Köhnə bazara təzə nırx: ENDİRİM FIRILDAĞI - Qodu-qodu (Novruz) ərəfəsi...

18-03-2019, 12:36           
Köhnə bazara təzə nırx: ENDİRİM FIRILDAĞI - Qodu-qodu (Novruz) ərəfəsi...
Qodu-qodu (Novruz) bayramı yaxınlaşdıqca paytaxtda qiymət endirim kampaniyalarının sayı artır.

Monitorinqlər göstərir ki, bu kampaniyalar heç də paytaxtın ticarət obyektlərində qiymətlərin kəskin azalmasına səbəb olmayıb.Belə ki, bəzi ticarət obyektlərinin 50-60 faiz endirim elan etmələrinə baxmayaraq "endirilmiş qiymətlər" yüksək olaraq qalır.Müstəqil ekspertlər də deyir ki, bir çox ticarət obyektlərində endirimlər saxta xarakter daşıyır və bu sadəcə alıcıları cəlb etmək məqsədilə həyata keçirilir.

Bir sıra mağazalarda 50-60 faiz qiymət endirimləri elan edilsə də, reallıqda azalma 10-15 faiz olur, bəzilərində isə ümumiyyətlə, real qiymət endirimləri baş vermir.Saxta endirim kampaniyaları istehlakçıların hüquqlarını pozur.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, mağazalarda baş alıb gedən saxta endirim kampaniyalarından heç cür yaxa qurtara bilmirik:

“Nə qədər deyilsə də, nə bir ölçü götürülür, nə də ki, bir dəyişiklik müşahidə olunur. Müəyyən marka mağazalar var ki, bu ticarət obyektlərində satılan malların (istər orta və istər yüksək brendlər olsun fərq etmir) etiketləri üzərində marka sahiblərinin qoyduqları qiymətlər xarici valyutada əks olunur.

Endirimlər zamanı marka sahibinin razılığı əsasında həmin qiymətlərə müəyyən faizlərdə güzəştlər tətbiq edilir.Bunu hər kəs etiket üzərindəki qiymətlə müəyyənləşdirə və ya həmin brendin internet saytından lazımi informasiya əldə edə bilir.Ölkəmizdəki mağazaların çoxunda marketinq qaydaları kobud şəkildə pozulur.Sahibkar gətirdiyi mala istədiyi qiyməti qoyaraq satır və istədiyi vaxtda da saxta endirimlər etməklə istehlakçıları aldadır.Bu cür hallarla gün ərzində istər məişət avadanlıqları, istər geyim və istərsə də ərzaq məhsulları mağazalarında rastlaşmaq mümkündür.Xüsusilə, qiymətləri artırıb sonra üzərinə xətt çəkərək “endirim” yazan mağazalar, gerçək qiymətləri vətəndaşlara endirim adıyla sırıyırlar. Malın qiymətini 100-200 faiz, hətta 300 faiz artırıb daha sonra 20 faiz endirim edərək satmaqla və ya keyfiyyətsiz, dəbi keçmiş malın üzərində 70 faiz endirim yazaraq həqiqətdə 10-20 faiz endirim tətbiq edərək satanlar bir növ “endirim oyunu” oynayırlar. Məsələn, bu yaxınlarda bilinən bir ayaqqabı mağazasından telefonuma endirimlə bağlı mesaj daxil oldu.Dəqiqləşdirmək üçün həmin mağazaya üz tutdum və həqiqətdə heç bir endirimin olmadığının şahidi oldum.Satıcı müxtəlif bəhanələrlə cavab verməkdən boyun qaçırdı.Mağaza meneceri isə uzun söhbətdən sonra “üzr istəyirik” deməklə kifayətləndi.Ölkəmizdə hətta “outlet” mağazalarda belə real endirimlərə rast gəlmək mümkün deyil.Bildiyiniz kimi, əvvəlki mövsümdən qalan, son seriya, uzun müddət vitrinlərdə qalmış, habelə defekt və ya müştərilər tərəfindən alındıqdan sonra 14 gün ərzində geri qaytarılmış mallar marketinq siyasətinə müvafiq olaraq “Outletlərə” verilməli və həmin mağazalarda çox ucuz qiymətə satılmalıdır.Ölkəmizdə isə bu siyasətə riayət edən mağazalar da yox dərəcəsindədir”.

Ekspert hesab edir ki, endirimlər müəyyən qaydalar əsasında aparılmalıdır:

“AB ölkələrində endirimlər ilin müəyyən vaxtlarında həyata keçirilir. Bizdə isə il uzunu üzərində 70 faiz endirim yazılan mağazalara rast gəlmək mümkündür. İlin 12 ayı endirim ayı ola bilməz. Endirim satışlarının AB-də olduğu kimi müəyyən bir təqvimə və qaydalara bağlanması mütləqdir.Qış mallarına endirimlər aprel ayında, yay mallarına endirimlər sentyabr ayında başlanılmalıdır.Düşünürəm ki, qanuni tənzimləməyə ehtiyac var. Bu pərakəndəliyə və özbaşınalığa çəki-düzən vermək vaxtıdır.Qiymətləri süni şəkildə artıran spekulyantlar təftiş olunmalıdır.Təftişçilər qiymətlərin aylıq dəyişməsini nəzarətdə saxlamalı, əhalidən daxil olan şikayətləri ciddi şəkildə araşdırmalıdırlar.Qiymətləri süni artıranlar cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Vüsalə Əhmədova onu da qeyd edib ki, valyuta məzənnəsindəki artım kimi, mal və ya xidmətin satış qiymətinə real təsir edən amillər olmadan qiymətlərin artırılması qanuna ziddir:

“Məsələn, Türkiyədə belə hallara rast gəlindikdə mağaza 276-345 min TL məbləğində cərimə olunur. Bu ölkədə Ticarət Nazirliyi bələdiyyələrin nəzdində “istehlakçı hüquqlarını qoruyan polis birliklərinin” yaradılması işinə başlayıb.Qiymət artımlarının idarə olunmasında polislərin daha aktiv rol oynayacağı bildirilir.Ölkəmizdə devalvasiya zamanı yerli məhsulların da qiymətində artım müşahidə etdik və hansı ki, bu malların valyuta ilə heç bir əlaqəsi yox idi, bunun isə önünü kəsəcək heç bir real addım atılmadı.Qiymətlərin tənzimlənməsi sərbəst bazar iqtisadiyyatına hər nə qədər zidd addım sayılsa da, problemdən başqa çıxış yolu olduğunu görmürəm.Qiymətlərdəki artımın müəyyən bir konsensusla məhdudlaşdırılması iqtisadiyyatda “heterodoks siyasət” adlanır, lakin bunun “ortodoks pul və maliyyə siyasəti” ilə dəstəklənməsi də şərtdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.