AYB-yə ayrılan 800 min manat hara xərclənir?

18-05-2019, 08:25           
AYB-yə ayrılan 800 min manat hara xərclənir?
Rəşad Məcid: “O klubdan gələn gəlir AYB-də az maaş alan işçilərə, kitab çapına verilir”; Aqil Abbas: “Məndən olsa, oranı restoran və ya yeməkxana edərdim...”
Artıq bir neçə gündür ki, Azərbaycan Yazıçılar Birliyinin balansında yerləşən, kafe kimi icarəyə verilən “Hot Room Club” ətrafında gedən qalmaqal səngimir. Xatırladaq ki, əvvəlcə müxtəlif mətbuat orqanlarında həmin klubda gecə saatlarında striptiz-şou göstərildiyi barədə məlumatlar yayıldı. Nəticədə AYB yenidən qınaq obyektinə çevrildi və bununla bağlı qalmaqal səngiməmiş qurumun mətbuat katibi Xəyal Rza məsələ ilə bağlı olay olacaq açıqlama verdi. Belə ki, o, məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşına danışarkən bildirib ki, striptiz-şou göstərilən klubdan gələn gəlirlə qurumda maaşı az olan əməkdaşlara yardım edilir, yazıçıların kitab təqdimatlarına, çaplarına və digər bu kimi işlərə dəstək verilir:

“Yəni maaşları az olan insanlara əlavə yardım lazım olan zaman həmin vəsaitdən istifadə edirik. Burada aylıq maaşı 180 manat olan insanlar var. Elə mənim özüm də oradan gələn puldan yardım alıram. 2017-ci ildə ”26" kafesi bağlandıqdan sonra biz icarəyə verməyə şəxs tapana qədər maddi problem yaşadıq".

Bu məsələ bir sualı ortaya çıxarır - AYB dövlət tərəfindən bu quruma ayrılan vəsaiti hansı məqsədlər və kimlər üçün xərcləyir?

Öncə onu qeyd edək ki, məlumata görə, 2012-2013-cü illərə qədər hər il dövlət büdcəsindən AYB-yə 500 min manat vəsait ayrılırdı. Lakin sonralar bu vəsait bir qədər də artırılıb. Hazırda qurumun büdcəsi 1 milyondan yalnız bir qədər azdır. Ölkə prezidentinin “Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat vəsait ayrılıb. Beləliklə, quruma birdəfəlik maliyyə yardımı demək olar ki, onun illik büdcəsi dəyərindədir. Bəs niyə bu gün qurumun işçiləri striptiz-şou göstərilən klubdan gələn gəlirin ümidinə qalıb?

Məsələ ilə bağlı AYB-nin mövqeyini öyrənməyə çalışsaq da, qurumun mətbuat katibi Xəyal Rza bu haqda danışmaq istəmədiyini bildirdi.

AYB-nin katibi Rəşad Məcid isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, quruma ayrılan 800 min manatın hansı məqsədlərə yönəldilməsi ilə bağlı mətbuat orqanlarında məlumat yerləşdirilib. Həmin məlumatlarda qeyd olunub ki, bu il AYB-nin 85 illik yubileyi keçiriləcək və vəsait əsasən bu tədbirə yönələcək. Rəşad Məcid gecə klubundan gələn gəlirdən həqiqətən də qurumda maaşı az olan əməkdaşlara yardım edildiyini deyib: “Bildiyiniz kimi, AYB-nin aşağı hissəsindəki klub arendaya verilib. Əvvəllər həmin məkan ”26" adlandığından onu bağlatdırdılar, hay-küy düşdü. Eşitdiyimə görə, bu günlərdə oradan bir video paylaşılıb, o da deyilənə görə, 8 ay bundan əvvəl ora gəlmiş ukraynalı müğənninin performansı olub. Həmin videoya baxmamışam, amma deyilənə görə, deyildiyi qədər də striptiz-şou olmayıb. İndi ora gecə klubudur. Əlbəttə ki, belə klublar şəhərin mərkəzində olanda daha çox pul verirlər. O pul da az maaş alan işçilərə, kitab çapına verilir. Pribaltika ölkələrində də belə bir təcrübə var, araq və siqaretdən gələn gəlirin müəyyən faizi mədəniyyət məsələlərinin təbliğinə sərf olunur".

AYB-nin üzvü, deputat Aqil Abbas isə məsələyə bu cür mövqe bildirdi: “Onu bilirəm ki, AYB maaşı az olan işçilərinə, ehtiyacı olan müəyyən adamlara yardım edir. Qaldı ki, o gecə-klubunun arendaya verilməsi məsələsinə, əgər qurum oranı arendaya veribsə, heç kim buna irad tuta bilməz ki, ”niyə belə etmisiz?" Əvvəl kafeni bağladılar ki, adı “26"dır və sairə. Qaldı klubda striptiz-şou göstərilməsinə, bununla bağlı aidiyyəti qurumlar maraqlanmalıdır ki, orada əxlaqsızlıq var, ya yox? Amma gecə klubu dünyanın hər yerində var. Yəni bir şey olmamış AYB-nin üstünə gəlmək nə dərəcədə doğrudur? Mənim əlimdə imkanım olsa, həmin yeri layiqli bir insana arendaya verib, qurumun bir restoranı, yeməkxanası edərdim. Bu zaman AYB-nin elitası da ora toplaşar, ədəbi bir mühit yaranardı”.

Xatırladaq ki, bir neçə il öncə “Hot Room Club”un yerində “26" kafesi fəaliyyət göstərirdi. 2017-ci ildə sabiq Bakı meri Hacıbala Abutalıbov adıçəkilən kafeni bağlatdırmışdı, səbəb isə kafenin adının ”26" olması ilə əlaqədardır. H. Abutalıbov əsas gətirdi ki, kafenin adı “26 Bakı komissarı”nın ismi ilə bağlıdır. Abutalıbov deyirdi ki, sözügedən məkan əvvəllər fəaliyyət göstərmiş Məmməd Arif Dadaşzadə adına kitabxanaya, eyni zamanda görkəmli Azərbaycan şair və yazıçıları olan Hüseyn Cavid, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza və digər bu kimi dahi şəxsiyyətlərin tarixi izlərinin olduğu “Natəvan” klubuna aiddir: “Belə bir yerdə əxlaqsız gecə klubu olan ”26-lar" kafesinin fəaliyyət göstərməsi bu dahi şəxslərin ruhuna və Azərbaycan xalqına hörmətsizlikdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.