmür. Bank sektorunu, o cümlədən də, vətəndaşları ciddi çətinliklər gözləyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.