“Sovetski”nin bitməyən kompensasiya davası

21-05-2019, 08:38           
“Sovetski”nin bitməyən kompensasiya davası
Sakinlər hesab edirlər ki, kompensasiyanın məbləği 2 min manata qaldırılmalıdır
Bakının “Sovetski” kimi tanınan məhəlləsində yenidən sakinlər narazılıq edirlər. Uzun müddətdir söküntü prosesinin davam etdiyi məhəllədə, yenə də ənənəvi kompensasiya problemi yaşanır. Sakinlər bildirirlər ki, onlara verilən kompesasiyanın miqdarı çox aşağıdır. Rəsmilər isə belə düşünmürlər.

Mayın 18-də Bakıda ərazidə yerləşən evlərin sakinləri aksiya keçirməyə cəhd göstəriblər. Sakinlər evlərin sökülməsinə görə onlara verilən kompensasiyasının məbləğindən narazıdırlar.

Onlar Yasamal Rayon İcra Hakimiyyətinin başçısının gəlməsini tələb ediblər və vurğulayıblar ki, evlərin 1 kvadratmetrinə görə 1500 manat kompensasiya azdır: “Biz Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda da olmuşuq. Lakin müraciətimizə baxmırlar. Evlərimiz balacadır. 1 kvadratmetrinə görə 1500 manat çox azdır. Demək olar ki, heç nədir. 30 min manat pulla biz nə ala bilərik? Kimə müraciət edirik, deyirlər dövlət əhəmiyyətli yerdir, çox pul verə bilmirik” - deyə, narazı sakinlər bildiriblər.

Əraziyə polis əməkdaşları cəlb edilib və aksiya keçirənlər sakitləşdirilib.

“Sovetski” sakini Rəsul Əmirov “Yeni Müsavat”a bildirib ki, illərdir ərazidə söküntü işləri gedir. O söyləyib ki, toz əlindən ərazidə qala bilmirlər, kompensasiya az olduğu üçün isə köçmək istəmirlər: “Burada 2014-cü ildən söküntü işləri gedir. Hər il elan edirlər ki, söküntünün filan mərhələsi başladı. Ancaq illər dəyişsə də, verilən kompensasiyanın miqdarı yerində qalıb. Nəzərə almırlar ki, bu illər ərzində tikinti materialları bahalaşıb. Bu gün Qaradağ daşının qiyməti 50 qəpiyə yaxındır. İllər öncə daşın qiyməti heç 40 qəpik deyildi. Eləcə də bu gün sement 7 manatdır. Əvvəllər 5 manat 50 qəpik idi. Taxta iki dəfə bahalaşıb. Dəmir də bahadır. Bəs, bu qədər bahalıqla şəhərin mərkəzində olan evin kvadratına nə üçün 1500 manat verilir? Narazılıq edənlər evlərinin kvadratı az olanlardır. Çünki məsələn, 20 kvadrat evi olan adama bu pul sərf eləmirsə, 100 kvadrat evi olana sərf edir. Ona görə də xahiş edirik ki, kompensasiya məsələsinə yenidən baxılsın və camaatı çətin duruma salmasınlar. Onsuz da bu ərazini illərdir ki, çəpərləyiblər. Camaat sanki türmədə yaşayır. Bir yandan toz, digər yandan də səs-küy... Xəstəsi olan ailələrin çoxu kirayə mənzillərə çıxıb. Çünki artıq ərazidə yaşamaq mümkün deyil. Səhər evi təmizləyirlər, axşam tozun içərisində olur. Bütün günü tikintidən toz qalxır. Camaatın da narazılığı bundandır”.

Məlumat üçün qeyd edək ki, “Sovetski” deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb və sökülüb. “Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb.

2018-ci ildə “Sovetski”də söküntünün ikinci dalğası başlayıb. İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur. “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb. 6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılıb. Sökülən evlərə görə sakinlərə hər kvadrata 1500 manat olmaqla kompensasiya ödənilib.

Qeyd edək ki, hər iki mərhələdə kompensasiyanın məbləği ilə razılaşmayan ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib. Sakinlər ən azı hər kvadrat üçün 2 min manat istəyirlər.

Bu ilin mart ayında ONA-nın sorğusuna əsasən Nazirlər Kabineti məlumat yaydı ki, verilən kompensasiya məbləğində hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb:

“Nazirlər Kabinetinin 2018-ci il fəaliyyəti haqqında hesabatda bildirilib ki, Bakı şəhərinin Yasamal rayonu - Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 800 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınır”.

Müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla mənzilin əsas və köməkçi sahələrinin hər kvadratmetri üçün son hədd 1500 manat, digər sahələr üzrə isə bir kvadratmetr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300-1200 manat arasında qiymət təklif edilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir", - hesabatda qeyd olunub.

Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov demişdi ki, “Sovetski” ərazisinin yenidən qurulması ilə bağlı xüsusi plan hazırlanır. Bu planın nədən ibarət olması isə hələ ki məlum deyil...

Əli Rais,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.