Yerli qəzetlər və Rusiya bazarında Azərbaycan pomidorunun kiçik sirri ...

18-05-2019, 10:53           
Yerli qəzetlər və Rusiya bazarında Azərbaycan pomidorunun kiçik sirri ...
Nicat Nəsirli: “Ölkə qəzetlərinin taxta yeşiklərə düzülərək pomidorun qablaşdırılması alıcını inandırmaq üçün istifadə olunan bir metoddur”
Azərbaycanın ixrac məhsulları arasında mühüm yer tutan, “qırmızı qızıl” adını alan pomidorun ən çox satıldığı xarici ölkə məhz Rusiyadır. Bu ölkə vətəndaşları artıq uzun illərdir ki, Azərbaycan pomidorunun dadına öyrəşiblər. Brendləşmə getməsə belə, tələbat elə çoxdur ki, bir çox ölkələr öz məhsullarını Azərbaycan pomidoru adı ilə satırlar. Lakin ixracla məşğul olan həmyerlilərimiz kiçik hiylələrə də əl atırlar ki, onlardan biri də pomidor yeşiklərinin altına yerli qəzetləri düzməkdir. Onların sözlərinə görə, bir çox tanınmış Azərbaycan qəzetlərinin satılmamış hissələrini almaqla yeşiklərə düzürlər. Rusiya alıcısı məhz həmin qəzetləri gördükdən sonra psixoloji olaraq məhsulun Azərbaycana aid olmasına inanır.

Kənd təsərrüfatı eksperti Nicat Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, köhnə üsulla qablaşdırma Azərbaycan məhsullarının seçilməsi üçün istifadə olunan bir variantdır: “Rusiya Azərbaycanın ənənəvi bazarı sayılır. 70 ildən çoxdur ki, Azərbaycanın bir çox məhsulları Rusiya bazarında özünə mövqe qazanıb. Hazırda Rusiyanın böyük topdansatış bazarlarında Azərbaycan pomidoruna böyük maraq var. Mən Rusiya paytaxtı Moskvada yox, digər şəhərlərində və bölgələrində də görmüşəm ki, bazarlarda Azərbaycan pomidoru adı ilə bizim məhsullar xüsusi olaraq təqdim olunur. Mən bir çox pomidor istehsalçıları ilə söhbət etmişəm. Onlar xüsusi olaraq həmin qablaşdırmanı, qəzetləri saxlayırlar. Mən etiraz edirdim ki, niyə müasir qablaşdırmadan istifadə etmirlər. Onlar bildirdilər ki, bu yerli qəzetlər, taxta yeşiklərlə qablaşdırma alıcını inandırmaq üçün istifadə olunan bir metoddur”.

Ekspertin müşahidələrinə görə, taciklər, özbəklər və digər ölkələrin vətəndaşları öz ölkələrindən gətirdikləri pomidoru Azərbaycan bayrağı yapışdıraraq, etiketləyərək satırlar: “Bu da onu sübut edir ki, bizim məhsula Rusiya bazarında tələbat böyükdür. Rusiyada orta yaşlı nəsil Azərbaycan məhsullarını çox yaxşı tanıyır. Zirə pomidoru, Şəmkir pomidoru Rusiyada ad olaraq çox məşhurdur. Bu da xarici bazarda brend formalaşdırmaq üçün çox ciddi əsas yaradır. Azərbaycan pomidoru brendini öz üzərimizə götürərək, Rusiya bazarında uzun müddət mövqelərimizi qoruyub saxlaya bilərik. Pomidor istehsalında vəziyyət normaldır. Ölkənin pomidora olan tələbatı ötən ilin statistikasına görə, 420-430 min ton arasındadır. Ancaq hər il 650-700 min tona çatan göstəricilər əldə olunur. Tələbatdan dəfələrlə artıq istehsal olunur. O sahədə mövqelərimiz əladır, ötənilki nəticəni bilirsiniz. Pomidor ixracda lider oldu. Son illər pomidorun sənaye üsulu ilə istehsalına da maraq artıb. Xüsusən Bakı kəndlərində, bəzi regionlarda bioloji becərmə üsullarından istifadə edilir, yəni tozlandırma aralarından, xüsusi gübrələrdən istifadə edərək ənənəvi dadın bərpa olunması istiqamətində sahibkarlarımız istixanalar açırlar. Həmçinin dad və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı selektiv işlər aparırlar. Çox müasir istixanalarımız var. Digər ölkələr bizimlə rəqabətdə uduzurlar, əsas səbəb isə iqlim şəraitidir. Orada istehsal prosesi tam sənayeləşib. Bu müsbət bir hal olsa da, məhsulun təbii dadının itməsinə səbəb olur”.

