Şeyxin Azərbaycandan qaçan qudası iftar süfrəsi təşkil etdi – FOTO

18-05-2019, 00:11           
Şeyxin Azərbaycandan qaçan qudası iftar süfrəsi təşkil etdi – FOTO
İspaniyanın Madrid şəhərində Azərbaycan icmasının üzvü Əli Evsen tərəfindən iftar süfrəsi təşkil edilib. AzEuroNews.com xəbər verir ki, iftar süfrəsində İspaniya Konstitusiya Məhkəməsinin sədri Xuan Xose Gonzalez Rivas, Kralın Protokol Xidmətinin rəhbəri Alfredo Martinez Serrano, Madrid Kardinalı Karlos Osoro Sierra, sabiq Daxili İşlər naziri Xorxe Fernandez Diaz, Dini Hərbi Tribunal rəhbəri Xuan del Rio, İspaniya Müsəlman İcmasının rəhbəri Riay Tatari, Ortodoks Kilsəsinin nümayəndəsi Metropolit Polikarpo, Baş Prokuror Javier Zaragosa, “La Razon” qəzetinin rəhbəri Fransisko Maruhenda, Türk-İspan Ticarət Palatasının nümayəndəsi Yasemin Korukçu, Türk Hava Yollarının İspaniya nümayəndəliyinin rəhbəri Nüman Çizmeçioğlu, Ali Məhkəmənin hakimi Xavyer Borrego, İspaniya və Türk televiziyalarının çəkiliş qrupları, diplomatik korpus nümayəndələri, iş adamları, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Ümumilikdə 200 nəfərdən çox tanınmış şəxsin iştirak etdiyi iftar süfrəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qonaqları salamlayaraq, Azərbaycan haqqında ümumi məlumat verib, tədbirin İspaniya-Azərbaycan dostluğunun bir nümunəsi olduğunu qeyd edib və qonaqlara Azərbaycan həqiqətləri barədə danışıb.

Məlumat üçün bildirək ki, Əli Evsenin Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın də ortaqlarından biri olub. Qrupa daxil olan şirkətlər arasında “AzSamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də olub. O, 2012-ci ildə Azərbaycandan qaçıb. Dələduzqluqda ittiham olunan iş adamı İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilib. Əli Evsen Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın olan iş adamı Hüseyn Salemi və onun oğlu Halid Salemi ilə birgə ötən ilin yayında çirkli pulların yuyulması, rüşvət və korrupsiya ittihamı ilə əlaqədar İspaniyada həbs edilib. Təxminən bir ay sonra isə günahı sübuta yetirilmədiyi üçün Əli Evsen heç bir girov ödəmədən azadlığa buraxılıb.

Əli Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.