Çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ! - Bu xəbəri MÜTLƏQ OXUYUN!

18-06-2019, 16:57           
Çimərliyə getmək istəyənlərin DİQQƏTİNƏ! - Bu xəbəri MÜTLƏQ OXUYUN!
Azərbaycanda çimərlik mövsümü başlayıb.

Yay aylarında insanların istirahət üçün daha çox üz tutduğu yerlərdən biri də çimərliklərdir. Çimərliklərlə bağlı ən çox müzakirə olunan məsələ isə təhlükəsizlik qaydalarıdır.

Çimərlikdə təhlükəsizlik qaydalarına necə əməl etmək lazımdır?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, çimərliyə gedərkən öncəliklə hava şəraiti nəzərə alınmalıdır:

“Günün qaranlıq saatları, yağışlı, buludlu və küləkli havada dənizə getmək məqsədəuyğun deyil. Saat 12:00-16:00 aralığında dənizə getmək tövsiyə olunmur. Eyni zamanda, dövlət tərəfindən qadağan olunmuş çimərliyə getmək məsləhət görülmür. Çünki qadağan olunmuş çimərliklərdə təhlükəsizliklə bağlı heç bir iş görülməyib. Ümumilikdə isə çimərliyə tək getmək məsləhət görülmür.

Çimərliyə gedərkən aparılan qidalara diqqət etmək lazımdır.

Yağlı və konservləşdirilmiş qida məhsullarından istifadə etmək tövsiyə olunmur. Eyni zamanda, çimərlikdə spirtli içki qəbul etmək yolverilməzdir. Spirtli içki qəbul edən şəxsin batma təhlükəsi daha yüksəkdir. Həmçinin, bu şəxsləri gün daha tez vurur. Nəticədə bədbəxt hadisə yaşana bilər.

Uşaqlar çimərlikdə nəzarətsiz buraxılır.

Valideynin etdiyi ən böyük səhvlərdən biri uşaqlara diqqət etməməsidir. Halbuki, uşaqlar daim nəzarətdə olmalıdır. Baş verən bədbəxt hadisələrin əksəriyyəti sahildən çox uzaqlaşmaqla bağlıdır. Xüsusən də gənclər daha uzaq məsafəyə üzməklə bağlı bəhsə girirlər. Çimərlikdə üzməyi idman növünə çevirmək lazım deyil. Sahilə perpendikulyar deyil, paralel üzmək məqsədəuyğundur. Dənizdə üzə bilməyənlər sinəyə qədər suya girə bilərlər, üzə bilənlər isə mövcud qaydalara riayət etməlidirlər. Dənizdə sahildən uzaqlaşmamaq üçün nəzərdə tutulmuş təhlükəsizlik şarlarını keçmək olmaz. Qadağanedici şarları keçmək, vətəndaşların özləri ilə hava şarları, katamaran, skuter və motorlu su qayıqları gətirib, suya salması qadağandır.

Dənizə girmədən öncə su axınlarına diqqət etmək lazımdır.

Dənizdə “su axını” deyilən təbii hadisələr baş verir. Su axını zamanı dəniz suyu ağımtıl rəngdə olur və köpüklər əmələ gəlir. Su axınlarının eni 3-5 metr, uzunluğu isə 55-60 metr aralığında ola bilər. Axına düşəndə panika yaşamaq ölümə səbəb olur. Ona görə də panikadan uzaq olmaq vacibdir. Nəzərə almaq lazımdır ki, axının müddəti 3-5 dəqiqə çəkir. Axına paralel 5-6metr sağ və ya sola üzləməklə, təhlükəli vəziyyətdən çıxmaq mümkündür.

Bu xəstəliyi olan şəxslərin çimərliyə getməsi üçün həkim məsləhəti vacibdir.

Xəstəliyi olan bəzi şəxslər dənizə getmədən öncə, həkimlə məsləhətləşməlidir. İnsanda qıcolma, ürəktutma, günün təsirindən huşunu itirmək və keçici xəstəlik varsa, həkim məsləhəti olmadan dənizə getməsi düzgün deyil.

İstifadəyə yararlı çimərliklərdə təhlükəsizlik qaydaları qənaətbəxşdir.

Dövlət tərəfindən icazə verilən çimərliklərdə təhlükəsizlik FHN-nin Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən təmin olunub. Onlar çimən şəxslərə nəzarət edir, batma və ya boğulma kimi təhlükəli hallara müdaxilə edirlər. Hətta bu çimərliklərdə ilkin təcili tibbi yardımbriqadalar mövcuddur. Bu briqadalar Bakının 16 çimərliyində vətəndaşlara xidmət göstərir. Hər hansısa şəxsə ilkin tibbi yardım etmək lazımdırsa, dərhal müdaxilə olunur”.

Qeyd edək ki, dəniz mövsümü iyunun 15-dən etibarən açıq elan edilib.

Gülşən Şərif / Redaktor.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.