N.Nəsirli vurğuladı ki, Azərbaycanda xarici bazar strategiyaları üzərində iş aparılmalıdır: “Mövsüm ərzində dəfələrlə belə hallarla rastlaşırıq ki, müxtəlif ölkələr Azərbaycan adından istifadə edərək məhsullarını satırlar. Çünki bazarda boşluq var, Azərbaycan pomidoruna münasibətdən istifadə edərək məhsullarını satırlar. Bir çox hallarda bu bizim məhsula inamı azaldır, mən özüm də Rusiya bazarlarında görmüşəm ki, şübhə ilə yanaşırlar. Buna görə də biz xarici bazar strategiyaları üzərində işləməliyik. Bütün dünyada olan bir sahə var ki, o bizdə yoxdur. Bu aqromarketinqdir. Biz mütləq məhsullarımızın marketinqini qurmalıyıq. Bazarlarda öz məhsulumuzun göstəricilərini, dadını təbliğ etməliyik, dequstasiya mərasimləri təşkil olunmalıdır. Son vaxtlar ixrac missiyaları təşkil olunur, onların əsas məqsədi Azərbaycan məhsullarının, xüsusən də şərab məhsulları ilə bağlı dequstasiyaların keçirilməsi olur. Çünki bu dad damaqda qalan, gen yaddaşında qalan bir hissdir. Onu davamlı şəkildə aparmalıyıq. Yoxsa bunu yalnız pomidor yetişəndə ediriksə, bazardakı mövqelərimizi itirəcəyik”.

Bəzi hallarda Rusiyadan tonlarla məhsulumuzun geri qaytarılmasına gəlincə, N. Nəsirli bildirdi ki, son vaxtlar regionlarda sənaye üsulu ilə tikilən istixanalar var ki, onların idarə olunmasında ciddi problemlər mövcuddur: “Orada məhsulun yetişdirilməsində nitrat tərkibli mineral gübrələrdən normadan artıq istifadə edirlər. Bu elə bir maddədir ki, məhsulun analizində mütləq özünü göstərir. Bu faktdır, inkar edə bilmərik. Son bir neçə ildə Salyan rayonunda satılan istixanaların məhsulları nəinki xarici bazarlara gedib çıxa bilmir, daxili bazarda da rəğbət görmür. Bu problemin səbəbləri kadr çatışmazlığıdır, Azərbaycana dərman gətirən şirkətlərin özbaşınalığı faktı var. Dərmanlar normaya uyğun tətbiq olunmur. Digər amil isə bizim istehsalçılarımızın məlumatsızlığıdır ki, ağızdan-ağıza eşitdikləri dərmanı alıb tətbiq edirlər. Nəticədə onun keyfiyyətinə təsir edir. Bu gün istixanalarımızda təkcə mineral gübrələrin verilməsi ilə bağlı deyil, eyni zamanda istixananın, toxumçuluğun təşkil olunması, məhsulun qablaşdırılması və sairlə bağlı çox ciddi problemlər var”.

Pomidorlar ixrac olunan tərəvəz məhsulları arasında birinci yeri tutur. Qeyd edək ki, cari ilin 3 ayında 49 milyon 644 min dollar dəyərində, 41 milyon 872 ton pomidor ixrac olunub.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.