Nizami rayonunda elektrik kabusu – problemin səbəbləri...

14-05-2019, 09:38           
Nizami rayonunda elektrik kabusu – problemin səbəbləri...
Tanrıverdi Mustafayev: “Sxem yığırdılar, ona görə elektrik enerjisinin verilişində fasilə yaranıb”; Əsabəli Mustafayev: “İstehlakçı elektrikin kəsilməsinə görə məhkəməyə müraciət edib, ona dəymiş zərəri tələb edə bilər”
Havalar soyuyanda və isinəndə - elektrik enerjisinə tələbat bir az artan kimi, Bakının Nizami rayonunda elektrik kabusu yaşanır. Qışda baş verənlər bir yana, aprelin 24-də günorta saatlarında Nizami rayonu Rüstəm Rüstəmov küçəsi, 2528-ci məhəllədə elektrikin verilişi dayandırıldı.

Nizami Rayon Elektrik Şəbəkəsinin əməkdaşları əraziyə gəlib, xətlərə, transformatorlara baxış keçirdilər. Lakin problem həll olunmadı. Yuxarıda qeyd etdiyimiz gün saat 17 radələrinə qədər elektrikin verilişi bərpa edilmədi.

Məlumat üçün bildirək ki, yuxarıda qeyd etdiyimiz ünvanda “Yeni Müsavat” media qrupunun redaksiyası da yerləşir. Redaksiyaya hər gün ictimai şəxslər gəlib, canlı yayımda debata çıxırlar. Bundan əlavə, hər gün “Yeni Müsavat” qəzeti çapa hazırlanır, musavat.com, minval.az saytı daimi olaraq online qaydada fəaliyyət göstərib, gün ərzində baş verən xəbərlərlə yenilənir. Ərazidə həmçinin banklar, iri mağazalar, müxtəlif müəssisələr də fəaliyyət göstərir. Elektrik enerjisində yaranan fasilələr bütün bu sadaladığımız müəssisələrin işini iflic edir.

Bəs səbəb nədir? Aprelin 24-də elektrik enerjisi kəsilən zaman Nizami Rayon Elektrik Şəbəkəsindən bildirildi ki, problem yarımstansiyadadır. Deyilənə görə, oradan gələn yüksək gərginlikli xətlərdə problem yaranıb və bu üzdən elektrik təchizatında uzun fasilə verilib. Həmin zaman bildirildi ki, artıq problem öz həllini tapdı və bundan sonra elektrikin verilişində heç bir fasilə yaranmayacaq, lakin...

Mayın 13-də səhər saatlarında yuxarıda qeyd etdiyimiz ünvanda yenidən elektrik enerjisinin verilişində fasilə yarandı. Fasilə bir saatdan çox davam etdi. Bildirildi ki, ərazidə hansısa iş aparıldığı üçün elektrik enerjisinin verilişində fasilə yaranıb. Lakin aparılan işlə bağlı öncədən heç bir istehlakçıya məlumat verilməyib...

Nizami Rayon Elektrik Şəbəkəsinin rəhbəri Həsən Həsənov yaranan problemlərlə bağlı aşağıdakıları bildirdi: “Biz xətləri yoxladıq, lakin hər hansı bir problem aşkarlamadıq. Elektrik enerjisinin hansı səbəbdən sönməsi hələ ki məlum deyil. Araşdırırıq ki, elektrik enerjisinin kəsilməsinin səbəbi nədir. Biz yenidən bu həftə ərzində yoxlama aparıb, lazımi tədbirləri görəcəyik”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev söylədi ki, mayın 13-də elektrik enerjisinin kəsilməsinin səbəbi ərazidə aparılan işlər olub:

“Orada sxem yığırdılar. Ona görə də elektrik enerjisinin verilişində fasilə yaranıb. Haradasa yenidənqurma işləri aparılan zaman elektrik enerjisinin verilişində fasilə yaranır. Əgər həmin ərazidə xüsusi bir müəssisə varsa, o zaman idarəyə rəsmi məktub göndərilir. Bu kimi proseslər zamanı həmin müəssisənin elektriklə təchizatı nəzərə alınır”.

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, belə halda istehlakçılar hüquqları pozulduğu üçün məhkəməyə müraciət edə bilərlər:

“İstehlakçılarla müqavilə bağlanılır. Lakin bu müqavilə tamamilə istehlakçının hüquqlarının müdafiəsində dayanmır. Yəni bu qurum şablon hazırlayır, abunəçilərə qol çəkdirir. Əksəriyyətdə də bu müqavilə mövcud deyil. Elektrik enerjisi 2-3 saat verilmirsə, bu müddət ərzində istehlakçı evdədirsə, televizora baxa, radioya qulaq asa, telefonla danışa, kompüterlə məşğul ola bilmir. Bina evlərində əksər hallarda su, nasos qurğusu ilə verilir. Elektrik enerjisi olmayanda su da gəlmir. Bundan əlavə, kimsə liftdə də qala bilər. Bütün bunlar mənəvi ziyan kimi qiymətləndirilir. O cümlədən bu halda maddi ziyan da var. Məsələn, işıq sönüb, yenidən yanan zaman daha qüvvəli olur. Bu zaman hansısa cihazı yandıra bilər. Əgər məhsul enerjiyə görə yanıbsa, ona verilən zəmanət də keçərli olmur. Nəticədə istehlakçı maddi ziyana düşür. Bütün bunlara görə istehlakçılar məhkəməyə müraciət edə bilərlər. Lakin bu hüquqlarının olmasına baxmayaraq, Azərbaycanda elektrik enerjisinin kəsilməsinə və bundan yaranan problemlərə görə məhkəməyə müraciət etmək halları demək olar ki, yoxdur. Əgər olarsa, müvafiq qurumlar məsuliyyətlərini artırarlar”.

Hüquqşünas bildirib ki, kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərə dəyən zərər daha çoxdur: “Məsələn, mağazada 2 saat enerjisinin kəsilməsi bir çox problemlərə yol aça bilər. Bunların hamısı maddi ziyanlardır. İstehsal müəssisələrinə də bu, çox böyük ziyan vurur. Doğrudur, bir çox müəssisələrdə generatorlar mövcuddur. Lakin bu cihazlar iri müəssisələri tamamilə elektriklə təmin edə bilmir. Çünki böyük müəssisələrin elektrikə olan tələbatı çoxdur. Təəssüf ki, bizdə istehlakçı hüquqları ilə məşğul olan qurumlar yoxdur. Əvvəllər bəzi QHT-lər var idi ki, onlar müştərinin hüquqlarını müdafiə edirdilər. Son illərdə isə onlar da sıradan çıxarılıb. İstehlakçıların əksəriyyəti isə öz hüquqlarını müdafiə etməyi bacarmırlar. Hansı qanundan istifadə ediləcəyini bilmirlər. Hesab edirəm ki, media da bu istiqamətdə maarifləndirici işlər aparmalıdır. Göstərilməlidir ki, vətəndaş hüquqlarını necə müdafiə edib, nəyə nail olmalıdır”.

Əli RAİS,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.