"Bu vəziyyətdə kim yaşayar?.." - GİLEY

23-04-2019, 11:34           
"Bu vəziyyətdə kim yaşayar?.." - GİLEY
Cəlilabadın Göytəpə şəhərində, xəstəxanada, suyun içində, qaranlıq uçuq-sökük daxmada məskunlaşan ana-balanın acınacaqlı şəraitini görəndə düşünürsən ki, hansısa məmurun bahalı maşınının qarajı heç bu gündə ola bilməz

Amma Ruslan Hüseynov anası ilə 25 ildir ki, xəstəxana binasına sığınaraq zülm-zillət içində yaşayır. Onların nə qazı var, nə normal yataq şəraiti, nə hamamı, nə dolanışığı. Bu 25 il ərzində Cəlilabad bir neçə icra başçısı görüb, amma R.Hüseynovla ağır xəstə olan anasına onların heç biri əl tutmayıb, normal bir evlə təmin etməyiblər.

Bu barədə Sensasiya TV-yə danışan R.Hüseynovun sözlərinə görə, rayonun icra başçısı Namiq Zeynalova etdiyi müraciətlərə baxmayaraq, Cəlilabadın rəhbəri onu başından edib.

“Bu vəziyyətdə kim yaşayar? Bakıda günü 10 manata işləyirəm, o da anamın dərmanlarına gedir.

Özü də 130 manat pensiya alır, heç yeməyə çatmır. Evdə qaz yoxdur, odundan istifadə edirik. Yatmağa belə yerimiz yoxdur. Heç kim bizə kömək etmir.

Mən Namiq Zeynalova yaxınlaşmışdım, dedi ki, təzə gəlmişəm, sonra baxarıq. Bir müddət keçdi, yanına getdim, dedim gəlib gözlərinizlə şahid olun ki, nə gündə yaşayırıq.

Dedi ki, gələ bilmirəm, bizim fondumuz yoxdur, kömək edə bilmərik. Bizim bu yaşayımıza baxın, ev uçur, dağılır, kim mənə ailə qurmaq üçün qızını verər?”

R.Hüseynov Cəlilabadın deputatı Fəzail İbrahimliyə də müraciət edib: “Dedi ki, hüququnuzu qoruyuram, polisə düşsəniz yardım edərəm.

Mən quldur, oğru deyiləm, polislə nə işim var? Qışda buranı görsəniz vicdanınız sızlayar. Amma onların vicdanı sızlamır.

Zəlzələ olmuşdu, baxın, divarlar çatlayıb, bir gün ev uçacaq, altında ölüb qalacağıq. Əminəm ki, prezident vəziyyətimizi bilsə, evlə təmin edər. Biz hər yerə yazmışıq, Cəlilabad icra hakimiyyəti yardım eləmir”.

Doğurdan da N.Zeynalovdan gözlənti var idi ki, təzə icra başçısı kimi özünü göstərəcək, əhali ilə işləyəcək, problemləri həll edəcək.

Amma xəstəxanada, suyun içində, tavanı tökülmüş, döşəməsi dağılmış şəraitdə yaşayan ana-balaya kömək eləmir.

Halbuki, onun imkanı çatar. R.Hüseynov prezidentdən, Mehriban Əliyevadan yalnız kömək gözləyir. Çünki yerli məmurlara olan ümidini itirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.