Paytaxtdakı “yaşıl soyqırım”a deputatdan reaksiya: “İstədiklərini edirlər…”

11-05-2019, 09:11           
Paytaxtdakı “yaşıl soyqırım”a deputatdan reaksiya: “İstədiklərini edirlər…”
“Qanunda dəyişiklik edib, ağacların kəsilməsini imtiyazlı təbəqələrin ixtiyarına buraxmalıyıq”

Teref.az xəbər verir ki bunu sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib:

“Ölkədə kimin imtiyazı varsa, istənilən ağacı kəsə, istənilən yolu bağlaya bilər. Bu istiqamətdə qanunda dəyişiklik etmək lazımdır. İki kateqoriyaya bölməliyik. Kimin imtiyazı varsa, istənilən yerdə ağac kəsə, yolu bağlaya, istənilən yerdə nə istəsə edə bilər. Amma imkansız insanlar üçün bu qadağan olunmalıdır. Avropa ölkələrində də əvvəllər buna bənzər qanunlar olub. Orada da imtiyazı olan şəxslər istənilən addımı ata bilərdilər. Ancaq fəaliyyəti məhdudlaşdırılan insanlar bu işləri görə bilməzdilər. Ona görə fikrimcə, Azərbaycan qanunvericiliyində də bu istiqamətdə dəyişiklik etmək gərəkdir. Artıq bütün məsələlərdə belə etməliyik. Çünki indiki məqamda yaşanan vəziyyət qanunun işləməməsinin göstəricisi olur. Ancaq dediyim dəyişiklik baş verərsə, qanunlar da ölkədə daha rahat işləyəcək. Artıq biləcəyik ki, istənilən imtiyazlı adamlar istənilən işi görə bilərlər. Ağacların dibinə kimyəvi turşu atıb onu məhv etdilər. Belə bir hadisənin olduğunu cəmiyyətdə heç xatırlayan da yoxdur. Kim bina tikmək istəyirsə, rüşvətini verib öz işini görür. Ona görə bu yolla da istənilən ağacı da məhv edirlər”.

Həmsöhbətimiz yarı zarafat, yarı ciddi düşünür ki, belə işləri yalnız imtiyazı olanların edə biləcəyini qanuna salsaq, bu halda cəmiyyətdə narahatlıq da yaranmaz: “Bu halda vətəndaşlar narahat olmur, prosesə alışırlar. Bunları deməkdə məqsədim odur ki, mövcud qanunlar qanunsuz ağac kəsilməsinin qarşısını ala bilmir. Ona görə heç olmasa qanunla prosesi leqallaşdıraq ki, gedib ağacları kəssinlər. Sonra da Bakı tamamilə ağacsız qalacaq. Onda da başımıza daş düşəndən sonra düşünəcəyik ki, necə edək imtiyazları ləğv edək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.