"Rasim Musabəyov, elə cəsarətlisənsə, büdcəni talayan məmurlardan vergilərə şikayət elə" — Hafiz Hacıyev deputatı "TOPA TUTDU"

9-05-2019, 00:48           
"Rasim Musabəyov, elə cəsarətlisənsə, büdcəni talayan məmurlardan vergilərə şikayət elə" — Hafiz Hacıyev deputatı "TOPA TUTDU"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Məclisin deputatı Rasim Musabəyovun Bakıda yeraltı keçiddə popkorn satan uşağı "həyasız" adlandırması və onun vergi ödəməyini tələb etməsinə sərt reaksiya verib.

Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Rasim Musabəyov "beşinci kalon"un üzvü kimi ölkə Prezidentinin apardığı sosial-iqtisadi islahatları sabotaj edir:

"Mən Rasim Musabəyovu uzun illərdən bəri tanıyıram. Onunla münasibətim də normal olub. Ancaq onun son hərəkətləri açıq göstərir ki, Rasim Musabəyov ölkə Prezidentinin siyasətinə qarşı çıxır. Əgər Rasim Musabəyov həqiqi millət vəkili olsaydı, o zaman həmin uşaqla görüşüb onun vəziyyəti ilə maraqlanardı. O yazıq uşaq öz halal zəhmətilə küçələrdə pul qazanır. Özü də qazandığı pul 1-2 manat ola, ya olmaya. İndi ay Rasim Musabəyov, o uşağın hərəkətində pis nə var? Gərək çıxıb səndən yığdığın milyonların hesabatını tələb etsin? Axı hər şeyi niyə özünlə müqayisə edirsən? Sənin övladların təmtəraqlı yaşayırlar, ancaq o uşaq çörək almağa pul tapa bilmir. Rasim Musabəyov, əgər sənin uşaqların da yeraltı keçidlərdə günə 1 manata işləyib halal pul qazansaydılar, indi belə danışmazdın? Ancaq sənin uşaqların xaricdə kef çəkirlər. Amma görünür, o uşağın valideyni yoxdur. Ona görə də məcburiyyətdən küçədə halal yolla pul qazanır".

Partiya sədri deyib ki, hazırda Azərbaycanda Prezidentin apardığı silahatlara qarşı təxribatlar yaradan və xalqla ölkə başçısının münasibətlərini pozmağa çalışan qüvvələr var:

"Rasim Musabəyov da bu qüvvələrin yanındadır. Əgər belə olmasaydı, o zaman Rasim Musabəyov təmsil etdiyi millətin yanında olardı. Daha qaçıb azyaşlı uşaqdan vergilərə şikayət etməzdi. Rasim Musabəyov, əgər elə cəsarətlisənsə, o zaman dövlət büdcəsini talayan məmurlardan da vergilərə şikayət elə! Həmin məmurlar dövlətin, xalqın pullarını oğurlayıb xaricə yerləşdirirlər, orada restoranlar və otellər alırlar. Bəs nə üçün indiyədək bu barədə bir kəlmə belə danışmağa cəsarətin çatmayıb? Gücün ancaq uşağa çatır. Əgər sənin zərrə qədər vicdanın olsaydı, o uşağa sahib çıxardın, millət vəkili kimi müvafiq qurumların qarşısında məsələ qaldırardın. Çünki o uşağın işləyən vaxtı deyil, dərs oxuyan vaxtıdır. Sənin kimi yarıtmaz adamlara görə bu uşaqların gələcəyi məhv olur. Özünüz bir iş görə bilmirsinizsə, heç olmasa imkan verin cənab Prezident iş görsün. Hər biriniz ölkə Prezidentini aldadırsınız, onun apardığı islahatları sabotaj edirsiniz".

Zaur Hacılı
Demokrat.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.