Azərbaycandakı bəzi sığorta şirkətlərinin internet səhifələri Maliyyə Nazirliyinin minimal tələblərinə cavab vermir - ARAŞDIRMA

21-04-2015, 18:00           
Azərbaycandakı bəzi sığorta şirkətlərinin internet səhifələri Maliyyə Nazirliyinin minimal tələblərinə cavab vermir - ARAŞDIRMA
Maliyyə Nazirliyinin 2014-cü il martın 27-də qəbul edilmiş “Sığorta fəaliyyəti sahəsində bir sıra məsələlərin tənzimlənməsi haqqında” qərarına əsasən sığortaçıların rəsmi internet səhifəsi ilə bağlı minimum tələblər müəyyənləşdirilib.

Tələblərə əsasən, sığortaçının saytının ana səhifəsində sığortaçının baş ofisinin, filial və nümayəndəliklərinin ünvanı, telefon nömrəsi və elektron poçt ünvanı, eləcə də, sığortaçının rəhbər işçiləri barədə məlumatlar (soyadı, adı və atasının adı, vəzifəsi) yerləşdirilməlidir.

Saytda PDF formatında yüklənmə və mətn üzrə axtarış imkanlarına malik olan, sığortaçının bütün sığorta qaydaları aydın görünən siyahı üzrə yerləşdirilməlidir.

Sığorta hadisəsi hesab edilə bilən hal və ya hadisə barədə məlumat və həmin məlumatın qəbul edilməsini təsdiq edən avtomatik cavab məktubu göndərmək imkanı verən, hər bir sığorta növü üzrə sığorta hadisəsi barədə spesifik suallardan ibarət sorğu bölməsi mövcud olmalıdır.

Sığortaçıdan və ya onun hər hansı əməkdaşından şikayət verilməsi prosedurunu əks etdirən məlumatlar, həmçinin şikayətlərə görə məsul olan vəzifəli şəxsin telefon nömrəsi və elektron poçt ünvanı yerləşdirilməli, şikayətin elektron qaydada verilməsi və həmin şikayətin qəbul edilməsini təsdiq edən avtomatik cavab məktubu göndərmək imkanına malik olan müstəqil bölmə mövcud olmalıdır.

PDF formatında yüklənmə imkanına malik olan, sığortaçının maliyyə hesabatları yerləşdirilməlidir.

"APA-Economics"in araşdırması nəticəsində məlum olub ki, sığorta şirkətləri internet səhifələrini tələblərə uyğunlaşdırsa da, bəzi sığorta şirkətləri ümumi tələblərin bəzi müddəalarına tam əməl etməyib.

Bəzi sığorta şirkətləri “Sığortaçıların rəsmi internet səhifəsi və elektron informasiya sistemi ilə bağlı minimum tələblər”in 2.1.2 bəndindəki bütün sərtlərə əməl etməyib. Belə ki, bu bəndə əsasən, internet səhifəsində sığortaçının baş ofisinin, filial və nümayəndəliklərinin ünvanı, telefon nömrəsi və elektron poçt ünvanı olmalıdır. Buna baxmayaraq, “Standard Insurance”ın saytında şirkətin baş ofisi, “Era Trans”ın saytında isə 3 nümayəndəliyin - Sumqayıt, Şirvan və Lənkəran nümayəndəliklərinin ünvanı, telefon nömrəsi və elektron poçt ünvanı haqqında məlumat əldə etmək mümkün deyil (Bax foto - 1, 2, 3, 4).

Minimum tələblərin 2.1.4. bəndinə əsasən, PDF formatında yüklənmə və mətn üzrə axtarış imkanlarına malik olan, sığortaçının bütün sığorta qaydaları aydın görünən siyahı üzrə yerləşdirilməlidir. Sığorta şirkətlərinin əksəriyyəti bu qaydaya əməl edib. Amma şirkətlərdən yalnız biri - “Meqa Sığorta”ın saytında avtonəqliyyat vasitələrinin sığortası, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası üzrə qaydalar əks olunmayıb (bax foto - 5, 6, 7).

Tələblərdən biri də sığortaçıdan və ya onun hər hansı əməkdaşından şikayət verilməsi prosedurunu əks etdirən məlumatlar, həmçinin şikayətlərə görə məsul olan vəzifəli şəxsin telefon nömrəsi və elektron poçt ünvanı yerləşdirilməsi, şikayətin elektron qaydada verilməsi və həmin şikayətin qəbul edilməsini təsdiq edən avtomatik cavab məktubu göndərmək imkanına malik olan müstəqil bölmənin mövcud olması ilə bağlıdır. Müşahidələr göstərir ki, bəzi sığorta şirkətləri bu tələbi də tam yerinə yetirməyib. Məsələn, “Standard Insurance” şirkətində şikayət və təkliflər bölməsi olsa da, müştərilərin sayt vasitəsi ilə bu xidmətdən yararlanması mümkün deyil. Dəfələrlə cəhd etsək də saytın müvafiq bölməsində şikayət mətnini yazmaq mümkün olmayıb. Bundan başqa, şirkətin saytında şikayətlərə görə məsul olan vəzifəli şəxsin telefon nömrəsi və elektron poçt ünvanı yerləşdirilməyib. “Amrah Sığorta”ya şikayət və təkliflər bölməsində şriftlərin qarışıq olması müraciət etmək istəyən vətəndaşlarda çaşqınlıq yaradır (bax foto - 8).

PDF formatında yüklənmə imkanına malik olan, sığortaçının maliyyə hesabatları yerləşdirilməsi də əsas tələblərdən olsa da, müşahidələr göstərir ki, bəzi sığorta şirkətləri bu qaydaya vaxtlı-vaxtında əməl etmir. Belə ki, aprel ayı başa çatsa da “Başak İnam”, “Alfa Sığorta”, “Xalq Sığorta” və “Era-Trans” hələ də 2014-cü ilin maliyyə hesabatını saytlarına yerləşdirməyib (bax foto - 9, 10, 11).

28 sığorta şirkətindən yalnız birinin - “Rəvan Sığorta”nın saytı işlək deyil.

Sığorta şirkətlərinin xəbərləri daim yeniləməsi ilə bağlı tələb olmasa da, bu imic ilə bağlı olduğundan şirkətlər buna xüsusi diqqət yetirməlidir. Çünki, sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı yenilikləri, təklif etdiyi məhsulları və xəbərləri mütəmadi saytlarına yerləşdirməsi onların müştərilərinin sayının artmasına gətirib çıxarır. Amma təəssüf ki, sığorta şirkətləri bu amili nəzərdən qaçırır.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.